İran uzun müddətdir davam edən iqtisadi böhrana görə Azərbaycanda proksi qüvvələrinin şəbəkələşməsinə böyük pullar ayıra bilmir.
Səudiyyə Ərəbistanı “Məhəmməd peyğəmbərdən sonra ən ağıllı ərəb” ünvanını almış sahzadə Məhəmməd bin Salmanın ölkənin modernləşdirmə proqramı olan “Vizyon 2030”-u qəbul etdikdən sonra Ər-Riyyadın ideologiyasında ciddi dəyişiklik baş verdi və sələfiliyə (vəhhabilik) son qoyuldu. Vəliəhd şahzadə Məhəmməd bin Salman 2022-ci ildə bəyan etdi ki, biz İslamın əsl təlimlərinə, Peyğəmbərin və dörd Haqq Yolu Xəlifəsinin həyat tərzinə, açıq və dinc bir cəmiyyətə qayıdırıq. Səudiyyə Ərəbistanın vəhabiliyi maliyyələşdirilməsini dayandırması bu cəryanın zəifləməsi ilə nəticələnib. Ona görə də əvvələr olduğu kimi güc nümayişindən çəkinir.
Yaranmış vəziyyətdən Qətər istifadə edib. Qətərin siyasəti FETO-nun siyasətinə çox bənzərdir. Əsas hədəf müsəlman çoğrafiyasında xalqların siyasi və özünə məxsus mədəni kimliyini dağıtmaq, sünni məzhəbinə əsaslanan vahid dini kimlik yaratmaqdır. Qətər çox kiçik olduğu üçün bu prosesi Türkiyə üzərindən həyata keçirir. Təsadüfi deyil ki, Qətər “Müsəlman qardaşları”nın maliyyə, Türkiyə siyasi gücü hesab olunur. Bununla bağlı çoxsaylı araşdırmalar və hesabatlar var. Bu başqa bir yazının mövzusu olduğu üçün burada geniş bəhs etmirəm.
“Müsəlman qardaşları” ideyası da Osmanlıın varisi olacaq İslam Dövlətinin qurulmasını nəzərdə tutur. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın 2016-2020-ci illərdə baş müşaviri olmuş general Adnan Tanrıverdi müsahibələrinin birində bəyan etmişdi ki, hədəfləri paytaxtı İstanbul, dövlət dili ərəb dili olan və şəriətlə idarə olunan dövlət qurmaqdır. Bunu türk-İslam birliyi kimi təqdim edənlər də var. Bu ideyanı isə xalqların siyasi və özünə məxsus mədəni kimliyini dağıtmadan həyata keçirmək mümkün deyil.
Azərbaycan üçün məsələni iki qat təhlükəli edən “Müsəlman qardaşları” ideyasının Türkiyə üzərindən gəlməsidir. Azərbaycan cəmiyyətinin qardaş hesab etdiyi Türkiyəyə qarşı özünüqoruma instinkti olmadığı üçün FETO Azərbaycanda şəbəkələnə bilmişdi. Fətullah Gülən “uzun adam çəkilsin, bir az da mən idarə edim” həvəsinə düşdüyü üçün Fətullah Gülən şəbəkəsi terror təşkilatı elan olundu. FETO-dan boşalan yerləri isə əsasən “Erenköy Cemaati” doldurmağa çalışır. Bu dini topluluq “İsmailağa cemmati” və “Menzil cemmati” ilə yanaşı prezident Rəcəb Tayyip Ərdoğana ən yaxın üç dini qrupdan biridir. Son zamanlar “İsmailağa cemmati” və “Menzil cemmati”nin də Azərbaycanda şəbəkələşməyə çalışdığı haqqında xəbərdarlıqlar səslənir.
Məlum olduğu kimi, Türkiyədki təriqqət və cammatlar müstəqilliyin ilk günlərindən Azərbaycanda şəbəkələşməyə çalışıblar. Lakin cəmiyyətin sekulyarlığı və dünyəvi dövlət modeli bu bədnam fəaliyyətin qarşısını önəmli şəkildə alırdı. İndi isə vəziyyət bir qədər dəyişib. Qənatimcə, bu məsələdə Türkiyənin Qarabağın azad olunmasında rolunun şişirdilməsi mühüm rol oynayıb. İllərlə aparılan xilaskar Türkiyə təbliğatının nəticəsi belə olmalı idi.
Türkiyənin Azərbaycana siyasi islam ixrac etməsindən son 2-3 ildə youtube kanallarda və ictimai müzakirələrdə dəfələrlə bəhs etmişəm. Bu fikirlərimə görə, məni Türkiyə, türklük əleyhinə olmaqda ittiham edənlər olub və bu gün də var. Belələrinin əksəriyyətinin duyğusallıqla reaksiya verdiyini, ancaq müəyyən bir hissəsinin başda “Müsəlman qardaşları”-nın dayandığı dini şəbəkələşmənin təsiri ilə fikir bildirdiklərinə şübhə etmirəm.
Son günlər müşahidə etdiyim maraqlı məqamlardan biri də ondan ibarətdir ki, bir neçə il öncə bu fikirlərimə görə məni tənqid edənlərin bir çoxu indi haqlı olaraq Türkiyənin Azərbaycana siyasi islam ixrac etməsindən, bu prosesin Azərbaycanın siyasi və milli kimliyinə zərbə vurmasından bəhs edirlər.
P.S. Xilaskar Türkiyə təbliğatı o qədər dərinə işləyib ki, cəmiyyətin önəmli hissəsi hələ də bu yalana inanır. Duyğusal toplumları rəvayətlərə inandırmaq çox asan, həqiqəti qəbul etdirmək çox çətindir. Əgər cəmiyyət azacıq duyğusallıqdan uzaqlaşsa müzakirələr bir çox gerçəklikləri üzə çıxarar. Bu mövzuda yenidən yazmağa ehtiyac var.
