“Hindustan Times” nəşri AFP agentliyinin azərbaycanlı minaaxtaran Əfsanə Bayramova və onun köməkçisi Rokki haqqında reportajını yayımlayıb.
Ailəsi Zəngilan rayonundan olan Əfsanə ANAMA-da çalışır. Onun dördayaqlı köməkçisi — 2023-cü ildə doğulmuş Belçika malinuası cinsindən Rokki isə Azərbaycana Xorvatiyadan gətirilib. Onlar Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində insanların doğma yurdlarına qayıtmasına mane olan mina və partlayıcıları axtarırlar.
Əfsanə hər an həyatını təhlükəyə atan bu peşəni seçməsini ölkəsinə töhfə vermək istəyi ilə izah edir. Rokkinin verdiyi hər siqnal mümkün mina təhlükəsi kimi qiymətləndirilir və yoxlanılır.
Bu ağır işin ən böyük mükafatı isə təmizlənmiş torpaqlarda həyatın yenidən başlamasıdır. Əfsanə vaxtilə minatəmizləmə işlərində iştirak etdiyi Ağdam kəndlərində indi evlərin tikildiyini görür: “Yaşayış məntəqələrinin bərpa olunduğunu, insanların qayıtdığını, əkinçiliklə məşğul olduğunu görürük. Bu, bizi qürurlandırır.”
