İlham Əliyev uzun illərdir ki, Azərbaycanda tənqidi medianın fəaliyyətini ciddi şəkildə məhdudlaşdıran siyasi sistemə rəhbərlik edir. Müstəqil jurnalistlərin həbsi, redaksiyaların bağlanması və xaricdə yaşayan tənqidçilərə qarşı təzyiq barədə beynəlxalq hüquq-müdafiə təşkilatlarının hesabatlarında dəfələrlə məlumat verilib.
Hətta xarici ölkələrin vətəndaşları da Azərbaycan hakimiyyətinin təqibindən kənarda qalmayıb. Xatırlayaq: Rusiya, Ukrayna və İsrail vətəndaşı olan bloqer Aleksandr Lapşin 2016-cı ildə Belarusda Azərbaycanın tələbi ilə həbs edildi, Bakıya gətirildi, üç il həbs cəzasına məhkum olundu. Yalnız 2017-ci ilin sentyabrında İsrailin təkidi və prezident əfvi ilə azadlığa çıxdı. Dərhal da yenidən ermənipərəst mövqedən çıxış etməyə başladı.
Amma indi Əliyev hakimiyyəti yeni və fərqli bir problemlə üzləşib: Türkiyədə formalaşan tənqidi media cəbhəsi.
Hicab mübahisəsindən sonra Türkiyənin müxtəlif siyasi və dini çevrələrinə mənsub jurnalistlər, publisistlər və bloqerlər Azərbaycan rəhbərliyini açıq tənqid etməyə başlayıblar. Bakı buna sərt reaksiya verib. 31 Türkiyə vətəndaşının Azərbaycana girişinə qadağa qoyulub, yeddi nəfər barəsində isə cinayət təqibi başladılıb.
Daha maraqlısı odur ki, qarşıdurma artıq Türkiyənin özünə keçib. Middle East Eye və Deutsche Welle nəşrlərinin məlumatlarında Bakının bəzi sosial media hesablarının bağlanmasını tələb etdiyi bildirilir. Son günlər Muhammed Emin Yıldırım, Ahmet Sapa və başqa şəxslərin polis tərəfindən saxlanılması və ya dindirilməsi barədə xəbərlər də yayılıb. Bu tədbirlərin hamısının məhz Bakının tələbi ilə həyata keçirildiyi ehtimal olunur.
İndi ortaya ciddi sual çıxır: Azərbaycan hakimiyyəti Türkiyədəki tənqidçilərini də susdura biləcəkmi?
Türkiyə Azərbaycan kimi qapalı informasiya məkanı deyil. Orada müxalif partiyalar, müxtəlif ideoloji cərəyanlar, rəqabətli media qurumları və geniş sosial şəbəkə auditoriyası mövcuddur. Doğrudur, Türkiyədə də jurnalistlərə və müxalifətə qarşı təzyiqlər var. Lakin ictimai fikir daha çox siyasi mərkəz arasında bölünüb.
Üstəlik, burada dil amili mühüm rol oynayır. Türkiyə jurnalistlərinin çıxışları Azərbaycan auditoriyası tərəfindən tərcüməsiz izlənilir. Bir türk jurnalistinin sosial şəbəkədə yayımladığı video qısa müddətdə Azərbaycanda minlərlə insanın telefonuna çata bilər. Bu isə sərhədlərarası tənqidin qarşısını almağı daha mürəkkəb edir.
Ən böyük paradoks da buradadır: Azərbaycan və Türkiyə rəsmiləri münasibətləri “bir millət, iki dövlət” prinsipi ilə izah edirlər. Amma eyni dil və yaxın mədəni əlaqələr indi siyasi tənqidin də sərhədləri aşmasını asanlaşdırır.
Digər tərəfdən, Türkiyədə vənab Əliyevi tənqid edənlərin hamısı demokratik azadlıqların müdafiəçisi deyil. Onların arasında dini-siyasi məqsədlər güdən, Azərbaycanın dünyəvi dövlət modelinə qarşı çıxan çevrələr də var. Bu fərqi görməmək yanlış olardı. Lakin həmin şəxslərin mövqeyi ilə razılaşmamaq onların qanuni tənqid hüququnun məhdudlaşdırılmasına avtomatik əsas vermir.
Bəs bu qarşıdurmanın axırı necə olacaq?
Oktay Saralın rəsmi Bakının tələbi ilə vəzifədən ayrılması, bəzi sosial media hesablarına məhdudiyyət qoyulması və polis araşdırmaları Ankaranın diplomatik gərginliyi azaltmaq cəhdləri kimi də şərh oluna bilər. Amma fərdi tənqidçilərin susdurulması ilə Türkiyə ictimaiyyətindəki mübahisənin bitəcəyini düşünmək çətindir.
İlham Əliyev üçün yeni problem məhz budur: Azərbaycan daxilində media üzərində qurulmuş nəzarət mexanizmlərini Türkiyənin çoxmərkəzli informasiya mühitində eyni formada tətbiq etmək mümkün deyil.
Və indi əsas sual Ankarayadır: Türkiyə Azərbaycanla strateji müttəfiqliyini qoruyarkən, öz vətəndaşlarının və jurnalistlərinin ifadə azadlığını necə təmin edəcək?..
