“Meydan TV işi” üzrə həbsdə olan jurnalist, “Arqument” saytının baş redaktoru Şəmşad Ağanın (Ağayev) səhhətindəki problemlər ağırlaşıb. Ailəsi onun təcili əməliyyat olunmasına şərait yaradılmasını istəyir. Bu barədə Meydan TV-yə jurnalistin qardaşı məlumat verib.
Onun sözlərinə görə, Şəmşad Ağanın öd kisəsində ölçüsü 9–10 millimetr arasında olan daş aşkarlanıb. Jurnalist tez-tez kəskin ağrı tutmalarından əziyyət çəkir.
Qardaşı bildirib ki, Şəmşad Ağa həkim müayinəsindən keçirilib və öd kisəsindəki daşın cərrahi müdaxilə ilə çıxarılması zəruri hesab olunub.
Lakin ailənin sözlərinə görə, Penitensiar Xidmətin müalicə müəssisəsində onlara jurnalistin yalnız öz hesablarına əməliyyat oluna biləcəyi bildirilib: “Qardaşım Şəmşad Ağanın sağlamlıq vəziyyətindən ciddi narahatıq və əməliyyatın gecikdirilməməsini istəyirik”.
Hazırda əməliyyatın nə vaxt keçiriləcəyi və jurnalistin lazımi tibbi yardımla təmin olunub-olunmayacağı məlum deyil.
Şəmşad Ağa 2025-ci il fevralın 5-də “Meydan TV işi” üzrə saxlanılıb. O, əvvəlcə qaçaqmalçılıqda ittiham olunub, sonradan cinayət işi üzrə ittihamlar ağırlaşdırılıb.
Meydan TV-nin də redaktoru olan jurnalist ittihamları qəbul etmir, həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.
