İranda qış aylarında 11 əyalətin qaz təchizatında çətinliklərlə üzləşəcəyi gözlənilir. Vəziyyətin xüsusilə Mazandaran, Gilan və Şimali Xorasan əyalətlərində ağır olacağı bildirilir.
Tacxeber.com “Iran International”a istinadən xəbər verir ki, noyabrın 20-də yayımlanan təhlildə ölkənin gündəlik qaz kəsirinin ötən qışdakı təxminən 300 milyon kubmetrdən bu qış 430 milyon kubmetrə yüksələ biləcəyi qeyd olunur.
Nəşrin İran rəsmilərinə istinadən məlumatına görə, müharibə zamanı Əsəluyədəki qaz emalı obyektlərinin zədələnməsi istehsalı azaldıb. Bəzi müəssisələr bərpa olunsa da, istehsal əvvəlki səviyyəyə çatmayıb.
Mümkün fasilələrə hazırlıq məqsədilə bəzi əyalətlərdə 60 milyon litr ağ neft, elektrik stansiyaları üçün isə 3,2 milyard litr dizel və mazut ehtiyatı yaradılıb.
Təhlildə vurğulanır ki, əhalinin qışda artan tələbatını ödəmək üçün sənaye müəssisələrinə və elektrik stansiyalarına qaz verilişi məhdudlaşdırıla bilər. Alternativ yanacaqlara keçid imkanlarının zəifliyi isə çatışmazlığın aradan qaldırılmasını çətinləşdirir.
