Oxuyuram ki, Aqil Abbasın Milli Məclisdəki fikirləri gündəm olub.
Onun 8 illik işçisi olmuş biri kimi əminliklə yaza bilərəm ki, Aqil Abbas Ağdamın didərgin düşmüş ağdamlılarına həmişə şərait yaradıb. Onunla işləyəndə yaza bilməzdim, deyərdilər, müdirinə yaltaqlıq edir, amma indi rahat yaza bilirəm. Mən Aqil Abbasın Nəşriyyatdakı qapısına kömək ümidilə gəlib əliboş qayıdan görməmişəm. Hətta elə olub ki, işçisinin maaşı ləngiyə-ləngiyə qapısına yardıma gələn adama əl tutub.
Bir dəfə Aqil Abbasın iş telefonuna gələn mesajlara baxmışdım. Orada “mənim evə çay almağa pulum yoxdur” mesajı var idi. Mən inanıram ki, Aqil Abbas o adamın evinə də çay alıb göndərib. Bir dəfə rəhmətlik Nicat Rüstəmova dedim ki, qaqa, mən Bakıda doğulmuşam, sən isə Ağdamda. Amma mən Bakıda doğulsam da, gəlib ağdamlıların redaksiyasında işləyirəm. Gülmüşdü. Demişdi, əclaf adamsan. Bəli, Aqil Abbas Ağdam alınana qədər həmişə Ağdamın Bakıdakı səfiri olub. Özü təkbaşına Ağdam olub. Allah deyil, hər dada yetişə. Amma bir çoxlarının dadına çatıb. Və Ağdam alınana qədər ağdamlıların şəhərdəki rahatlığında Aqil Abbasın da payı böyükdür. Ümumiyyətlə, Aqil Abbas Dolu adamdır! Heç vaxt birmənalı olmayıb, olmaması da onu Aqil Abbas edən şeylərdən birincisidir! Kişi Ağdam adına danışmağa “zasluqa”sı çatan tək-tük adamlardandır. İncitməyin adamı.
P.S Və ən əsası, Aqil Abbas məni “səni çıxarsam, bu qəzetdən başqa heç bir yerdə iş tapa bilməyəcəksən” deyib mənim həyatımda dönüş nöqtəsi edən adamdır. O zamanlar mənə bu sözlər çox toxunmuşdu, incimişdim, ağrımışdım, amma… Məhz bu sözlərin sayəsində özümə qayıda, öz dəyərimi anlaya bilmişəm. Məhz bu sözlərin hesabına bugün öz ayaqlarım üstündə dayana bilirəm.
