Bir vaxtlar Əli Əliyev hakimiyyəti ən sərt tənqid edən siyasətçilərdən biri idi. Çıxışlarını minlərlə adam izləyirdi. Xalq arasında da kifayət qədər rəğbət qazanmışdı.
Hətta o vaxt bəzi cəbhəçilər iddia edirdilər ki, hakimiyyət Əli Əliyevi bilərəkdən qabağa verir ki, Əli Kərimliyə alternativ olsun.
Sonra nə oldu?
2022-ci ildə Əli Əliyevi həbs etdilər. Bir iş bitməmiş o biri başladı. Axırda 3 il 6 ay cəza verdilər.
8 may 2023-cü ildə əfv olundu. Cəmi 47 gün sonra, iyunun 24-də rəhbərlik etdiyi partiya fəaliyyətini dayandırdı.
Bir vaxtlar gurultulu çıxışlar edən siyasətçi siyasi meydandan çəkildi.
İndi də xəbər gəlir ki, Azərbaycan hökuməti Avropa Məhkəməsində onunla razılaşıb, 5200 avro təzminat ödəyəcək.
Yaxşı, bəs Əli Əliyevin siyasətdən getməsi doğrudanmı könüllü seçim idi?
Mən buna inanmıram. Məncə, adamı elə vəziyyətə saldılar ki, siyasətdən uzaqlaşmaqdan başqa çıxış yolu görmədi.
Amma məsələ təkcə Əli Əliyev deyil.
Hakimiyyət illərdir müxalif siyasətçiləri, jurnalistləri, fəalları susdurur. Elə bilir ki, danışan dilləri kəsməklə bütün problemləri həll edir.
Bəs onların yerini kim tutacaq?
Baxın, bu gün ölkədə hicab davası gedir. Dini məsələlər getdikcə daha çox siyasi mübahisəyə çevrilir.
Mən demirəm ki, hicab taxan qadın təhlükədir. Əsla! Hər kəsin öz seçimi olmalıdır.
Amma bir şeyi düşünək.
Əli Əliyev və onun kimi dünyəvi siyasətçilər sərbəst danışsaydılar, müstəqil qəzetlər, televiziyalar işləsəydi, normal seçkilər keçirilsəydi, xalqın gündəmində nə olardı?
Korrupsiya, işsizlik, bahalıq, maaşlar, pensiyalar, məhkəmələr, insan hüquqları!
İndi isə siyasi meydanı boşaldıblar. Bu boşluqdan sabah dini-siyasi qüvvələrin istifadə etməyəcəyinə kim zəmanət verir?
İranın başına gələnlərdən dərs çıxarmaq lazımdır.
Hakimiyyət bir şeyi anlamalıdır: dünyəvi müxalifəti susdurmaqla dünyəvi dövləti qorumurlar. Əksinə, onun dayaqlarını zəiflədirlər.
Əli Əliyevi susdurdular. Başqalarını da susdururlar.
Amma xalqın problemləri yerində qalır.
Bir gün bu susqunluğun yerini kimin səsi tutacaq? Bax, əsl sual budur!..
