Hadisə

Bakı Dövlət Universitetinin dosenti Nərman Süleymanov (Qocatürk) noyabrın 18-də yaşadığı evdə ölü tapılıb

59 yaşlı müəllimin meyiti Yasamal rayonundakı mənzilində aşkarlanıb. Hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. Ölümün səbəbi hələlik açıqlanmayıb.

Nərman Süleymanovun ölümü onun barəsində keçmiş tələbələrin cinsi qısnama iddialarının yayıldığı vaxta təsadüf edib.

Noyabrın 16-da “Arqument Az” BDU-nun keçmiş tələbələrinin şikayətlərini yayımlayıb. Müraciətdə müəllimin qadın tələbələrlə etibarlı münasibət quraraq onları intim münasibətlərə cəlb etməyə çalışdığı iddia olunub. Şikayət müəllifi oxşar hallarla üzləşən azı altı nəfərin olduğunu bildirib.

Keçmiş tələbələr həmçinin müəllimin tələbələri şəxsi mənzilinə dəvət etdiyini, intim xarakterli yazışmalar apardığını və bəzi tələbələrə imtahanlarda əsassız yüksək qiymətlər verdiyini iddia ediblər.

Sayt tələbələrin təqdim etdiyi elektron məktub görüntülərini də yayıb və yazışmalarda istifadə olunan elektron poçt ünvanının BDU-nun rəsmi saytında Nərman Süleymanova aid ünvanla uyğun gəldiyini bildirib.

Səsləndirilən ittihamlar müstəqil şəkildə təsdiqlənməyib. BDU rəhbərliyi və Nərman Süleymanov material yayımlananadək göndərilən sorğulara cavab verməyib.

Müəllimin ölümündən bir gün sonra, noyabrın 19-da Prezident İlham Əliyev BDU-nun rektoru Elçin Babayevi vəzifəsindən azad edib. Digər sərəncamla Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə universitetin yeni rektoru təyin olunub.

Nərman Süleymanovun həyat yoldaşı Şərəf Cəlili ərinin “bir rektorun qurbanı” olduğunu iddia edib, lakin bu fikri əsaslandıran məlumat açıqlamayıb.

Bəzi tələbələr də rektor dəyişikliyini müəllimin ölümü ilə əlaqələndirirlər.

Lakin hazırda Nərman Süleymanovun ölümü, keçmiş tələbələrin cinsi qısnama iddiaları və BDU-da rektor dəyişikliyi arasında hər hansı səbəb-nəticə əlaqəsi rəsmi olaraq təsdiqlənməyib. (Meydan TV)

 

Tacxeber.com

Oxşar xəbərlər

Faciələrin qarşısını necə ala bilərik?

redaktor

Krım körpüsünə hücum Rusiya–Niderland gərginliyi yaradıb

admin

İstanbulda 2006-cı ildə itkin düşən iranlı general barədə yeni iddia: Mossad oğurlayıb öldürüb

admin