CəmiyyətDünyaHadisəSiyasət

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə iki texniki işçi qrupu yaradıblar

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsi üçün üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. İlk mərhələdə nəqliyyat və elektrik enerjisinin ötürülməsi sahələri üzrə iki qrup yaradılacaq.

Bu barədə noyabrın 6-da üç ölkənin hökumətlərinin yaydığı birgə bəyanatda bildirilib.

Bəyanata əsasən, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov texniki planlaşdırma qruplarının fəaliyyətinə start veriblər.

Bildirilib ki, bu format üç ölkənin hökumət nümayəndələrini və texniki mütəxəssislərini bir araya gətirəcək. Məqsəd regional nəqliyyat əlaqələrinin inkişafı, iqtisadi əməkdaşlığın genişləndirilməsi və layihənin icrası zamanı ortaya çıxan texniki məsələlərin həllidir.

Birgə bəyanatda deyilir ki, yaradılan qruplar TRIPP-in digər regional infrastruktur şəbəkələri ilə əlaqələndirilməsi və layihənin növbəti mərhələlərinə keçilməsi üzərində işləyəcək.

Tərəflər layihənin bütün komponentlərinin mümkün qədər qısa müddətdə həyata keçirilməsinə sadiq olduqlarını bildiriblər. Bununla belə, bəyanatda tikinti işlərinin başlanma tarixi və layihənin icra qrafiki açıqlanmayıb.

TRIPP layihəsi barədə razılıq 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə əldə olunub.

Layihə Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının yaradılmasını, eləcə də regional tranzit imkanlarının genişləndirilməsini nəzərdə tutur.

Həmin görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni də paraflanıb. Lakin sənəd indiyədək imzalanmayıb.

Bu il avqustun 8-də Vaşinqton görüşünün birinci ildönümü münasibətilə Donald Trampın İlham Əliyev və Nikol Paşinyanla telefon danışıqları olub.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Əliyev TRIPP layihəsi üçün Azərbaycan ərazisində aparılan infrastruktur işlərinin başa çatmaq üzrə olduğunu bildirib.

Ermənistan hökumətinin açıqlamasında isə Paşinyanın layihənin tikintisinə yaxın vaxtlarda başlanılacağını söylədiyi qeyd olunub.

Vaşinqton görüşündən sonra Azərbaycanla Ermənistan arasında ticarət əlaqələri də bərpa olunmağa başlayıb. Azərbaycandan Ermənistana yanacaq ixrac edilib, həmçinin Azərbaycan ərazisindən Ermənistana üçüncü ölkələrin yüklərinin tranzitinə icazə verilib. Bu daşımalar Gürcüstan üzərindən həyata keçirilib.

Bununla belə, iki ölkə arasında yekun sülh sazişinin imzalanması ilə bağlı fikir ayrılığı qalır.

Azərbaycan hökuməti Ermənistan Konstitusiyasının preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları olduğunu bildirərək sənədin dəyişdirilməsini tələb edir.

Ermənistan hökuməti isə Konstitusiyada Azərbaycana qarşı ərazi iddiasının olmadığını və bu məsələnin ölkənin daxili işi olduğunu bildirir.

Nikol Paşinyan noyabrın 2-də yeni Konstitusiya layihəsinin bu ay ictimaiyyətə təqdim olunmasının planlaşdırıldığını açıqlayıb. Ermənistan hökuməti sülh sazişini mümkün qədər tez imzalamaq istədiyini bildirir. (AbzasMedia)

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Paşinyan Rusiyanı yox, Türkiyəni seçdi

redaktor

“Milyardlarla dollarlıq nüvə kompromisi”: ABŞ və İran böyük bir razılaşma hazırlayır

redaktor

İrana kosmik dəstək: Azərbaycan üçün nə deməkdir?

redaktor