DünyaSiyasət

Aqil Abbas, Vahid Əhmədov və Fuad Poladov: sözünün arxasında dayanmağın bədəli

Aqil Abbasın Sahibə Qafarova ilə mübahisədən sonra geri çəkilməsi çoxlarını təəccübləndirdi. Onu müdafiə edənlər də məyus oldular. Deputat isə məsələni bir cümlə ilə bağlamağa çalışdı: “Cəmiyyət səhv edir”.

Mübahisə Ağdamdakı mənzillərlə bağlı idi. Aqil Abbas ata mülkünün olmasına baxmayaraq, özünün və bacı-qardaşlarının yeni tikilən evlərdən mənzil ala bilmədiyini söyləmişdi. Sahibə Qafarova isə görülən quruculuq işlərini xatırladaraq ona sərt irad bildirmişdi: “Niyə bu işlərə ləkə salırsınız?”

Aqil Abbas niyə belə etdi? Bunun cavabını yalnız onun xarakterində axtarmayaq. Azərbaycanda söz deməyin, xüsusən də dediyin sözün arxasında dayanmağın bədəli var.

Vahid Əhmədovun Mehman Hüseynova verdiyi müsahibəni xatırlayaq. O, bəzi deputatların bizneslə məşğul olmasından, seçkilərdən və müxalifətin parlamentdə təmsilçiliyindən danışmışdı. Ardınca parlamentdə həmkarlarının sərt hücumları ilə üzləşdi. Sahibə Qafarovanın müraciəti əsasında məsələ İntizam komissiyasına çıxarıldı və 28 aprel 2023-cü ildə ona töhmət verildi. Müsahibəyə görə cəzalandırılması sənədləşmiş faktdır.

2024-cü ildə Vahid Əhmədov deputatlığa namizədliyini geri götürdü. Öz açıqlamasında yaşını və ailəsinin istirahət etmək tövsiyəsini əsas göstərdi. Mən bu qərarı əvvəlki siyasi təzyiqlərin davamı kimi dəyərləndirirəm.

Xatrladım ki, Vahid müəllimin oğlu Zəfər Əhmədov Qaradağ rayon prokuroru vəzifəsindən atasının namizədliyini geri götürməsindən əvvəl, 2024-cü ilin iyulunda ayrılmışdı. Vahid Əhmədov bunu oğlunun səlahiyyət müddətinin bitməsi ilə izah etmiş, siyasi əlaqəni rədd etmişdi. 11 aprel 2025-ci ildə isə Zəfər Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin olundu. Bu faktlar həmin vəzifə dəyişikliyini sübut olunmuş qisas hadisəsi kimi təqdim etməyə imkan vermir…

Mənim qənaətimcə, belə mühitdə vəzifə və imkanlar insana təminat hissi ilə yanaşı, o təminatları itirmək qorxusu da verir. Adam yalnız özünü düşünmür. Ailəsini, yaxınlarını, onların işini və gələcəyini də hesablayır. Bir müddət sonra kənardan xəbərdarlıq gəlmədən də özünü saxlayır.

Aqil Abbasın geri addımını da bu kontekstdə görürəm. Növbəti siyasi mərhələdə kənarda qalmaq, mövcud imkanlarını itirmək ehtimalı onun hesablamalarında da önəm daşıyır. Onun da uşaqları var, onların vəzifəsi var…

Ona görə də kirimişcə Südabə xanımın iradını qəbul etdi, onu müdafiə edən cəmiyyəti isə haqsız saydı.

Bu, mövcud rahatlığı qorumağın yeganə yoludur. Amma ictimai etimad hesabına başa gəlir…

Fuad Poladov başqa nümunə göstərmişdi. 2016-cı ildə Hikmət Rəhimovun işdən çıxarılması ilə bağlı etiraz olaraq Akademik Milli Dram Teatrından ayrıldı. Həmkarına dəstəyini şəxsi itki bahasına müdafiə etdi. Mövqeyinin bir qiyməti vardı və o, həmin qiyməti ödəməyə hazır idi.

Bu üç adamı eyniləşdirmirəm. Onların həyat yolu da, seçimləri də fərqlidir. Amma həmin seçimlər sözün arxasında dayanmaqla geri çəkilmək arasındakı məsafəni göstərir.

Məncə, siyasi sistemin üstünlük verdiyi davranış da burada görünür: etirazını geri götürən adamla işləmək rahatdır. Sözünü qoruyan adam isə narahatlıq yaradır. Beləcə, uyğunlaşmaq mükafatlandırılır, prinsipiallığa isə cəza ilə qarşılıq verilir.

Bizə Fuad Poladov kimi ziyalılar lazımdır. Hörmətini vəzifədən almayan, həmrəyliyini çətin anda geri götürməyən, davranışı ilə nümunə yaradan insanlar.

İnsanları davamlı geri çəkilməyə sövq edib sonra onların nüfuzdan düşməsinə baxmaq cəmiyyətə ağır zərbədir. Hər belə hadisədə təkcə bir adam gözdən düşmür; onun sözünə inanmış insanların etimadı da sarsılır…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Türk Dövlətləri Təşkilatı kimə xidmət edir?

redaktor

ABŞ İrana nüvə deyil, bunker dağıdan bombalar hazırlayır

redaktor

Rusiya Ukraynada məktəbləri və xəstəxanaları vurur – 26 nəfər həlak olub

redaktor