DünyaSiyasət

Tokayevin təklifi niyə qəbul edilmədi?

Qazaxıstan  Prezidenti Kasım-Jomard Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən sammitində Rusiyanın təşkilata müşahidəçi statusunda qoşulmasını təklif edib.

Qazaxıstan lideri təşkilatın nüfuzunun artırılması məqsədilə Rusiyanın bu istiqamətdəki niyyətinə müsbət yanaşmağın, Moskvaya təşkilata qoşulmağı və ya TDT-nin fəaliyyətində müşahidəçi qismində iştirak etməyi təklif etməyin düzgün və ədalətli qərar olacağını bildirib.

Tokayev Rusiyanın böyük dövlət olduğunu və əsrlər boyu Türk dünyası ilə sıx əlaqələr saxladığını vurğulayıb.

“Bu ölkənin ərazisində tarixən çoxsaylı türk xalqlarının nümayəndələri yaşayıb. Hazırda Rusiya Qazaxıstanın da dəstəklədiyi “Altay – Türk sivilizasiyasının beşiyi” layihəsini irəli aparır. Rus dilində türk mənşəli çoxsaylı sözlər mövcuddur. Ümumilikdə, Rusiyanın türk dövlətlərinin, yəni bizim təşkilatımızın bir hissəsinə çevrilməsi bütün dövlətlərimizə fayda gətirəcək”, – deyə Qazaxıstan Prezidenti qeyd edib.

Tokayevin təklifi həqiqətən də diqqət çəkir. Belə ki, Rusiya ərazisində çoxsaylı türk xalqları yaşayır. Hətta onların bir qisminin əhalisi bir çox müstəqil dövlətin əhalisindən çoxdur. Məsələn, Rusiyada tatarların sayı təxminən 4,7 milyon, başqırdların 1,5 milyon, çuvaşların isə 1 milyon nəfərdən artıqdır. Bunlarla yanaşı, yakutlar, tuvalılar, kumıklar, noqaylar, qaraçaylar, balkarlar və digər türk xalqları da Rusiya Federasiyasının etnik mənzərəsində mühüm yer tutur. Bu mənada Tokayevin Rusiyanın Türk dünyası ilə tarixi bağlılığına istinad etməsi əsassız deyil. Lakin Tokayevin hesaba qatmadığı çox mühüm və danılmaz məqamlar var.

Tatarıstanın, Başqırdıstanın və Saxanın mövcudluğu Rusiyanı avtomatik olaraq türk dövləti etmir. Rusiya çoxmillətli dövlətdir və onun ərazisində təkcə türk xalqları deyil, slavyan, fin-uqor, monqol və digər etnik qruplar da yaşayır. Əslində, Tokayevin yanaşmasını ümumi prinsip kimi qəbul etsək, daha ciddi suallar ortaya çıxır. Məsələn, İranın ərazisində milyonlarla Azərbaycan türkü, qaşqay, Xorasan türkü və türkmən yaşayır. Bu məntiqlə İran da TDT-yə müşahidəçi statusunda dəvət edilməlidirmi?

Yaxud Çində  milyonlarla uyğur və digər türk xalqları yaşayır. O zaman Pekinə də eyni təklif ünvanlanmalıdırmı?

İraqda və Suriyada  türkmənlər, Moldovada  qaqauzlar yaşayır. Hindistanın da türk dövlətçilik tarixi ilə bağlı zəngin keçmişi var. Belə çıxır ki, ərazisində türk icmaları yaşayan bütün ölkələrə TDT-də iştirak imkanı təklif edilməlidir.

Göründüyü kimi, burada ciddi məntiqi ziddiyyət yaranır. Çünki TDT türk xalqlarının yaşadığı bütün dövlətlərin bir araya gəldiyi etnik platforma deyil. Bu təşkilat suveren türk dövlətləri arasında siyasi, iqtisadi, təhlükəsizlik və mədəni əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyan qurumdur.

Əgər müşahidəçi statusunun əsas meyarı ərazidə türk xalqlarının yaşaması olarsa, təşkilatın coğrafi və siyasi sərhədlərini müəyyənləşdirmək çətinləşər.

Müşahidəçi statusundan danışmışkən, Macarıstan  və Türkmənistan da təşkilatın eyni statuslu üzvləridir. Lakin ortada bariz fərq var. Türkmənistan türk dövlətidir və onun müşahidəçi statusunda qalması öz xarici siyasət seçimi ilə bağlıdır. Macarıstanın TDT-də iştirakı isə tarixi-mədəni əlaqələrə, xüsusilə hun, avar, bulqar və qıpçaq irsi ilə bağlı tarixi baxışlara və müasir siyasi əməkdaşlığa əsaslanır. Yəni Macarıstanın təşkilatda müşahidəçi olması ilə Rusiyanın bu statusu alması eyni məntiqə söykənmir. Məsələn, Monqolustan bənzər formada təklif olunsaydı Macarıstan nümunəsi ilə eyni məntiqə uyğun olardı.

Ümumiyyətlə, Rusiya təklif ediləcək adi müşahidəçi dövlət deyil. O, Avrasiyada böyük siyasi, hərbi və iqtisadi gücə malikdir. TDT-nin beş əsas üzvündən Qazaxıstan və Qırğızıstan Rusiya ilə Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində də əməkdaşlıq edir.

Rusiya müşahidəçi statusu əldə etdikdən sonra TDT-nin gündəliyinə, xüsusilə təhlükəsizlik, regional nəqliyyat və iqtisadi inteqrasiya məsələlərinə təsir göstərməyə çalışa bilər. Bu, təşkilatın müstəqil qərarvermə imkanları baxımından həssas məsələdir.

Bundan başqa, Azərbaycan və Türkiyə də daxil olmaqla, TDT üzvlərinin hər birinin Rusiya ilə münasibətlərində fərqli maraqları var. Moskvanın təşkilata daxil olması bu fərqli maraqların uzlaşdırılmasını daha da mürəkkəbləşdirə bilər.

TDT-nin əsas üstünlüklərindən biri türk dövlətlərinin öz aralarında müstəqil əməkdaşlıq platforması yaratmasıdır. Rusiya kimi böyük gücün bu platformaya daxil olması təşkilatın regional əməkdaşlıq formatından daha geniş geosiyasi mübarizə meydanına çevrilməsi riskini yarada bilər.

Xoşbəxtlikdən, Tokayevin Rusiya ilə bağlı təklifi toplantıda iştirak edənlər tərəfindən dəstəklənməyib.

Turan Rzayev

Tacxeber.com

Oxşar xəbərlər

Aşkar və sürətli şəkildə yeni müharibə yaxınlaşır.

admin

Çəkişməsən bərkişməzsən, çəkişdik ki, bərkişək

redaktor

Tokayevin təklifi və Putin Turanı dağıdır iddiası

redaktor