Bayrağında dini mənsubiyyəti ifadə edən bir rəng olan, müstəqillikdən bu yana prezidentlərinin hamısının andiçmə mərasımində Qurana əl basdığı, işğaldan azad olunan yerlərdə ilk iş olaraq məscid təmir edən, yeni məscid tikdirən, Prezident başda olmaqla bütün siyasi elitasının davamlı olaraq islami ritorikadan istifadə etdiyi, özlərini müsəlman dünyasının parçası saydığı, bu istiqamətdə çıxışlar etdiyi bir dövlət sadəcə “sekulyarlıq” deyib hicabı qadağan edə bilməz.
Yuxarıdakıları nəzərə alanda Azərbaycandakı sekulyarlıq sekulyarizmin ABŞ modelinə daha çox bənzəyir, nəyinki radikal Fransa modelinə. Sekulyarizmin radikal fransız interpritasiyasına qalsa, gərək elə birinci bayraqdakı yaşıl rəngi çıxarsınlar…
Amerika modeli isə praktikada bizimkinə daha çox bənzəyir. Amerikada da prezidentlər İncilə əl basaraq and içir, dolların üzərində “In God We Trust” yazılır (bunu bayraqla müqayisə etmək olar), siyasi elita tez-tez dini ifadələrdən, ritorikadan istifadə edir. ABŞ-də dövlətin dini müxtəlifliyi və inanclı insanların inancları gərəyi həyat yaşamasını təmin etmək vəzifəsi var. Oxşar vəzifə elə Azərbaycanın konstitusiyasında da əks olunur. Konstitusiyadan əlavə, Azərbaycanın siyasi elitası davamlı olaraq tolerantlığa, multikulturalizmə vurğu edir, inanclı insanların inancları səbəbilə heç bir təzyiq görmədən yaşadğını deyirlər.
ABŞ-yə qayıdaq, zamanında ABŞ-nin qurucu babaları özləri Britaniyadakı dini təqiblərdən qaçaraq – həm də – öz dinlərini sərbəst yaşamaq üçün Amerikaya köçmüşdülər. Bu səbəbdən də onlar öz dövlətlərində dinlərə dövlət müdaxiləsini aradan qaldırdılar. Dövlətin rəsmi bir dini dəstəkləməsi və ya “dövlət dini” təsis etməsi qadağandır (Establishment Clause). Lakin fərdlərin dövlət müəssisələrində də öz dini geyimlərini geyinməsi və ibadət etməsi ABŞ-də təbii olaraq azadlıq kimi qəbul edilir.
Tam da bu nöqtədə bizimkilərin yadına düşür ki, sekulyarizmə görə məktəbdə hicab olmaz. Halbuki, bu, sadəcə sekuyarizmin fransız modelinə (məzhəbinə) görə belədir. Bizdə vahid geyimin sekulyarizmə zidd olması və s. məsələlər sanki kommunist beyinlilərin yatıb yuxuda görüb tətbiq etmək istədiyi bir şeydir. Ölkədə radikal fransız modeli sekulyarizmə ehtiyac yoxdur. Buna nə hüquqi, nə fəlsəfi, nə də ki sosial baza var.
Azərbaycanda elə bir adam yoxdur ki, onun nəslində-kökündə hicablı, ibadət əhli müsəlman olmasın. Yəni müsəlmanlar, hicablı xanımlar Azərbaycanda əsla marjinal bir qrup deyillər. Belə olan halda isə onlara yad münasibət göstərmək, incitmək, haqlarını tapdalamaq heç kimə fayda verməz, əksinə, ziyan verər, yeni-yeni problemlər çıxarar. İndiki halda isə nə dövlətə, nə də ki, camaata belə problemlər lazımdır.
