Bu məşhur sözlər böyük dramaturqumuz Cəfər Cabbarlının “Almaz” əsərində Mirzə Səməndərin dilindən səslənir.
Mirzə Səməndər qadınların azadlığına, onların təhsil almasına və ictimai həyatda fəallaşmasına qarşı çıxan köhnə düşüncənin təmsilçisidir. Hər dəfə yeniliklə qarşılaşanda şəriəti yada salır.
Cabbarlı bu obrazı təsadüfən yaratmamışdı.
Aradan təxminən bir əsr keçib. Amma bu gün də şəriət qaydalarının dövlət həyatına tətbiqini istəyənlər var.
Gəlin qonşu İrana baxaq.
İranda siğə — müvəqqəti nikah — qanunla tanınır. İran Mülki Məcəlləsinin 1075-ci maddəsi müəyyən müddətə nikah bağlanmasına icazə verir. Bu nikah formasında qadının maddi təminat və miras hüquqları daimi nikahdan fərqlənir.
On iki imam şiə fiqhində qəbul edilən siğəni sünni hüquq məktəbləri qəbul etmir.
Azərbaycanda isə dini kəbinin, o cümlədən siğənin dövlət nikahı kimi hüquqi qüvvəsi yoxdur.
İndi şəriətin dövlət qanunlarına çevrilməsini istəyənlərdən soruşmaq istəyirəm:
Siz Azərbaycanda siğənin də qanuni nikah kimi tanınmasını istəyirsinizmi?
Bəs boşanma, miras, qadınların hüquqları, ailə münasibətləri necə tənzimlənməlidir? Hansı dini hüquq məktəbinin qaydaları əsas götürülməlidir?
Bu suallara cavab vermədən sadəcə “şəriət yaxşıdır” demək kifayət etmir.
Əlbəttə, insanın inanmaq, ibadət etmək, hicab taxmaq və ya taxmamaq hüququ olmalıdır. Amma şəxsi dini etiqadla dövlətin bütün vətəndaşlar üçün qanun qəbul etməsi ayrı məsələlərdir.
Cəfər Cabbarlının “Almaz” əsərindəki qarşıdurma da məhz köhnə düşüncə ilə qadının azadlığı və cəmiyyətin yeniləşməsi arasındadır.
Mirzə Cəlil, Sabir, Axundzadə və Cabbarlı kimi maarifçilərimizin irsindən öyrənəcəyimiz çox şey var.
Mənim mövqeyim aydındır: Azərbaycan dünyəvi hüquq sistemi ilə idarə olunmalı, qadınla kişi qanun qarşısında bərabər olmalıdır.
Bir əsr əvvəl Mirzə Səməndərin dilindən səslənən “Qurban olum Məhəmmədin şəriətinə!” sözlərini bu gün yenidən siyasi proqrama çevirmək istəyənlər əvvəlcə həmin şəriətin hansı qaydalarını təklif etdiklərini açıq izah etsinlər.
Azərbaycanın gələcəyini dini məcburiyyət deyil, elm, azadlıq, bərabərlik və demokratik qanunlar müəyyən etməlidir.
