22 C
Bakı
09 Oktyabr 2026 18:48
CəmiyyətDinDünya

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

Hicab tərəfdarları deyirlər ki, hicab qadını qoruyur, onun iffətinin və ləyaqətinin rəmzidir.

Yaxşı, belədirsə, bir sual yaranır: niyə hicabın dövlət tərəfindən məcburi tətbiq edildiyi İranda qadınlar illərlə bu məcburiyyətə etiraz etdilər? Niyə küçələrdə baş örtüklərini çıxardılar, yandırdılar, saçlarını kəsdilər? Niyə bu etirazlar zamanı yüzlərlə insan həyatını itirdi?

Axı 1979-cu il İslam İnqilabından əvvəl İranda qadınların geyimi müxtəlif idi. Tehran küçələrində başıaçıq, Qərb üslubunda geyinən qadınlar da vardı, hicab taxanlar da. İslamçılar hakimiyyətə gələndən sonra isə qadının başını örtməsi tədricən məcburi dövlət qaydasına çevrildi.

Nəticə nə oldu?

2022-ci ildə 22 yaşlı Məhsa Əmini hicab qaydalarına görə əxlaq polisi tərəfindən saxlanıldı və az sonra o, polis idarəsində öldürüldü. Onun ölümü illərlə yığılan narazılığı partlatdı. BMT-nin araşdırmasına görə, etirazların yatırılması zamanı 551 nəfərin öldürüldüyünə dair etibarlı məlumatlar var.

Amma burada bir incə məqam var. İran qadınlarının hamısı hicabın özünə qarşı çıxmırdı. Onların bir çoxu hicabın zorla taxdırılmasına, qadının geyiminə görə cəzalandırılmasına, şəxsi həyatına dövlətin müdaxiləsinə etiraz edirdi.

Əgər hicab doğrudan da gözəl və faydalı seçimdirsə, qoy qadın onu özü seçsin. Yaxşı bir şeyi insanlara zorla qəbul etdirməyə nə ehtiyac var?

Eyni sualı hicabı qadağan etmək istəyənlərə də vermək olar: əgər dünyəvilik azadlıqdırsa, niyə qadının könüllü dini seçiminə mane olmalıyıq?

Deməli, problem nə yaylığın özündədir, nə də başıaçıq gəzməkdə. Problem insanın iradəsini əlindən almaqdadır.

Qadına hörmət onun başını zorla örtmək də deyil, zorla açmaq da deyil. Qadına hörmət qərarı onun özünə buraxmaqdır.

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə təhlükəsi

redaktor

Hicab davası: Allahın əmri, qadının seçimi, yoxsa siyasət?

redaktor

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin