Çin şirkətlərinin Azərbaycanın hava limanlarına aid peyk görüntülərini İrana ötürməsi barədə məlumatlar yayılıb. Lakin Rusiya Telegram kanalından qaynaqlanan bu iddia hələ müstəqil təsdiqlənməyib. Onu Azərbaycanın bütün hərbi infrastrukturu barədə məlumatların Tehrana verilməsi kimi təqdim etmək üçün əsas yoxdur.
Bununla belə, İranın Çin mənşəli kosmik imkanlardan istifadəsi barədə ciddi Qərb araşdırmaları mövcuddur. Financial Times 15 aprel 2026-cı ildə sızdırılmış hərbi sənədlərə əsaslanaraq SEPAH-ın Çin istehsalı TEE‑01B peykini əldə etdiyini və Emposat şirkətinin yerüstü xidmətlərinə çıxış qazandığını yazıb. Materialda ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinin izlənməsindən danışılır. Çin xəbəri təkzib edib, Reuters isə məlumatı müstəqil yoxlaya bilmədiyini bildirib.
Avstraliyanın ABC nəşri 6 apreldə ABŞ kəşfiyyat mənbələrinə istinadən Çin şirkəti MizarVision-un yayımladığı, süni intellektlə təhlil edilmiş peyk görüntülərinin İranın hədəfləri müəyyənləşdirməsinə kömək etdiyini xəbər verib. Reuters-in 7 aprel materialında da Rusiyanın İrana peyk məlumatları ötürməsi barədə kəşfiyyat qiymətləndirmələri yer alıb. Moskva belə məlumat paylaşmasını rədd edir. Bu materiallar Azərbaycanla bağlı konkret iddianın təsdiq etmir.
Azərbaycan özü də peyk imkanlarından müdafiə məqsədləri üçün yararlanıb. Müdafiə Nazirliyinin nəşrində Azersky müşahidə peykinin 44 günlük Vətən müharibəsində ölkəmizə üstünlük qazandırdığı qeyd olunur. Bu, kosmik texnologiyaların hərbi əhəmiyyətinin bizim üçün də nəzəri məsələ olmadığını göstərir.
İranın da öz peykləri var. “Xəyyam” və “Pars‑1” müşahidə peykləri Rusiyanın köməyi ilə orbitə çıxarılıb. Ancaq onların mövcudluğundan İranın böyük hərbi üstünlük qazandığı nəticəsini çıxarmaq şişirtmə olardı. Peykin imkanları, görüntülərin keyfiyyəti, yenilənmə sürəti və məlumatın hərbi sistemlərlə əlaqələndirilməsi həlledicidir. IFRI institutunun araşdırması da İranın xarici peyk xidmətlərindən öz imkanlarındakı boşluqları doldurmaq üçün yararlandığını göstərir.
Azərbaycan məsələsində ayrıca siyasi məqam var: Bakı və Pekin 23 aprel 2025-ci ildə hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyanat imzalayıblar. Bu münasibət Çinin Azərbaycanın təhlükəsizlik maraqlarını nəzərə almasını tələb edən ciddi siyasi amildir. Azərbaycan əleyhinə istifadə üçün kəşfiyyat məlumatlarının ötürüldüyü təsdiqlənərsə, bu, tərəfdaşlığın ruhuna zidd olar. Lakin indiki məlumatlarla Pekini belə qərar verməkdə ittiham etmək tezdir.
Güclü kosmik imkanlara malik Çin və Rusiya İranın yaxın tərəfdaşları, ABŞ-ın isə strateji rəqibləridir. Mənim qənaətimcə, Tehranın müqavimətinin Vaşinqtonun vaxtını və resurslarını bağlaması onların maraqlarına müəyyən dərəcədə xidmət edə bilər. Rusiya üçün bunun Ukrayna istiqamətində əhəmiyyəti var. Ancaq müharibənin uzanması Çinin enerji və ticarət maraqlarına da zərər vura bilər, Yəni Çin bu müharibənin uzanmasında maraqlı deyil.
Xarici dəstək İranın ayrı-ayrı hərbi imkanlarını gücləndirə bilər. Amma peyk görüntüləri almaq müasir aviasiya, kəşfiyyat, rabitə və idarəetmə sistemlərindəki texnoloji fərqi aradan qaldırmır. İranın ABŞ və İsraildən geri qaldığı mühüm hərbi-texnoloji sahələrdə boşluğu yalnız Çin və Rusiyanın yardımı hesabına doldurması o qədər də asan deyil…
