Bu il həm də hamımızın yaxşı tanıdığı, manipulyativ imzalardan olan Ramiz Rövşən həzrətlərinin yubiley ilidir, 80 yaşı tamam olur…
Onun qələmi(nin necəliyi) haqqında bir neçə dəfə müxtəlif yazılarla ədəbi-ictimai müstəvidə fikirlərimi bildirmişəm… Bu öz yerində!
İndisə gəlim bir ayrı (bir acı) gerçəkliyə…
Son onilliklərdə öz əksinə üzən (əslində isə özünə sarı boğulan!) qanadsızlığına acıdığım, indi haqqında bəhs etdiyim həmin bu Ramiz Rövşən bir zamanlar (həm də!) şəxsiyyətini ağ işıqla yoğurmuş (yoğurduğu şəxsiyyətə söykənmiş) isimlərdən idi, dilinin üstündə Tanrıya yuva qurmuşdu. Səsinin içində qılınc, alnında isə təslimçiliyin inkarı fəlsəfəsini gəzdirirdi…
Amma və lakin(!) gəlin görək, həmin Ramiz Rövşən onurğası, Ramiz Rövşən xarakteri, Ramiz Rövşən nəfəsi… bu gün (məhz bu gün!) 80-ə çata bildimi? Əlbəttə çatmadı, çünki mutasiyaya uğradı! Necə deyərlər, yolun yarısında əriyib, mum olub, dağıldı “mütilik fəsli”nə bürünən, saatın kəfkirində gizli itaət etməyi öyrənən öz tərcümeyi-halının üstünə.
Bəli, zamanla Ramiz Rövşənin tərcümeyi-halı gizlində “ibadət” etməyi öyrəndi, “itaət”ə öyrəşdi, öyrədildi!.. Və bununla da hələ illər öncədən töküldü Ramiz Rövşənin baxışlarının dişləri.
Haradadı
“Milli Məclisin qapısı çox alçaqdı, oradan mütləq gərək əyilib keçəsən…” — deyən o Ramiz Rövşən?
Bu gün haradadır?
Görən olsa, xəbər etsin unudulmuş vaqonların pəncərəsi çatlamış qəbrlərinə…
