Naxçıvanda müharibə qazisi Pərviz Muradovun ard-arda iki dəfə özünə qəsd etməyə çalışdığı bildirilir. Yaxınları bunun Müdafiə Nazirliyinin ona ödənilməli olduğunu bildirdikləri kompensasiyanı verməməsinə etiraz olduğunu deyirlər.
İlk cəhddən sonra xəstəxanaya yerləşdirilən qazinin ikinci cəhdinin qarşısının polis əməkdaşları tərəfindən alındığı bildirilir.
Tacxeber.com xəbər verir ki, adının açıqlanmasını istəməyən yaxınlarından biri “Gündəlik Naxçıvan”a deyib ki, nəticəsiz qalan müraciətlər Muradovu çıxılmaz vəziyyətə salıb:
“Pərviz 44 günlük müharibədə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində baş gizir rütbəsində döyüşüb, yaralanıb və III qrup müharibə əlilidir. Buna baxmayaraq, sağlamlığına dəymiş ziyana görə nəzərdə tutulan təxminən 50 min manatlıq kompensasiyanı ala bilmir.
Bu kompensasiya beşillik pul təminatı məbləğində birdəfəlik ödənişi nəzərdə tutur.
O, oktyabrın 29-da 48 ədəd klonazepam həbi qəbul edərək özünə qəsd etməyə çalışıb. Vəziyyəti ağırlaşdığından xəstəxanaya çatdırılıb və həkimlər müdaxilə ediblər. Oktyabrın 31-də isə xəstəxanada yenidən özünə qəsd etməyə cəhd edib. Bu dəfə polis əməkdaşları vaxtında müdaxilə edərək onun qarşısını alıblar. İki gün ərzində iki dəfə belə addım atması bizi ciddi narahat edir”.
Ailə üzvü digər hərbçilərin ödəniş aldığı halda Muradovun kənarda saxlanılmasını əsassız sayır:
“Eyni kateqoriyada olan hərbçilərin böyük əksəriyyətinə ödəniş edilib, cəmi 6–7 nəfər kənarda qalıb. Pərviz Müdafiə Nazirliyinə dəfələrlə həm yazılı, həm də şifahi müraciət edib, amma nəticə yoxdur.
Naxçıvandan Qarabağa göndəriş rəsmi əmr və sərəncamla sənədləşdirilmədiyi üçün indi onun bu kompensasiyaya hüququnu tanımaq istəmirlər. Başa düşmürük ki, bir hərbçi əmrsiz necə döyüşə göndərilə bilər? Bunların hamısı pulu verməmək üçün bəhanədir”.
Yaxınların səsləndirdiyi məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib. Müdafiə Nazirliyinin məsələyə münasibəti məlum deyil.
