17 C
Bakı
28 Oktyabr 2026 10:59
DünyaGündəmSiyasət

Məkkədə ittifaq, Tehranda sövdələşmə: Bəs Azərbaycan?

Yaxın Şərqdə qəribə siyasi oyun gedir. Avqustda Məkkədə qarşılıqlı müdafiə sazişi imzalayan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yüksək vəzifəli nümayəndələri oktyabrın 26-da Tehranda İran rəhbərliyi ilə danışıqlar aparıblar. Dünənə qədər İranın yaratdığı təhlükələrdən danışan dövlətlər bu gün həmin İranla yeni təhlükəsizlik sistemi qurmaq istəyirlər. Nə baş verir?

İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanına raket və dron hücumlarını davam etdirirlər. Pakistanın Tehranla sərhəd təhlükəsizliyi problemləri var. Türkiyə isə İranla illərdir Suriya, regional nüfuz və təhlükəsizlik məsələlərində rəqabət aparır. Belə olan halda sual yaranır: İranın dəstəklədiyi qüvvələr Səudiyyəni vurduğu bir vaxtda Ər-Riyad niyə Tehranda təhlükəsizlik danışıqları aparır?

Reuters-in məlumatına görə, görüşdə əsas məqsəd regional müharibənin genişlənməsinin qarşısını almaq, husilərin hücumlarını dayandırmaq və ABŞ–İran danışıqlarına yol açmaqdır. Bu, diplomatik baxımdan anlaşılandır. Amma başqa sual da var: Tehran bu danışıqlarda real güzəştlərə gedəcək, yoxsa böhrandan çıxmaq üçün vaxt qazanacaq?

Türkiyənin mövqeyi ayrıca diqqət çəkir. Ankara İranın parçalanmasını istəmir. Kürd məsələsi, qaçqın təhlükəsi və sərhədlərində yeni münaqişə ehtimalı Türkiyənin hesablamalarında mühüm yer tutur. Lakin İranın parçalanmasının qarşısını almaqla onun regional nüfuzunun güclənməsinə şərait yaratmaq arasında ciddi fərq var.

Bəs Azərbaycan?

Türkiyənin ən yaxın strateji müttəfiqlərindən biri Azərbaycandır. İranın Bakı ilə münasibətlərində ciddi ziddiyyətlər mövcuddur. Tehranın regional siyasəti, İsraillə bağlı mövqeyi və İranda yaşayan milyonlarla azərbaycanlının dil, mədəniyyət və siyasi hüquqları Azərbaycan üçün həssas məsələlərdir.

Burada xüsusilə narahatlıq doğuran ehtimal budur: Yeni regional təhlükəsizlik sistemi qurularkən İranın maraqları nəzərə alınacaq, bəs Azərbaycan və İran azərbaycanlılarının maraqları necə? Tehranla razılaşmanın mümkün qiyməti nə olacaq? İranın regional təsir dairəsi olduğu kimi qəbul ediləcəkmi?

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının İsrail siyasətində İranla müəyyən ortaq mövqeləri var. Amma İsrailə qarşı mövqe yaxınlığı İranın digər qonşularına münasibətində yaranan problemləri avtomatik həll etmir. Xüsusilə Azərbaycanın İsraillə strateji əməkdaşlığı nəzərə alınanda bu ziddiyyət daha aydın görünür.

Ən mühüm sual isə Ankarayadır: Türkiyə İranla yeni təhlükəsizlik mexanizmi barədə danışıqlar apararkən Azərbaycanın maraqlarını da gündəmə gətirirmi? Yoxsa Bakı sonradan formalaşacaq regional reallıqlarla üzləşəcək?

Hələlik ortada İranla yeni hərbi ittifaq deyil, danışıqları davam etdirmək barədə razılıq var. Buna görə də Tehran görüşünü hazır sövdələşmə saymaq tezdir. Amma müzakirələrin istiqaməti artıq ciddi suallar doğurur.

İranla sülh əldə etmək lazımdır. Bəs bu sülh hansı şərtlərlə və kimin maraqları hesabına qurulacaq?

Azərbaycan üçün əsas məsələ məhz budur…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

İsraildə parlament seçkiləri

redaktor

Öz qızlarını ana dilində oxutmayan İran, Azərbaycanın qızlarını nəyə çağırır?

redaktor

İsrail seçkilərinin ilk nəticələri: məğlub var, qalib yoxdur

redaktor