Avropa İttifaqının bir sıra xarici işlər nazirləri Ukraynada atəşkəs əldə olunmadan Rusiya ilə Avropanın gələcək təhlükəsizlik sistemi barədə danışıqlara başlamağı tez hesab edirlər.
Tacxeber.com Reuters agentliyinə istinadən xəbər verir ki, noyabrın 16-da Brüsseldə keçirilən görüşdə nazirlər Moskvanın sülh niyyətini konkret addımlarla göstərməli olduğunu bildiriblər.
Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasın mövqeyinə görə, digər məsələlərin müzakirəsindən əvvəl döyüşlər dayandırılmalı və Rusiya tərəfindən güzəştlər olmalıdır. Litvanın xarici işlər naziri Kestutis Budris isə indiki şəraitdə təhlükəsizlik danışıqlarının Moskvaya siyasi üstünlük qazandıra biləcəyindən narahatlığını ifadə edib.
Rusiya rəsmiləri isə Ukrayna müharibəsinin konkret məsələlərindən əvvəl Avropanın təhlükəsizliyi üzrə geniş razılaşmanın müzakirəsini istəyirlər.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, yaxın zamanda Rusiyanın həqiqətən danışıqlar aparmaq, yoxsa sadəcə vaxt qazanmaq istədiyi aydınlaşacaq.
