Niderlandın Haaqa şəhərindəki məhkəmə Çinin BYD şirkətinin Ti7 modelinin Avropa İttifaqında satışını qadağan edib. Qərara səbəb avtomobilin dizaynının “Land Rover Defender”ə həddən artıq bənzəməsidir.
Tacxeber.com “Euronews”a istinadən xəbər verir ki, məhkəmə Ti7-nin “Defender L663” modelinin hüquqi cəhətdən qorunan dizayn elementlərini təkrarladığı qənaətinə gəlib. Bunlara kuzovun üst yan hissələrinin forması, yumrulaşdırılmış künclər, təkər tağları və ümumi siluet daxildir.
Qərar Ti7-nin bütün Aİ ərazisində idxalını, istehsalını, anbarda saxlanmasını və satışını qadağan edir. Model hələ Aİ bazarında satışa çıxarılmayıb.
Qadağa Böyük Britaniyaya şamil olunmur. Avtomobilin bu ölkədə tədarükünə yanvarda başlanması gözlənilir.
BYD qərarla razılaşmadığını və apellyasiya şikayəti verəcəyini açıqlayıb. Şirkət Ti7-nin müstəqil dizayn işi olduğunu və “Jaguar Land Rover”in hüquqlarını pozmadığını bildirir.
