Netanyahuya da, Trampa da münasibətim məlumdu. Hər ikisini siyasət üçün də, dünya üçün də pis nümunə hesab edirəm.
Amma həm İsraildəki, həm də ABŞ-dakı seçkiləri müşahidə edib, bir daha həsəd apardıq, bir daha “kaş”lar ürəyimizdə, beynimizdə dövr elədi.
Seçki qutusuna, xalqın iradəsinə hörmətlə yanaşan, dəyərləri güzəştə getməyən, dövlətin əzəmətini şəxsi mənafe qarşısında kiçiltməyən dövlətlər həmişə güclü, xalqlar həmişə qürurlu və bütöv olacaq.
Xalqın iradəsi siyasətin, siyasətçinin taleyini həll edirsə, deməli, o ölkədə idarəçilik məsuliyyəti, xalqa xidmət həmişə diri qalacaq.
Çoxluq bir şeyi dərk etməlidir ki, seçmək hüququ təkcə şəffaf qutuya ağ kağız atmaq məsələsi deyil. Bunun fəlsəfəsi, mənəvi-hüququ tərəfi, dövlətin taleyinə və tarixinə təsiri, vətəndaşın bu gününə və sabahına töhfəsi var.
Vətəndaş seçə biləndə, səsinin keşikçisinə çevriləndə dövlətin bir parçası olur. O zaman hökumət dövləti vətəndaşsız təsəvvür edə bilmir. Vətəndaş da hökumətin onun xidmətçisi olduğunu dərk edir və həmişə tələb pozisiyasında dayanır.
Bir sözlə, əgər seçmək hüququ yoxdursa, dövlətin orqanizmi sağlam deyil. Deməli, vətəndaş da hüquqsuzluq, ədalətsizlik xəstəliyinin daşıyıcısıdır.
Bəli, şəffaf seçki, hüququn aliliyi həm də SAĞLAMLIQDIR.
