Cəmiyyət

Pensiyaçı Sahil Babayevin elan etdiyi artımdan razı ola bilərmi?

Maliyyə naziri Sahil Babayevin çıxışı bir tərəfdən ümidverici səslənir, digər tərəfdən isə çoxlu sual doğurur. Ortada konkret rəqəm yoxdur, yalnız “inflyasiyadan yüksək olacaq” vədi var. Pensiyaçı isə vədlə yox, rəqəmlə yaşayır.

Nazirin əsas arqumenti belədir: indeksasiya orta əməkhaqqı artımına bağlıdır, cari dövrdə bu artım 7-8 % ətrafındadır, gələn il üçün inflyasiya proqnozu isə 5,3 %-dir. Kağız üzərində real artım təmin olunur. Lakin burada ciddi problem var: rəsmi inflyasiya göstəricisi ilə pensiyaçının gündəlik xərcləri arasında çox vaxt böyük fərq yaranır. Pensiyaçının büdcəsinin əsas hissəsi ərzaq, dərman və kommunal xərclərə gedir. Bu qalemlərdəki bahalaşma isə ümumi inflyasiyadan xeyli yüksək hiss olunur. Yəni 5,3 % rəsmi rəqəmdirsə, bazarda və aptekdə hiss olunan qiymət artımı bundan fərqli ola bilər.

İkinci məsələ başlanğıc səviyyədir. Faiz artımı kiçik məbləğə tətbiq olunanda nəticə də kiçik olur. Pensiyaların xeyli hissəsi minimum yaşayış həddinə yaxındır. Belə olan halda 8-9 % artım, ayda cəmi bir neçə on manat deməkdir ki, bu da son illərdə baha olan həyat şəraitini kompensasiya etmir. Nazir son beş ildə indeksasiyanın orta hesabla 9 % olduğunu deyir, amma bu illər ərzində qiymətlərin ümumi yığılmış artımı da nəzərə alınmalıdır. Pensiyaçının gəlir itkisi bir illik yox, illər üzrə toplanmış göstəricidir.

Üçüncüsü, “böyük sosial paket” ifadəsi hələ boş çərçivədir. Vəsaitin büdcədə ehtiyat kimi nəzərdə tutulması müsbətdir, amma bu pulun hansı hissəsinin pensiyalara, hansının digər sosial ödənişlərə ayrılacağı bəlli deyil. Nazirin özü də “rəqəmləri hər birimiz görəcəyik” deyərək məsələni gələcəyə ötürür. Yekun rəqəm yanvarın sonunda bəlli olacaq.

Nəticə: Hələlik pensiyaçının razı qalması üçün əsas yoxdur, amma narazı qalması üçün də tələsmək olmaz. Əgər indeksasiya doğrudan da 8-9 % olarsa, bu, rəsmi inflyasiyadan yüksək olacaq. Lakin əsl sual faizdə yox, nəticədə qalır: həmin artımdan sonra pensiya adi bir ailənin bir ayını çıxarmağa çatacaqmı? Pensiyaçı üçün meyar nazirin proqnozu yox, bazar çantasının və apteklərdəki çekin məbləği olacaq. Yanvarın sonunda açıqlanacaq rəqəm bu suala cavab verəcək.

 

Cavanşir Vəliyev

Tacxeber.com

Oxşar xəbərlər

Prezidentin şəkli şahiddir ki…

admin

Hicab və digər adi dini qaydalardan radikal islamın, ekstremizmin sui-istifadə planları…

redaktor

Əli Kərimlinin oğlu Türkel Kərimlinin “The Times” radiosuna müsahibəsi

admin