Rusiyanın Osmanlının Balkan ərazilərini əlindən almaq istəməsi, Osmanlıya təzyiq məqsədilə Moldava və Valaxiyanı tutması 1853–1856-cı illərdə baş vermiş Krım müharibəsinə gətirib çıxardı.
Rusiya bu müharibədə İngiltərə, Fransa və Osmanlı koalisiyasına məğlub oldu.
Lakin Avropada istədiyinə nail ola bilməmək Rusiyanı saxlamadı. Bu dəfə üzünü şərqə və cənuba çevirdi.
1859–1865-ci illərdə Qafqaz müharibəsində Şimali Qafqazlıların onillərdir davam edən üsyanına son qoyuldu. Arxasınca Orta Asiyaya girən Rusiya Kokand xanlığını işğal edib, Buxara və Xivəni öz protektoratına çevirdi.
İngilis və fransızlar isə Avropada Rusiyanın qarşısını aldılar, amma şərqdə irəliləməsinə aktiv müdaxilədən imtina etdilər. Krım müharibəsində qələbə çox çətinliklə və xeyli itki hesabına başa gəlmişdi. Əslində, Rusiyanın üzünü Avropadan şərqə çevirməsi ilə sanki rahatlanmışdılar. Osmanlının da nəyəsə müdaxilə etmək halı yox idi, əksinə özü yenidən Rusiyanın hədəfinə çevriləcək və məğlub olacaqdı.
40–50 il keçdi, bu dəfə də bolşevik Rusiyası ondan inqilab nəticəsində ayrılmış Polşa və Finlandiyanı geri qaytarmaq üçün Avropada hərbi əməliyyatlara əl atdı. Lakin yenə də Avropada uğursuzluğa düçar oldu və üzünü yenə cənuba və şərqə çevirdi. Həm müstəqil Cənubi Qafqaz respublikalarının, həm də Buxara əmirliyi ilə Xivə xanlığının varlığına son qoydu.
Bu dəfə də Birinci Dünya müharibəsində xeyli itkilər vermiş Fransa və İngiltərə Sovetlərin Avropaya doğru irəliləyişinin dayanmasından şükür edib cənub və şərqdə irəliləməsinə böyük ölçüdə biganə yanaşdılar. Atatürk Türkiyəsi ilə isə Sovetlər anlaşma əldə etmişdi. Faktiki, Türkiyə Cənubi Qafqaz və Orta Asiyanın sovetləşməsinə razı olmuşdu.
Üstündən 100 il keçib, Rusiya indi də Ukrayna ilə vuruşur. Bütün Qərb, hətta Ukraynanın bir sıra ərazilərini itirməsi hesabına, müharibənin dayanmasını və Avropa ilə Rusiya arasında təhlükəsizlik qarantiyaları sazişi istəyirlər. Çünki İstər ABŞ, istər Avropa Ukraynadakı müharibədən yorulublar. Nə Avropada, nə Amerikada ictimai rəy Rusiya ilə müharibənin uzanmasının tərəfdarı deyil.
Amma Rusiya da yenə də Avropada istədiyinə, yəni Ukraynanın özünün vassal dövlətinə çevrilməsinə nail ola bilmir. Əksinə, vaxtilə Polşa və Finlandiya məsələlərində olduğu kimi, bir sıra ərazilərini ələ keçirsə də, Ukraynanı itirir, Ukrayna birdəfəlik Qərb düşərgəsində yer alır.
Lakin bundan sonra heç kim qarantiya verə bilməz ki, Rusiya 19 və 20-ci əsrdə etdiyini 21-ci əsrdə təkrar etməyəcək. Yəni Avropa-Rusiya arasında təhlükəsizlik anlaşmasından sora üzünü Cənubi Qafqaz və Orta Asiyaya çevirməyəcək. Əksinə tarixi qanunauyğunluq bunu edəcəyinə daha çox şübhə yaradır. Və əgər təkrar edəcəksə, belə şəraitlərdə, yuxarıdan göründüyü kimi, öz örüşündə sakitliyi təmin etmiş Qərb nəinki müdaxilə etmir, əksinə, rahatlanır və Rusiya ilə rəqabəti aktiv fazadan passiv fazaya keçirdir, sanksiyalar-filanlar aradan qalxır, iqtisadi və mədəni əlaqələri bərpa etməyə çalışır.
İngilis və fransız Krım müharibəsində Türkiyəni Rusiyadan müdafiə edirdi. 60-70 ildən sonra, Birinci Dünya Müharibəsində isə Rusiya ilə müttəfiq olub, Türkiyəyə qarşı vuruşurdular. Sadəcə Rusiyada inqilab planları pozdu. Türkiyə və Rusiya müttəfiq oldular. Amma bu Cənubi Qafqazla, Orta Asiyanın başında çatladı.
P.S. Şəkildə keçmiş ABŞ prezidenti Ceffersonun Montiçelloda ev muzeyidir. Bu muzeydə diqqətimi bir neçə eksponat cəlb etmişdi. İş otağında yan-yana Ceffersonun həmdövləri olan Napoleonla Rus çarı Birinci Aleksandrın büstləri vardı. Bilirsiniz ki, bu ikisi bir-birilə düşmən olub, vuruşublar.
İndi Napoleonu başa düşmək olar. Çünki Cefferson hakimiyyəti dövründə Napoleondan Louisiana (indiki Louisianadan xeyli böyük ərazilər, faktiki o vaxtkı ABŞ-ın özü boyda) adlı ərazini, faktiki su qiymətinə alıb. Almamışdan da konstitusiyaya dəyişiklik etmək istəyib. Çünki özü konstitusiyanın müəllifi idi və düşünürdü ki, konstitusiyanın ibarə ilə desək, hədissiz təsfiri ABŞ-a ərazi genişləndirməyə icazə vermir. Amma bu çox mürəkkəb, müsbət nəticələnəcəyinə qətiyyən əminlik olmayan bir prosedur idi. Lakin sonra məsləhətçiləri bunu inandırdılar ki, dəyişikliyə ehtiyac yoxdur.
Yəni Napolenu başa düşdük. Amma ekskursovoddan soruşdum ki, 1-ci Aleksandra niyə rəğbət bəsləyirdi, cavab verə bilmədi. Özümdə bəzi fikirlər var, amma hələki spekulyasiya şəklindədir.
Yeri gəlmişkən, Parisin ən qəşəng körpüsü də Rus çarı 3-cü Aleksandrın adını daşıyır. Rusiya-Fransa müttəfiqliyi sağlığına tikilib. Napoleonun mavzoleyindən çıxıb düz gedib həmin körpünün üstünə çıxırsan. Ondan sonrakı növbəti körpülərdən biri isə Alma adlanır. Alma Krımda kənd idi, Krım müharibəsinin əsas döyüşlərindın biri orada olub, onun şərəfinə belə adlandırılıb.
