19 C
Bakı
06 Oktyabr 2026 20:37
DünyaSiyasət

Zəngin dövlət, yoxsa zəngin vətəndaş?

Prezident İlham Əliyev YAP-ın son qurultayında Azərbaycanın valyuta ehtiyatlarının 90 milyard dollara yaxınlaşdığını bildirdi.

90 milyard dollar Azərbaycan ölçüsündə ölkə üçün həqiqətən böyük maliyyə ehtiyatıdır. Bu, dövlətin xarici iqtisadi sarsıntılara davamlılığını artırır, manatın sabitliyinin qorunmasına imkan verir, xarici öhdəliklərin yerinə yetirilməsi üçün təhlükəsizlik yastığı yaradır və böhran zamanı hökumətin əlini gücləndirir.

Müqayisə üçün, 2026-cı ilin son açıqlanan göstəricilərinə əsasən Gürcüstanın  valyuta ehtiyatları 8,1 milyard dollar civarındadır. Ermənistanın ehtiyatları təxminən 6 milyard dollar səviyyəsindədir.

Deməli, Azərbaycanın 90 milyard dollara yaxın maliyyə ehtiyatına malik olması kiçik göstərici deyil.

Əksinə, bu bizim böyük üstünlüyümüzdür.

Amma elə əsas sual da bundan sonra başlayır.

Bu qədər böyük maliyyə ehtiyatının son məqsədi nədir?

Əlbəttə, valyuta ehtiyatını götürüb əhaliyə paylamaq olmaz. Valyuta ehtiyatı ölkənin təhlükəsizlik yastığıdır və belə bir yastığın olması vacibdir.

Amma təhlükəsizlik yastığı ilə iqtisadi inkişaf eyni şey deyil.

90 milyard dollar ehtiyatımız varsa, başqa suallar verməyə haqqımız var.

Niyə Azərbaycan hələ də neft və qazdan bu qədər asılıdır?

Niyə bu maliyyə gücünün fonunda ölkədə yüzlərlə yeni iri və orta istehsal müəssisəsi yaranmır?

Niyə Azərbaycan dünya bazarına çıxan yeni sənaye və texnologiya şirkətləri yetişdirə bilmir?

Niyə kənd təsərrüfatı məhsulunu yalnız xammal şəklində deyil, emal edib yüksək əlavə dəyərlə dünya bazarına çıxaran böyük şirkətlərin sayı daha çox deyil?

Niyə sahibkar biznes qurarkən kapital, kredit, rəqabət, məhkəmə və mülkiyyət təminatı problemləri ilə üzləşir?

Əsas məsələ budur.

Dövlətin zəngin olması ilə cəmiyyətin zəngin olması eyni şey deyil.

Dövlətin hesabında milyardlarla dollar ola bilər. Amma əgər həmin ölkədə insanların böyük hissəsinin gəlirləri aşağıdırsa, kiçik və orta biznes zəifdirsə, məhsuldar iş yerləri kifayət qədər yaranmırsa, iqtisadi rəqabət məhduddursa, onda böyük valuta ehtiyatı avtomatik olaraq iqtisadi uğur demək deyil.

Daha fundamental məsələ mövcud sərvətin hansı iqtisadi sistemə çevrilməsidir.

Neftdən gələn dolları xərcləmək asandır.

Neftdən gələn dolların əvəzinə sabah yeni dollar qazandıracaq zavod, texnologiya şirkəti, ixrac müəssisəsi, güclü fermer təsərrüfatı və rəqabətli özəl sektor yaratmaq isə daha çətindir.

Məhz buna görə Azərbaycanın qarşısında duran məsələ daha çox pul xərcləməkdən ibarət deyil.

Məsələ elə bir biznes mühiti yaratmaqdır ki, Azərbaycan vətəndaşı özü sərvət yarada bilsin.

Azad rəqabət, müstəqil məhkəmə, mülkiyyət hüququnun etibarlı müdafiəsi, əlçatan maliyyə, aşağı inzibati maneələr və sahibkarın dövlət məmurundan asılılığının minimuma endirilməsi olmadan milyardlarla dollar ehtiyatın olması öz-özlüyündə müasir iqtisadiyyat yaratmır.

Azərbaycanın 90 milyard dollar ehtiyat toplaması nailiyyətdir.

Amma bundan sonrakı məqsəd daha böyük olmalıdır.

90 milyardın üstünə 100 milyard, sonra 120 milyard yazmaqla kifayətlənmək olmaz.

Əsas göstərici dövlətin bank hesabında nə qədər pulun olması deyil. Əsas göstərici həmin maliyyə təhlükəsizliyinin ölkə daxilində nə qədər istehsal, texnologiya, sahibkarlıq, yüksək maaşlı iş yeri və insan rifahı yaratmasıdır.

Bizə yalnız zəngin dövlət lazım deyil.

Bizə zəngin vətəndaşı olan dövlət lazımdır.

Çünki dövlət sərvətinin son mənası da elə budur…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Trampdan seçkilərlə bağlı müəmmalı MESAJ: “Sürprizi gözləyin!”

redaktor

Fransadakı bir muzeydən Dalinin “Apokalipsis” əsərinin 150 kiloqramlıq nüsxəsi oğurlanıb

redaktor

İsrail pilot hücumundan sonra flydubai təyyarəsini vurmağa hazırlaşır: yeni detallar

redaktor