21 C
Bakı
13 Oktyabr 2026 10:39
Tarix

Açıq səma altında dialoq-Nizami Gəncəvi kimlərə dərs keçir?

Hər dəfə şəhərin mərkəzinə düşəndə dahi şairimiz Nizami Gəncəvinin heykəlinin yanından keçirəm. Çox az adam bilir ki, heykəlin hazırlanmasında istifadə edilən bürünc kütləsi birbaşa cəbhədən gətirilən hərbi qənimətlər, sıradan çıxmış tank hissələri, toplar və giliz tullantılarının əridilməsi hesabına olub.

Daha ətraflı…

Heykəl 9 metrlik, səkkiz bucaqlı postament üzərində qoyulmuş 6 metrlik bürünc abidədir.Tuncdan tökülmüş Nizami Gəncəvinin fiquru ayaq üstə durmuş vəziyyətdə ucaldılmışdır. Nizaminin əlində lülə halında bükülmüş kagız vardı, bu kağız “Xəmsədir”, onun nəzərləri Nizami muzeyinin Azərbaycan ədəbiyyatı klassiklərinin heykəlləri qoyulmuş eyvanına yönəlmişdi.

Bu heykəl barədə çox maraqlı hadisələr baş verib. 1941-ci ildə, şairin 800 illiyi münasibətilə ucaldılması planlaşdırılırdı. Bunun üçün 1930-cu illərdə Azərbaycan SSR Xalq Komissarları Soveti nəzdində Yubiley Komitəsi yaradılmışdı. 1939-cu ildə Nizami Gəncəvinin bədii obrazının yaradılması üçün respublika müsabiqəsi təşkil olunub. Heykəltaraşlıq müsabiqəsindən əvvəl şairin vahid vizual obrazını yaratmaq üçün rəssamlar arasında ayrıca müsabiqə keçirilir.

Müsabiqədə qalib gəlmək üçün gürcü və erməni rəssamları arasında mübarizə başlayır. Kremldə tanınan xalq rəssamları olan Kote Merabişvili və Ara Sarkisyan təkliflər ilə gəlirlər. Lakin komissiya bunları qəbul etmir. Gürcü rəssamın təklif etdiyi projedə Nizami Şota Rustavellinin oxşarı kimi, erməninin təklif etdiyində isə şairin “uzun burnu” narazlıqlar yaradır. Mərkəzi Asiyadan olan rəssamların da işi geri qayıdır. Onlar heykələ xalat və belinə regiona xas qılınc əlavə etmiş idilər.

Birinci səfər geri qaytarılan Qəzənfər Xalıqovun çəkdiyi portret ikinci səfər rəsmi olaraq “Şərq/Azərbaycan cizgilərinə malik” düzgün forma kimi qəbul edilmişdi. Nizamişünas Yevgeni Bertels, filosof Heydər Hüseynov, Üzeyr Hacıbəyov və ədəbiyyatşünas Həmid Araslıda ona tarixi-fəlsəfi təkliflər vermiş idilər. Ağcabədidən Bakıya gəlmiş Axund Mehdi Sarıcalı adlı maarifçi bir ziyalını da prototip seçirlər.

Axund Mehdi XII əsrə uyğun olan xüsusi milli əba, geyim və əmamə ilə bəzədilir, üzərində müvafiq rəssamlıq qrimi aparılır. Qəzənfər Xalıqov günlərlə həmin axundu qarşısında əyləşdirib naturadan şairin portretini çəkir. Qeyd edim ki, bu axund Cəlil Məmmədquluzadə ilə Həmidə xanım Cavanşirin kəbinini kəsən şəxs idi eyni zamanda.

Yubiley Komitəsi heykəlin yaradılmasını gənc heykəltəraş Fuad Əbdürrəhmanova və gənc memarlar Sadıq Dadaşovla Mikayıl Useynova tapşırıldı. Onların təqdim etdiyi Nizaminin heykəli və eyniadlı park layihəsi Moskvada İncəsənət Müəssisələri Baş İdarəsinin Bədii-Texniki Şurası tərəfindən təsdiqləndi.

Onlar Nizaminin ayaqları altına XII əsr Şirvanşahlar memarlığının izlərini daşıyan 8 guşəli postament yerləşdirdilər. .İlkin plana görə, heykəlin postamentinin ətrafındakı daşlar və 8 guşəli Şərq ulduzunun küncləri elə bir astronomik dəqiqliklə yerləşdirilməli idi ki, Nizami heykəlinin kölgəsi gün ərzində həmin guşələrin üzərinə düşərək Bakı sakinlərinə saatı göstərməli idi.

Təəssüf ki, meydanın ətrafındakı binaların hündürlüyü və günəş işığının düşmə bucağındakı relyef dəyişiklikləri səbəbindən bu möhtəşəm “canlı günəş saatı” layihəsini tam reallaşdırmaq mümkün olmadı

“Xosrov və Şirin” poemasından Fərhadın Bisütun dağını yarması, “Leyli və Məcnun” poemasından Məcnunun səhrada heyvanlar arasında kədərlənməsi, “Yeddi Gözəl” və “İskəndərnamə” əsərlərindən və digər əsərlərindən səhnələr heykəlin postamentinə həkk edilib.

Göyərçinlərin və digər quşların heykəlin üzərini və tunc materialı korlamaması üçün Fuad Əbdürəhmanov Nizaminin çiyinlərindəki əbanın qatları və başındakı əmamənin relyefi çox iti, dik və kəskin bucaqlar altında yonulmuşdur. Bu həndəsi quruluş quşların heykəlin ən üst nöqtələrində rahatlıqla oturub yuva salmasına və ya uzun müddət qalmasına mane olmaq üçün xüsusi hesablanmışdır.

Memarlar heykəli elə yerləşdiriblər ki, Nizami sanki əlindəki əlyazması ilə öz doğma yurdunu, Gəncəni salamlayır. Maraqlı budur ki, Ədəbiyyat Muzeyi önündə üzü Nizamiyə tərəf duran heykəllər sanki ondan dərs alan tələbələr kimi durub. Bu bədii kompozisiya dünyada analoqu olmayan “açıq səma altında memarlıq dialoqu” sayılır.
İnanmarsınız ki, yeri elə strateji seçirlər ki, Hər il 21 Mart — Novruz bayramı günü, günəş şəhərin şərqindən doğarkən, şüalar birbaşa Nizami heykəlinin üzünə düşür.

Çox heyf ki, heykəlin yeri seçiləndə burada vaxtilə olan qədim yaşayış mülkləri, şərq üslublu dükanlar və qədim karvansara qalıqları tamamilə yox edildi.

1949-cu ildə Bakıda Nizami Gəncəvinin heykəlinin təntənəli açılışı baş tutub.

 

Prof.Dr.Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Qafqazın yazılmayan qanunu: Sülhə aparan Qadın

redaktor

22 yaşlı Çarli Cons 9 yaşlı həyat yoldaşı Yunis Uinsted ilə. 19 iyun 1937-ci il, ABŞ

redaktor

“Məscidin ahı tutub, tağ sürücülərin gözünə görünür”

redaktor