22 C
Bakı
18 Oktyabr 2026 20:22
CəmiyyətDinDünya

Cəhalətin üzü və astarı: İranla Türkiyənin fərqi

İranda dinə münasibətin öyrənilməsinə həsr edilmiş araşdırma zamanı məlum olub ki, cəmiyyətin 22 faizi Allahın varlığına inanmır, yəni ateistdir.

Cəmiyyətin 78 faizi Allahın varlığına inansa da, yalnız 30 faiz cənnət və cəhənnəmə inanır. Digər 48 faiz isə cənnət və cəhənnəmə inanmır. İslam dininə görə, hər bir müsəlman qiyamət gününə, məhşərə, hər kəsin Allah qarşısında hesab verəcəyinə, cənnətə və ya cəhənnəmə göndəriləcəyinə inanmalıdır. Cənnət və cəhənnəmə inanmayan Quranı da inkar etmiş olur. Quranı inkar edən isə, peyğəmbərləri də inkar etmiş sayılır.

Başqa bir araşdırmada, 2020-ci ildə İran dövlət qurumları tərəfindən həyata keçirilən sorğuda rəyi soruşulanlrın 60 faizi ramazan ayında oruc tutmadığını bildirmiş, ancaq bunu “xəstəlik”lə əlaqələndirmişdilər. Bəhs etdiyim araşdırma zamanı respondentlərin 60 faizindən çoxu mütamadi namaz qılmadıqlarını bildiriblər. Namaz və orucun İslamın beş təməl şərtindən ikisi olduğunu nəzərə alsaq, İranda dinə münasibətin necə kəskin dəyişdiyi haqqında aydın təsəvvürlər yaranar.

İranda dinə münasibətin ən maraqlı məqamı odur ki, respondentlərin 43 faizi dini prozelitizmə qarşı çıxıb və bildirib ki, heç bir din ictimai ifadəyə malik olmamalıdır. Dinə belə münasibətə hətta Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənsitan kimi keçmiş sovet respublikalarında rast gəlmək mümkün deyil. Bu müstəsna haldır və İran cəmiyyətinin bütövlüyünü təmin edən dini kimliyin dağılıdığını göstərir. İranda dinə hazlrkı münasibət onu deməyə imkan verir ki, teokratik rejim dağıldıqdan sonra İran coğrafiyası İslam aləminin ən sekulyar məkanına çevriləcək.
Türkiyə Ümumi Sosial Sahə Tədqiqatları tərəfindən dərc edilən “İnanc və dindarlıq” tədqiqatına görə, cəmiyyətin 76 faizi Ramazan ayında oruc tutur. Qadınlar və gənclər arasında bu nisbət 81 faizə çatır. Şərqi Qara dəniz və Şimal-Şərqi Anadolu bölgələrində oruc tutma nisbəti 97 faizdir. Özünü “dindar” kimi təqdim edənlər rəyi soruşulanların 67 faizini təşkil edib.

Oruc tutanlar arasında qadınlar və gənclərin daha böyük çoxluq təşkil etməsi İslam İnqilabı ərəfəsindəki İranı xatırladır. İranda 1975-ci ildə aparılan bir araşdırma zamanı əhalinin 80 fazinin oruc tutduğu müəyyən olmuşdu. Məhz həmin araşdırmaya istinad edən Dövlət Təhlükəsizliyi Komitəsi (KQB) sovet rəhbərliyini İranda dini inqilab ehtimalının yüksək olması ilə bağlı xəbərdar etmişdi.
Oruc tutan qadın və gənclərinin nizbəti Türkiyənin İslam inqilabı ərəfəsindəki İranın vəziyyətin eynisi olduğunu deməyə imkan verir. Bu vəziyyət eyni zamanda onu deməyə əsas verir ki, Türkiyənin din əsaslı siyasəti uzun illər davam edəcək.

Sosioloji rəy sorğuları, araaşdırmalar göstərir ki, İran şəriət dövləti olsa da, cəmiyyətin üçdə ikisi sekulyardır.
Türkiyədə dövlət qismən dünyəvi olsa da, cəmiyyətin üçdə ikisi dindardır.
Türkiyəçilərin və “Gəncliyə Yardım Fondu”nun maliyyələşdirdiyi şəxslərin “Türkiyə qismən dünyəvi dövlətdir” ifadəsini anti-Türkiyə mövqeyi kimi təqdim etməyə çalışacaqlarına görə, Türkiyənin qismən dünyəvi dövlət olduğunu təsdiq edən bəzi məqamları qeyd etmək istəyirəm.
Türkiyə Konstitusiyasının 24-cü maddəsinə görə dini dərslər ibtidai və orta məktəblərdə tədris olunan məcburi fənlərdəndir. Dünyəvi dövlətdə azyaşlı uşaqlara din dərsləri məcbur tədris edilə bilməz.
Sünni məzhəbinə əsaslanan din dərsləri məcburi olaraq ələvi uşaqlarına da tədris edilməsi isə daha ciddi problemdir. Türkiyə əhalsinin 15 faizinə yaxınını təşkil edən ələviləri təmsil edən təşkilatları ələvi uşaqlarına sünni məzhəbinə əsaslanan din dərslərinin tədrisini assimilyasiya siyasəti adlandırırlar.

Türkiyənin qismən dünyəvi dövlət olduğunu göstərən başqa bir məqam dini nazirliyə, yəni Diyanet İşleri Başkanlığına ayrılan büdcə vəsaitinin Sənaye və Texnologiya, Mədəniyyət və Turzim, Xarici İşlər və Daxili İşlər Nazirliklərinə ayrılan vəsaitdən çoxdur. Məsələn, 2027-ci il üçün nəzərdə tutulan dövlət büdcəsində Mədəniyyət və Turzim Nazirliyinə 69.7 milyard lirə, Diyanet İşleri Başkanlığına ondan 3.2 dəfə çox, yəni 229.1 milyard lirə ayrılması nəzərdə tutulur.

Türkiyənin qismən dünyəvi dövlət olduğunu göstərən çoxsaylı dəlillərdən biri də Prezident Rəcəb Tayyip Ərdoğanın “Nas” var deyərək iqtisadi qanunların ziddinə bank faizlərini aşağı salmasına dövlətin heç strukturunun, xüsusilə də hüququn üstünlüyünü təmin etməli olan ədliyyə və məhkəmə orqanlarının, eləcədə cəmiyyətin itaət etməsi ilə bağlı məqamdır. Ərdoğanın “Nas ortada; sana bana ne oluyor?” və “Nas ne diyorsa onu yapacağız!” açıqlaması da Türkiyənin qismən dünyəvi dövlət olmasını təsdiq edən başqa bir məqamdır.
Bütün bunlar onu göstərir ki, İran cəhalətin üzü, Türkiyə isə astarıdır. Teokratik rejimin devrilməsi ilə İran müsəlman coğrafiyasının ən sekulyar ölkəsinə çevriləəck. Türkiyə isə ən azı 50 il, böyük ehtimalla bu əsrin sonuna kimi cəhalətin girdabında çürüməyə davam edəcək.

Azərbaycan cəmiyyəti bu gerçəklikləri nəzərə almadan doğru inkişaf yolu seçə bilməz.
18 Oktyabr, Azərbaycanın müstəqilliyinin bərpası günü bir daha bizə xatırlatmalıdır ki, Azərbaycan çağdaş mədəniyyət üzərinə qurulub. Məhz çağdaş mədəniyyət üzərinə qurulması onu müsəlman Şərqinin ilk respublikasına çevirib. Böyük qürur mənbəyi olan bu nailiyyəti qorumaq üçün yuxarıda qeyd elədiyim gerçəklikləri nəzərə almaq məcburiyyətindəyik.

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: Enerji atəşkəsi sadəcə sözdə qalır

redaktor

Günəşi suda boğub aldatmayın Rəşad Məcidi…

redaktor

Ronaldo mineral su istehsalına 10 milyon avro investisiya yatırıb

redaktor