CəmiyyətGündəmQalmaqalŞikayət

Bəxtiyar Hacıyev cəzaçəkmə müəssisəsində qeyri-insani rəftara məruz qaldığını bildirir

10 il müddətinə azadlıqdan məhrum edilən ictimai fəal Bəxtiyar Hacıyev saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi və nəzarətçilərindən şikayətçidir.

Bu barədə onun qardaşı Vüqar Hacıyev sosial şəbəkə hesabında məlumat yayıb.

“Bəxtiyar Hacıyev 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin və nəzarətçilərinin qeyri-insani rəftarından şikayət edir. Penitensiar Xidmətin yeni təyin olunmuş rəisi, ədliyyə general-mayoru Sahib Rzayevdən nümayəndə göndərməsini və şikayətinin araşdırılmasını xahiş edir”, – Vüqar Hacıyev yazıb.

Paylaşımda ictimai fəalın konkret hansı rəftara məruz qaldığı və hadisələrin nə vaxt baş verdiyi barədə məlumat verilməyib.

Hələlik iddialarla bağlı Penitensiar Xidmətdən və 6 saylı Cəzaçəkmə Müəssisəsindən münasibət almaq mümkün olmayıb.

Sahib Rzayev oktyabrın 27-də prezident İlham Əliyevin sərəncamı ilə ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi təyin edilib. O, bu vəzifədə Mirsaleh Seyidovu əvəzləyib.

Bəxtiyar Hacıyev bundan əvvəl də 6 saylı Cəzaçəkmə Müəssisəsində hüquqlarının pozulduğunu bildirmişdi. Həmin vaxt onun vəkillə və Ombudsman Aparatı ilə əlaqə saxlamaqda, eləcə də lazımi tibbi yardım almaqda çətinlik çəkdiyi açıqlanmışdı.

Bu şikayətlərlə bağlı da rəsmilərdən münasibət almaq mümkün olmamışdı. Penitensiar Xidmət isə əvvəllər oxşar iddiaları rədd edərək məhbuslara qarşı ayrı-seçkiliyə yol verilmədiyini, onlarla qanunvericiliyin tələblərinə uyğun davranıldığını bildirmişdi.

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” ittihamları ilə həbs edilib. Sonradan ona qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, qaçaqmalçılıq, vergidən yayınma və saxta sənədlərdən istifadə ilə bağlı əlavə ittihamlar irəli sürülüb.

2025-ci il yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 10 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə Hacıyevin Bakıdakı mənzilinin və bank hesablarındakı vəsaitin müsadirəsinə də qərar verib.

Həmin il aprelin 7-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Noyabrın 18-də isə Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib.

Bəxtiyar Hacıyev ittihamları qəbul etmir, həbsini ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirir.

“Human Rights Watch” ona qarşı irəli sürülən ittihamları əsassız hesab edib. Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri isə Hacıyev barəsində çıxarılan hökmü ədalətsiz və qeyri-mütənasib adlandırıblar. (AbzasMedia)

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Turan yolu”: ortaq kimlik, yoxsa məzhəb sərhədləri?

redaktor

Rəsmi rəqəmlər göstərir ki, Azərbaycan getdikcə Bakıya cəmləşən ölkəyə çevrilir

redaktor

Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?

redaktor