Başın örtülməsi əmr oluna bilməz və olunmayıb, çünki o vaxt başıaçıq adam olmayıb.
Mövcud baş örtüyünün sinəyə qədər uzadılması var ki, sinə görünməsin.
Əgər sinəni örtmək üçün başqa geyimlər icad olunursa, deməli baş örtüyünün özü də, uzadılması da qüvvədən düşür.
İndi kimsə ənənəni yaşatmaq, günəşdən qorunmaq, gözəl görünmək, yaraşdığı üçün örtürsə, Allah canını sağ eləsin.
Amma bu örtükdən siyasi simvol kimi istifadə etmək, bunu mübarizə vasitəsinə çevirmək, bunun üzərində təbliğat qurmaq, dövlətin qanunlarını pozmaq, lirik-romantik narrativ yaratmaq heç də düzgün iş deyil…
Başqalarına “sən niyə örtmürsən?” demək, örtünməyi üstünlük, Allaha yaxınlıq kimi təqdim etmək isə ümumiyyətlə xoş deyil.
Təəssüf ki, bir çoxları məhz belə düşünür və davranır…
Bir dindar dostum vardı, əvvəl bizimlə yeyib-içirdi. Sonra gördü ki içə bilmir, tərgitdi və keçdi namaza. Hər gün Şəhidlər məscidinə namaza getdi. orada kimlərləsə tanış oldu və bu sayədə maddi durumu yaxşılaşdı. Oğlunu xaricə oxumağa göndərdi. Yoldaşının başını örtdü…
Bir dəfə bir toyda bunun yoldaşı ilə mənim yoldaşım yanaşı otutub söhbətləşiblər. Yoldaşıma deyib ki, niyə başını örtmürsən? O da cavab verib ki, nə bilim, heç bu haqda düşünməmişəm. Bizim nəsil-nəcabətdə, qohum-əqrəbada ümumiyyətlə başını bu tərzdə bağlayan olmayıb. Nənəm, anam, qaynanam ora-bura gedəndə yaylıq bağlayırlar…
O vaxt dostumun gənc qızı da vardı. Yoldaşım soruşub ki, qızın da örtüb başını? Cavab verib ki, yox, o hələ gəncdir, mən onu məcbur edə bilmərəm, gərək özü istəsin…
Yoldaşım deyir, istədim deyəm ki, örtünmək lazımdırsa, əvvəlcə gərək gənc qızlar örtünsün, çünki qorunmağa, nəyisə gizlətməyə onların daha çox ehtiyacı var. Müyyən yaşdan sonra örtdün nə olandı, açdın nə olandı…
Amma deməyib. Çünki biz onlar qədər israrlı, iddialı, üzlü deyilik.
Bildiyim qədəriylə şəriətdə də yaşlı qadınların örtünməsi elə də vacib sayılmır…
Bir müddət sonra elə dini məsələlərlə bağlı mübahisələrə görə dostumla aramız dəydi. Daha doğrusu, o məndən uzaqlaşdı…
Nə qədər ki məndən zəif idi, elə bilirdim yaxşı oğlandır, elə ki ayağı yer tutdu, iç üzü çıxdı ortaya…
İndi də baxıram, sosial şəbəkələrdə dindarlar bizdən daha fəaldır. Hər vasitədən istifadə edirlər.
Hətta biri təxminən 1 yaşında uşağın başını bağlayıb videosunu çəkib. Uşağa deyir ki, gəl başını açım, uşaq başını bulayır ki, yox…
Adam buna ilahi anlam verməyə çalışaraq, təbliğat aparır…
Gülüncdür. İnsanları bu yolla aldatmağa çalışırlar…
Mən ateist deyiləm. Hesab edirəm ki, adı olan bir şeyin özü də var.
Əsas məsələ sənin onu necə dərk və qəbul etməyindir. Bax bu nöqtədə dindarlarla mənim söhbətim alınmır.
Mənə görə, onlar Quranı da təhrif edir, onun ayələrini öz çıxarlarına uyğun şərh edirlər.
Bir sözlə, başdan ayağa siyasət…
Bəyəndiyim yeganə ilahiyyatçı türkiyəli hoca İhsan Eliaçıkdır. O hər şeyi düzgün izah edir və bütün “sirlərə” aydınlıq gətirir…
