DünyaHadisəMaraqlıSiyasət

Çexiyada yüz minlərlə insan toplaşdı, burada bizim üçün dərs nədən ibarətdir?

Bu gün Praqada, Letná təpəsində yüz minlərlə insan toplaşdı.

Nə baş verir?

Babiş (ANO) hökuməti ictimai yayımçıların, yəni Çex Televiziyası və Çex Radiosunun abunə haqlarını ləğv edib onları dövlət büdcəsinə keçirmək istəyir. Hökumət bunu vətəndaşların yükünü azaltmaq kimi təqdim edir. Amma qanun layihəsi ilk oxunuşdan gecə saat 4:36-da, gözlənilmədən keçirildi. Dünya siyasət təcrübəsi də göstərir ki, xalqın ziyanına olan qanunlar adətən gecənin qaranlığında, tələsik orataya çıxır.

Əslində məsələ maliyyələşmə yox, asılılıq məsələsidir. Çexiyanın ən sevilən mədəniyyət simalarından biri,Zdeněk Svěrák bunu sadə dillə belə izah edir: insanlar yenə də öz cibindən ödəyəcək, sadəcə vergi kimi. Fərq ondadır ki, o zaman media azad olmayacaq, itaətkar və əhliləşdirilmiş olacaq. Pulu kim paylayırsa, son sözü də o deyir. Büdcədən maliyyələşən jurnalist sabah hökuməti tənqid etməzdən əvvəl iki dəfə düşünəcək.

Çexlər niyə küçədədir?

Çünki onlar azadlığın pulsuz olmadığını bilirlər. 1989-cu ilin noyabrında bu xalq açarlarını cingildədərək rejimi yıxdı. 17 noyabr, yəni Məxməri İnqilabın ildönümü iki gün sonradır. Tələbələr universitetlərdən yürüş edir, aktyorlar səhnədən, idmançılar meydandan, jurnalistlər efirdən səs verir. Çex Televiziyası və Radiosu tarixdə ilk dəfə tətil etdi. Bu cəmiyyət demokratiyanı kimsə ona hədiyyə etdiyi üçün yox, onu özününkü saydığı üçün qoruyur.

Bizim üçün dərs nədir?

Avtoritarizm heç vaxt bir gecədə gəlmir. O, tanklarla yox, prosedur dəyişiklikləri, “texniki” qanunlar, “səmərəlilik” bəhanələri ilə gəlir. Bu gün ictimai televiziyanın maliyyəsi, sabah məhkəmələr, o biri gün seçki qaydaları. Hər addım ayrılıqda kiçik görünür. Ona görə də insanlar “məni aid deyil” deyib susur.

Avtoritarizm laqeydlikdən qıdalanaraq yaranır və güclənir. Bunun ən bariz nümunəsi elə Azərbaycandır. Müstəqillik qələbəsindən sonra cəmiyyət finişə çatdığını düşündü və bu uğura demokratik imkanlar sayəsində nail olduğunu dərhal unutdu.

Çexlər isə bunun əksini xatırladır: demokratiya bir dəfə qazanılıb sonra rəfə qoyulan kubok deyil. O, hər gün yenidən müdafiə olunmalı olan bir vərdişdir. Bunu bacaran cəmiyyətlər azad qalır. Bacarmayanlar isə bir gün oyanıb azadlığın səssizcə əllərindən alındığını görür.

Bu gün Çex cəmiyyəti demokratiyaya layiq və qadir olduğunu nümayiş etdirir. Bu iradə ən böyük alqışa layiqdir.

 

Paylaşdı: Elman Fəttah

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Yəmən müharibəsi haqda

redaktor

Azərbaycan Tibb Universiteti məlumat yayıb

redaktor

Trampın Ərəb ölkələri ilə biznes əlaqələri araşdırılacaq

redaktor