Sentyabrda “Ənsarallah” Bab əl-Məndab boğazına qədər Qırmızı dənizin sahil zolağını ələ keçirmişdi. Lakin bu dar zolaqdan şərqə doğru ərazilər hökumət qüvvələrinin nəzarətində idi. Bu da husilər üçün təhlükə yaradırdı. 5 oktyabrda məhz buna görə hökumət qüvvələri qısa müddətə Moxa şəhərini geri qaytara bilmişdilər. Bab əl-Məndaba etibarlı nəzarət etmək üçün husilər mütləq zolağı genişləndirməli idilər.
14 noyabrda “Ənsarallah” buna nail ola bildi. Strateji əhəmiyyətli Taiz şəhərini mühasirəyə aldıqdan sonra husilərin bir hissəsi cənuba – Ədən körfəzinə doğru irəliləyərək, sahilə çatdı və hökumət qüvvələrini mühasirəyə aldı (1-ci xəritədə “2” ilə göstərilib). Daha böyük miqyasda 2-ci xəritədə göstərilib. İnternetdə yerləşdirilmiş videolara əsasən, Hökumət qüvvələri mühasirənin yaxınlaşmasından panikaya düşərək, döyüş meydanından qaçıblar. Qaçarkən onalrın atdıqları böyük həcmdə silah-sursat və çoxlu zirehli texnika husilərə qənimət kimi qalıb.
Vaxtında qaçamağa imkan tapmayanlar mühasirəyə düşüblər. Husilər artıq onlara təslim olmağı təklif ediblər və bunu edən hər kəsi azad edəcəklərinə söz veriblər. Husilər sözlərinə əməl edir və təslim olanları tərksilah edib, azad buraxırlar. Yəqin ki, burada da mühasirəyə düşənlər təslim olmağı üstün tutacaqlar.
Beləliklə, husilər Bab əl-Məndəb boğazının ən dar nöqtəsindəki mövqelərini möhkəmlətdilər və Ədənə hücum etmək üçün yaxşı mövqe qazandılar. Hökumət də bunu başa düşür deyə boğaz yaxınlığından qaçan bütün qüvvələrini Ədənin möhkəmləndirilməsinə cəlb edir.
Husilər həmçinin Mərib şəhərini azad etmək əməliyyatlarını davam etdirirlər. Hələlik oradakı antihusi qüvvələrinin müqavimətini qıra bilməyiblər (1-ci xəritədə “1” ilə göstərilib). Amma bu da yalnız zaman məsələsidir. Məribin ələ keçirilməsi “Ənsarallah” üçün çox vacibdir. Yəmənin ən böyük elektrik stansiyası, ölkənin maye qaz (LNG), dizel və benzinə olan daxili tələbatının böyük hissəsini təmin edən neft emalı zavodu burada yerləşir. Qırmızı dəniz sahilindəki Ras İsa neft terminalına və Ədən körfəzindəki Bəlhaf LNG terminalına gedən əsas ixrac kəmərləri məhz Məribdən başlayır.

