Noyabrın 16-na keçən gecə Ukrayna dronları Rusiyanın Rostov vilayətinə hücum edib. Azov şəhərində üç nəfər yaralanıb. Vilayət qubernatoru Yuri Slyusarın sözlərinə görə, Azovda ümumilikdə dörd istehsalat obyektində yanğın baş verib.
Ukraynanın “Exilenova+” və “Supernova+” monitorinq kanalları Azovda neft bazasının yandığını yazıblar.
Rusiyanın ilhaq etdiyi Krıma başçı təyin etdiyi Sergey Aksyonov Krım körpüsünə zərbə endirildiyini təsdiqləyib. Bundan əvvəl Telegram-kanallar yerli sakinlərə istinadla körpüyə hücum olduğunu xəbər vermişdilər.
Körpü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, Kerç şəhərində operativ qərargah yaradılıb.
Moskvanın meri Sergey Sobyanin isə paytaxta yaxınlaşan 191 dronun vurulduğunu bildirib.
Rusiya Müdafiə Nazirliyi bir sıra vilayətlər, eləcə də Azov və Qara dənizlərin akvatoriyaları üzərində Ukraynaya məxsus 1336 dronun zərərsizləşdirildiyini açıqlayıb.
Rusiya da Ukraynanın bir sıra vilayətlərinə hücum edib, ölən və yaralananlar var.
Noyabrın 16-da səhər saatlarında Rusiya ordusunun Dnepr şəhərinə təkrar zərbə endirməsi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb.
Rusiya dronları Dnepropetrovsk vilayətinin altı rayonuna təxminən 20 dəfə hücum edib. Dnepr şəhərində nəqliyyat infrastrukturu, fərdi yaşayış evləri və çoxmənzilli binalar zədələnib, bir qadın xəsarət alıb.
Dnepropetrovsk, Zaporojye və Vinnitsa vilayətlərinə endirilən zərbələr nəticəsində də xəsarət alanlar var. Zaporojyedə bir nəfər həlak olub, dörd nəfər yaralanıb.
Kiyev Rusiyanın ötən gecə Ukraynaya 158 dron buraxdığını bildirir. (AzadlıqRadiosu)
