DünyaSiyasət

Qarabağ Zəfəri Azərbaycanındır!

Ərdoğanın Zəfər günündə Şuşaya səfəri və Əliyevlə görüşü Bakı-Ankara xəttində gərgin abu-havanın aradan qaldırılması və iki prioritetin elan edilməsi baxımından əhəmiyyətli oldu.

1. Liderlər son günlər yaşanan gərginlikdə maraqlı deyil və qardaşlıq münasibətlərinə yanaşma dəyişməyib;
2. Bakıda da, Ankarada da qardaşlıq və strateji münasibətlərlə bağlı güclü siyasi iradə var və bu münasibətləri pozmağa çalışanlara imkan verilməyəcək.

Prezidentlərin mətbuata bəyanatlarında verdikləri mesajları bu kontekstdə oxuya bilərik.

– Əliyev birliyi pozmaq cəhdlərinə qarşı xəbərdarlıq edir;

Prezident bildirdi ki, birliyimizi sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar: “Onların arzuları onların gözlərində qalacaq. Biz – iki xalq, ilk növbədə, iki lider bu sərvəti qoruyuruq və heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın”.

Bu, birliyi pozmaq istəyənlərə xəbərdarlıq hesab oluna bilər. Burada “şəxsi maraqlar naminə” detalı xüsusilə diqqət çəkir. Bunu yaşanan son gərginlikdə müəyyən şəxslərin, yaxud qrupların rol oynadığı və liderlərin bunu bildiyi kimi oxuya bilərik.

– Qarabağ müharibəsində Türkiyənin dəstəyinin unudulmaması;

Əliyev Ərdoğana xitabən bəyan etdi ki, tarixi sözləriniz – “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” heç vaxt unudulmayacaq: “Azərbaycan xalqı bunu yaxşı bilir və buna görə şəxsən Sizə və qardaş Türkiyə xalqına minnətdardır. Sizin göstərdiyiniz siyasi və mənəvi dəstək bizim ruhumuzu daha da artırmışdır”.

Bu, Türkiyədə Qarabağ müharibəsi ətrafında manipulyativ yanaşmalar fonunda xüsusilə diqqətçəkəndir. Və mesaj belədir ki, Azərbaycan xalqı Türkiyənin müharibə dövründə siyasi və mənəvi dəstəyini yaxşı bilir və bunu unutmayacaq. Ərdoğana hər şey üçün təşəkkür edən Prezidentin “Türkiyənin siyasi və mənəvi dəstəyi” sözləri, ardınca müharibədə 3000 min şəhid verdiyimizi xatırlatmasının ünvanı bəllidir.

– Azərbaycan-Türkiyə birliyi regional gücdür;

Türkiyənin böyük gücə çevrildiyini deyən Prezident “biz birlikdə güclüyük” və “Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli bir amildir” sözləri ilə Bakı və Ankaranın regional proseslərdə, zaman-zaman bəyan edilmiş vahid güc olduğu reallığının yenidən elan edilməsidir.

– Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır. Əliyevin bəyanatının əsas mesajı məhz budur.

Ərdoğanın da çıxışının əsas motivi qardaşlıq və strateji münasibətlər idi.

– Ərdoğan da Əliyevin xəbərdarlığı dəstəkləyir.

Türkiyə prezidenti bəyan etdi ki, “2021-ci il iyunun 15-də Şuşada imzaladığımız Bəyannamə nəticəsində müttəfiqlik münasibətləri ilə möhkəmləndirdiyimiz bu qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi bu gün də, sabah da hədəflərinə əsla çata bilməyəcəklər. Allahın izni ilə birliyimiz daim sarsılmaz olacaqdır”.

Liderlər qardaşlıq münasibətlərini pozmaq cəhdlərinin olduğunu və buna qarşı mübarizədə ortaq mövqedən çıxış etdiklərini təsdiqləyirlər.

– Qarabağ Zəfəri Azərbaycanındır!

Türkiyə Prezidenti bildirdi ki, “altı il əvvəl İlham qardaşımın qətiyyətli liderliyi ilə bir olan Azərbaycan xalqı böyük qəhrəmanlıqla Qarabağı işğaldan azad etmişdir”. Ərdoğanın yaxın keçmişin tarixi həqiqətindən bəhs etməsi daha öncə bu məsələ ilə bağlı baş vermiş yanlış anlaşmanın düzəldilməsi və Türkiyədə müəyyən dairələrin Qarabağ Zəfəri ilə bağlı manipulyasiyasına cavab hesab oluna bilər.

Şuşa görüşü və verilən mesajlar göstərdi ki, qardaşlar arasında anlaşılmazlıq olsa da, həll edilməyən məsələ yoxdur və hər şeyə rəğmən, qardaşlıq və strateji münasibətlər yerindədir.

 

Asif Nərimanlı

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda çay arzusu: Ermənistanın ən böyük ironiyası

redaktor

Şuşada barışın mesajı

redaktor

10 ildən sonra ən çox tələb görəcək peşələrdən biri açıqlandı

admin