Ramiz Mehdiyev 14 il azadlıqdan məhrumetmə cəzası alıb. Yaşına və səhhətinə görə cəza şərti tətbiq edilib, əmlaklarının isə müsadirəsinə qərar verilib.
Bəs hansı əmlaklar? Söhbət nə qədər sərvətdən gedir?
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu hələ 2025-ci ilin dekabrında Mehdiyev ailəsinin Bakıda minlərlə mənzilə, ölkə daxilində və xaricdə isə milyardlarla dollar dəyərində daşınmaz əmlaka sahib olduğunu iddia etmişdi.
İllərdir daha bir iddia səslənir: guya Bakıda yeni yaşayış binası tikiləndə həmin binanın ən yaxşı mənzillərindən müəyyən pay Ramiz Mehdiyevə çatmalı idi. Sanki tikinti sektorunda yazılmamış bir qayda mövcud olub. Bu iddia doğrudursa, belə bir sistem kim tərəfindən yaradılıb, kimlərin iştirakı ilə işləyib və illərlə niyə qarşısı alınmayıb?
İndi əsas sual budur: Rauf Arifoğlunun bəhs etdiyi o minlərlə mənzil də dövlətə qaytarılacaqmı? Yoxsa yalnız Mehdiyevin adına rəsmiləşdirilmiş əmlaklarla kifayətlənəcəklər? Ailə üzvlərinin, şirkətlərin və digər şəxslərin adına keçirilmiş, cinayət yolu ilə əldə olunduğu sübut edilən mülklər necə olacaq?
Tutaq ki, həqiqətən minlərlə mənzil dövlətə qaytarıldı. Bu, nə qədər vəsait deməkdir! Həmin mənzillərin satışından və ya icarəsindən əldə ediləcək gəlirlə nə qədər şəhid ailəsinin, qazinin, ağır xəstənin problemini həll etmək, uşaqlar üçün sosial müavinətlərə əlavə vəsait ayırmaq olar!
Amma əvvəlcə xalq bilməlidir: nə qədər əmlak müsadirə edilib, bazar dəyəri nə qədərdir və bu sərvətin aqibəti necə olacaq?
Bir vaxtlar dövlət idarəçiliyinin ən yüksək pillələrində dayanmış şəxsin sərvəti haqqında belə iddialar varsa, onların haradan qaynaqlandığı da sonadək araşdırılmalıdır.
Ramiz Mehdiyevin sərvəti dövlətə qaytarılırsa, xalq bunun nəticəsini görməlidir. Müsadirə yalnız məhkəmə hökmündə deyil, dövlət büdcəsində və insanların həyatında da öz əksini tapmalıdır!..
