19 C
Bakı
10 Oktyabr 2026 22:51
DünyaSiyasət

Rusiya dizelinə qarşı ABŞ sanksiyalarının müvəqqəti götürülməsi haqda

Oktyabrın 9-da Trampın Putinlə saat yarımlıq telefon danışıqları oldu. Bundan sonra Tramp Rusiyanın dünya bazarına milyonlarla ton dizel yanacağı çıxaracağı haqda məlumat verdi. Dərhal ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın dizel istehsalı, ixracı, daşınması, boşaldılması, satınalınması və idxalı ilə bağlı sanksiyaları 2027-ci ilin 7 aprelinədək, yəni yarım il müddətinə dayandırdı.

Bir çoxları bu hadisəni Rusiyanın Trampı xilas etmək cəhdi kimi qiymətləndirdi. Mən isə bunu Trampın seçkiqabağı PR aksiyası hesab edirəm.

Gəlin, məsələni bir az araşdıraq.

Rusiyanın dizelini satmaqda problemi varmı? Dünyada dizel qıtlığının olduğu bir dövrdə onu satmaqda Rusiya üçün heç bir problem yoxdur. Avropa ölkələri belə dizeli birbaşa Rusiyadan almasalar da Asiya ölkələri və Türkiyə vasitəsilə Rusiya dizelini alırlar. Rusiya üçün onun dizelini birinci kimin almasının elə bir fərqi yoxdur.

Bəs niyə Rusiya Trampın yazdığı qədər dizel ixrac etmirdi? Bunun səbəbi aydındır: Ukraynanın Rusiya NEZ-lərinə dron zərbələrindən sonra ölkənin dizel istehsalı azaldı. Rusiya ölkədaxili bazarda dizel qıtlığı yaranmasın deyə iyulun 8-dən oktyabrın sonunadək dizel ixracını dayandırdı. Bu rəsmi elan olunan səbəbdir. Məncə, əslində bu səbəbin yarısı idi – əsas səbəb seçkilərə qədər dünya bazarında dizel təklifini azaltmaqla Trampa təzyiq göstərmək idi. Buna görə qadağanın son tarixi 31 oktyabr təyin olunmuşdu.

Hadisələr göstərdi ki, hər şey düzgün hesablanmışdı. Tramp Putinə zəng etməyə məcbur oldu. Putin guya güzəştə getdi. Bəs nəyin müqabilində? Rusiya dizelindən ABŞ sanksiyalarının yarım il müddətinə götürülməsi, yuxarıda yazdığım kimi, ciddi əvəz ola bilməz. Onun siyasi əhəmiyyəti böyükdür, amma iqtisadi əhəmiyyəti cüzidir. Buna görə də hesab edirəm ki, Putinin güzəşti müqabilində Tramp daha əhəmiyyətli güzəştə gedib. Bunun nədən ibarət olduğu gizli saxlanacaq, çünki onu açıqlamaq Trampa sərf etmir, xüsusən də seçkilər öncəsi o güclü tərəf kimi görünməlidir. Amma yəqin ki, mahiyyəti yaxın zamanda – seçkilərdən sonra aşkar olacaq.

Bir neçə kəlmə də Rusiyanın “güzəşti” haqqında.

Trampın tvitinə görə, Rusiya dünya bazarına:

oktyabrda – 300 min ton,

noyabrda – 500 min ton,

dekabrda – 1 milyon ton,

sonrakı aylarda – 3 milyon tonadək
dizel çıxarmağı vəd verib.

Qadağaya qədər Rusiya ayda 0,8-1 milyon ton dizel ixrac edirdi. Yəni seçkilərə qədər Rusiya bazara vəd etdiyi həcmi çıxartsa, heç nə dəyişməyəcək. Yanvara qədər isə vədini yerinə yetirsə, bu Rusiyanın normal ixrac vəziyyətinin bərpası olacaq. Bunları edəcək, ya etməyəcək – sual altındadır: oktyabrda 300 min ixrac etməsi mümkün görünmür, həm də nəzərə almalıyıq ki, Avropa və Ukrayna Tramplin acığına Rusiya NEZ-lərinə zərbələri intensivləşdirməyə çalışacaqlar.

Ayda 1 milyondan artıq ixrac yanvardan başlamalıdır. Amma bunun mümkünlüyü də sual altındadır, çünki:

bunun üçün Rusiyanın istehsal potensialı məhduddur;

yanvarda Konqresdə demokratlar çoxluqda olacaqlar və onlar Rusiya dizelinə sanksiyaları bərpa edə bilərlər.

Beləliklə, bu razılaşma, məncə, Tramp üçün PR, Putin üçün real güzəştlər yaradır. Bu mənada dünyada bu razılaşmadan kimin udması haqda müzakirələr başlayıb. Ən çox məyus olan Zelenski və Avropa liderləridir. Putin Qərbin sanksiya yekdilliyinə çat sala bildi. Həm də bundan sonra Avropanın Ukrayna vasitəsilə Rusiya NEZ-lərinə zərbə endirməsi faktiki olaraq Trampa qarşı aksiya kimi başa düşüləcək. Rusiya da bunu istəmirdimi?

Bu konteksdə bir məqamı da nəzərə almalıyıq. Rusiya ABŞ-da demokratların hakimiyyətə gəlməsini istəmir – bu halda ABŞ və Avropa Bayden dövründəki kimi Rusiyaya qarşı vahid qüvvə kimi çıxış edə bilərlər. Lakin başdanxarab Trampın güclənməsi də Rusiyaya sərf etmir. Rusiya üçün ideal variant ABŞ-da ikihakimiyyətlilin mövcud olmasıdır – nə Tramp, nə də demokratlar istədiklərini arxayın edə bilməsinlər, başları bir-biri ilə didişmələrə qarışsın. Belə vəziyyət isə İranın da, Çinin də xeyrinədir.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

İki ildən sonra ilk səfər: Kadırovun Bakıya gəlişinin siyasi mesajları

redaktor

Türkiyə siqaretləri yalnız pasportla satmaq istəyir

redaktor

22 yaşlı Çarli Cons 9 yaşlı həyat yoldaşı Yunis Uinsted ilə. 19 iyun 1937-ci il, ABŞ

redaktor