21 C
Bakı
13 Oktyabr 2026 10:44
CəmiyyətDinTəhsil

İdeoloji “peyvənd”: Hicab “üsyanları”nın pərdə arxası

Məndən soruşurlar:

Sirr deyil ki, Azərbaycan məktəblərində “hicab qadağası” barədə müzakirələr Nazirlər Kabinetinin 21 sentyabr tarixində imzaladığı dövlət məktəblərində şagirdlərin geyim qaydaları ilə bağlı qərarından sonra başladı. Ardınca, oktyabrın 6-da imzalanan yeni qərarla müəllimlərin də vahid geyimlə dərsə gəlməsi məcburiyyət halına gətirildi. Məhz bu qərarlardan sonra mühafizəkar insanların etirazları başladı.

Sizcə, Azərbaycan hökuməti birdən-birə niyə bu cür mübahisəli qərarlar qəbul etdi? Bu qərarlar dindar ailələrinin qızışdırılması demək deyildimi?

Açığını deyim ki, bu sualın bəzi məqamları ilə razılaşmamaq olmur. Həqiqətən də ilk baxışda Nazirlər Kabineti bu iki qərarla dini həssasiyyətli kəsimi sanki qəsdən hərəkətə gətirmiş kimi görünür. Amma məsələyə bir başqa tərəfdən baxanda tamamilə fərqli mənzərə ortaya çıxır.

Məlumdur ki, istər siyasətdə, istər tibbdə, istərsə də digər sahələrdə proflaktik tədbirlər deyilən bir anlayış var. Məsələn, tibb elmində ağır pandemiya təhlükəsi gözlənildiyi an qəsdən kütləvi peyvəndləmə aksiyası keçirilir. Necə ki, bir neçə il əvvəl biz bunu öz şəxsi həyatımızda da gördük. Koronavirusa qarşı hamımız peyvəndləndik. Peyvəndləmənin qarşıya qoyduğu məqsəd cəmiyyəti daha yüngül mikroblara yoluxdurmaqla kütləvi immunitet yaratmaq və xəstəliyin inkişaf prosesini nəzarət altında tutmaqdır. Yəni bəzən onsuz da qaçılmaz olan yoluxmanı daha tez və yüngül keçirilməsi təmin edilir ki, təhlükə böyümədən qarşısı alınır. Fikrimcə, Nazirlər Kabinetinin şüurlu şəkildə dini mühafizəkar kəsimin həssas nöqtələrinə təmasları da sosial peyvənd əməliyyatının ilkin mərhələsi idi.

Azərbaycan Nazirlər Kabinetinin durub-durarkən “hicab qadağası” çıxarması da əslində bir sosial peyvənd aksiyasına bənzəyirdi. Məqsəd xaricdən ölkəmizə idxal olunan dini radikalizmin qarşısını almaq idi. Zənnimcə, hakimiyyəti ciddi şəkildə düşündürən və müəyyən proflaktik tədbirlər almağa vadar edən dini radikalizm sindromunun mənbəyi İran-ABŞ müharibəsidir. Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp ölkəsində keçirilən aralıq (Konqres) seçkilərindən əvvəl İrana hücum etməyəcəyini açıqlamışdı. Bu isə o demək idi ki, seçkilər bitdikdən dərhal sonra İrana hücum edəcək. İran isə bu təhlükənin qarşısını almaq üçün ABŞ-ı gözləmədən ona ilk zərbəni vurmaq barədə düşünür. Rəsmi Tehran bunu gizlətmir, həm özü Hörmüz boğazında müxtəlif gəmilərə hücum edir, həm də proksi qüvvələri vasitəsilə ABŞ-ın Fars körfəzindəki müttəfiqlərini, o cümlədən Səudiyyə Ərəbistanını raket və dron atəşinə tutur.

İranın körfəz ölkələrinə hücumları onun ABŞ-la mübarizəyə hardan başlayacağına işarədir. Görünən bu idi ki, İran ABŞ-ın özünə yox, onunla siyasi-ticari əlaqələrdə olan region ölkələrinə saldıracaq. Önəmli hədəflərdən biri də Azərbaycan ola bilər. Nazirlər Kabinetinin “Hicab qadağası” kimi dəyərləndirilən qərarından əvvəl İrana səfər edən Baş nazirin müavini Şahin Mustafayevin Tehranda çox soyuq qarşılanması da təhlükənin yaxınlaşdığından xəbər verir. Təbii ki, belə bir zamanda rəsmi Bakı da İranın hücumlarına rəvac vermədən proflaktik tədbirlərə əl atmalı, özünün təhlükəyə qarşı “sosial peyvəndinə” start verməli idi.

Xatırladım ki, Baş nazirin müavini Şahin Mustafayev 29 sentyabrda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşmüş və İran rəsmi onunla barmaqlarının ucu ilə salamlaşmışdı. Üzərindən bir neçə gün keçəndən sonra – 2 okyabrda isə YAP-ın 8-ci qurultayı öz işinə başlamışdı. Qurultayın açılış nitqini söyləyən Prezident İlham Əliyev özünün məşhur fikirlərini səsləndirmişdi. O, açıq şəkildə İranın adını çəkməsə də, bəzi dövlətlərin Azərbaycanın daxili işlərinə qarışdığını bildirmiş və “bizim həyat tərzimizə ilişməyin” mesajını vermişdi. Burada xitab edilən dövlətin İran olduğuna şübhə yox idi. Prezidentin bu mesajları onu göstərirdi ki, Azərbaycan hakimiyyəti İrandan ideoloji təxribat gözləyir. İlham Əliyev ölkəmizin xaricdən idxal olunan ideoloji təxribatlarla qarşı-qarşıya qaldığını vurğulayaraq deyirdi:

“İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir…

… İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”.

Nazirlər Kabinetinin məktəblərdə hicab qadağasını iki mərhələdə həyata keçirməsi isə peyvənd kimi istifadə olunan “yoluxdurma” prosesinin təsir gücünü azaltmağa hesablanmışdı. Belə ki, əvvəl şagirdlərin vahid geyimləri ilə bağlı qərar qəbul olunmuş, üzərindən 15 gün keçəndən sonra isə bənzər qaydalar müəllimlərə də şamil edilmişdi. Bu 15 günlük müddət ərzində isə həm cəmiyyətimiz psixoloji olaraq ideoloji savaşa hazırlanmış, həm də böyük ehtimalla, İranın ölkəmizdə həyata keçirməyə çalışdığı təxribatların qarşısını alan bəzi addımlar atılmışdır.

“Hicab üsyanını” təşkil edənlərin bir çox rayonlarda eyni anda və mütəşəkkil şəkildə hərəkətə keçməsi İranın bu aksiyalara çoxdan hazırlaşdıqlarını təsdiqləyir: “Fikrimcə, Azərbaycanın hüquq-mühafizə orqanları da öz növbəsində dini radikalizmə qarşı peyvənd strategiyasını dəqiq hesablamış və uğurla həyata keçirmişdir. Son olaraq, fikrimi aksiyalarda iştirak edən uşaqların ailələrinə qısa bir müraciətlə tamamlamaq istərdim: O gözəl və əziz övladlarınızı ölkəmizdə gedən ideoloji müharibənin təhlükəli oyunlardan kənarda tutmağa çalışın. Bizim öz məsum balalarımızı qlobal ideoloji savaşların qurbanına çevirməyə haqqımız yoxdur!

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

“28 May” yaxınlığında insident: yüzlərlə saxlanılan olduğu bildirilir

redaktor

İqtidara qarşı çıxmaq naminə nəyi müdafiə edirik?

redaktor

Prezidentin xüsusi nümayəndəsinin adı 100 min manatlıq hərrac işində: məhkəmə araşdırmayıb

admin