Krım yarımadasını Rusiya ilə birləşdirən Kerç körpüsünə noyabrın 16-dan 17-nə keçən gecə yenidən hücum edildiyi bildirilir.
Tacxeber.com Reuters agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Krıma təyin etdiyi rəhbər Sergey Aksyonov körpünün Ukrayna qüvvələri tərəfindən vurulduğunu və nəqliyyatın hərəkətinin dayandırıldığını açıqlayıb. Bu, körpüyə ardıcıl ikinci gecə edilən hücumdur.
Əvvəlki hücum noyabrın 16-na keçən gecə baş vermişdi. Rusiya rəsmiləri həmin hücumun yaratdığı zərəri kiçik adlandırmış, axşam saatlarında avtomobillərin bir zolaq üzrə növbəli hərəkətinin bərpa olunduğunu bildirmişdilər.
Yeni hücumun vurduğu zərərin miqyası hələ müstəqil təsdiqlənməyib. “The Kyiv Independent”in ilkin məlumatına görə, Ukrayna rəsmiləri hücumla bağlı açıqlama verməyiblər.
Kerç boğazı üzərindən keçən 19 kilometrlik körpü Rusiya ilə işğal altındakı Krım arasında mühüm nəqliyyat və təchizat marşrutudur.
