20 C
Bakı
06 Oktyabr 2026 15:58
Cəmiyyət

Tənqid nəticə verməyəndə…

Tənqid nəticə vermirsə, onu davam etdirməyə dəyərmi? Dəyməzsə, alternativ yol nədir?

Gəlin məsələyə bir qədər fəlsəfi və praktik yöndən yanaşaq.
Tənqidin iki məqsədi ola bilər:
Birinci məqsəd qarşı tərəfi dəyişdirməkdir. Yəni bu qərar səhvdir, onu dəyişdirmək lazımdır.

Məsələn, bu gün bir qardaş mənə yazıb ki, məmurun maaşı adi vətəndaşın əmək haqqından 30-40 dəfə çox ola bilməz. Haqlıdır. Mən belə şeylər, hətta bundan da önəmli məsələlər, onların təməl səbəbləri haqqında dəfələrlə analizlər yazmışam. Ancaq yanımda çox adam görməmişəm.

Elə bugünkü qardaşı da. O sanki fürsət gözləyib, mən hakimiyyətə loyal yanaşım, maarifləndirici nəsə yazım, o da məndə “səhv” tapsın. Yəni hakimiyyətlə bərabər məni də tənqid atəşinə tutsun.
Hakimiyyətə qarşı tənqidlərimi tam dayandırsam, belə adamların sayı artacaq. Onlar məni hakimiyyəti tənqid etmədiyimə görə tənqid edəcək, hətta ona işləməkdə, ondan pul almaqda suçlayacaqlar.

Amma iki ilə yaxındır işləmirəm. İşsizliyimdə siyasi amillərin rol oynadığını düşünürəm. Bəlkə də, elə məni suçlayacaq tənqidçilər kimi tam haqlı deyiləm, amma düşünürəm ki, haqsız da deyiləm.
Bütün tənqidçilər belə düşünür. Hətta özünü tam haqlı sayanlar daha çoxdur…

Ancaq gəlin məsələyə bir az başqa tərəfdən yanaşaq. Bu tənqidlər bizə nə verir? Onlar vasitəsilə nəyə nail ola, qarşı tərəfi dəyişə bilirikmi? Nəticə varmı?

Başqa sözlə, bir tənqidi dəfələrlə səsləndiririk, qarşı tərəf isə nəinki dəyişmir, hətta tənqidimizi eşitmirmiş kimi davranırsa, bu tənqidləri eyni formada təkrarlamağın faydası varmı?
Mən sonuncu dəfə Hövsan poliklinikasındakı durumu, oranın baş həkimini tənqid etmişəm. Bu tənqid oradakı vəziyyəti dəyişəcəkmi? Sanmıram.

Ümumilikdə səhiyyə sistemimizə hər hansı fayda verəcəkmi? Ona da inanmıram. Rəhbərlik o poliklinikada hansısa yoxlama aparacaqmı, vəziyyətin dəyişməsi istiqamətində hansısa addımlar atılacaqmı? O da olmayacaq. Bəlkə də, baş həkimə hansısa iradlar olacaq. Hətta töhmət verib, işdən çıxarda da bilərlər, ancaq bu təkcə mənim tənqidi yazıma görə olmayacaq. Eyni zamanda onun yerinə gətirilən adam da problemi yoluna qoymayacaq.

Ancaq mənim ehtimalım budur ki, onu sadəcə yüngülvari “tərlədəcəklər”, bununsa nə mənə, nə də səhiyyə sisteminə faydası olmayacaq. Hətta ziyanı olacaq. Çünki o adam çəkdiyi xərci yenə də mənim kimi xəstələrdən, imkansızlardan çıxarmağa çalışacaq. Əvvəl 10 şpris verirdilərsə, bundan sonra səkkizini verəcəklər…
Bu yazıya xalq da böyük dəstək vermədi. Cəmi 21 bəyənmə oldu, iki nəfər də paylaşdı. Şərh yazan olmadı. Adını taq etdiyim dövlət qurumlarından da reaksiya gəlmədi.

Belə olduğu halda bu tənqidin mənası nədir? Tənqid naminəmi tənqid edirik? Yoxsa sadəcə əsəbimizi soyudur, stress atırıq?
Bəli məhz bunları edirik. Bəzi adamlar məhz bunu edir. Çoxluq da sadəcə kənardan baxır və gözləyir ki, bu işlərin axırı necə olacaq. Yarınaraq, yaltaqlanaraq öz işini aşırmağa çalışanların sayı da az deyil. Siz o baş həkimin qəbulunda onun yanına girib, nəsə xahiş etməyə çalışanların sayını görəsiniz…

Hətta baş həkim poliklinikada saatlarla növbə gözləyən xəstələrə yaxınlaşıb, “vəziyyət necədir” soruşsa, hamısı razılıq edəcək. Alqış və dua edənlər də tapılacaq…
Belə olduğu halda tənqidin nə anlamı qalır?
Amma bütün bunlara baxmayaraq tənqidin ikinci funksiyası da var: hadisəyə münasibət bildirmək və həqiqəti söyləmək.

Bu halda nəticə dərhal görünməyə bilər. Bəzən insanın dediyi sözün təsiri onun düşündüyündən çox sonra üzə çıxır. Tarixdə bunun çoxlu nümunəsi var: müəyyən dövrdə “səs-küy” kimi qəbul edilən tənqid sonradan əsaslı mövqeyə çevrilib.

Ona görə də, nəticə verməyən tənqidi həmişə mənasız saymaq olmaz.
Fəqət tənqid müəyyən nöqtədən sonra öz-özünü yeyə bilər. Ən təhlükəlisi də budur.
İnsan eyni problemi görür, yazır, heç nə dəyişmir, yenə yazır, yenə dəyişmir, qəzəbi artır, daha sərt yazır, yenə dəyişmir…

Beləliklə, tənqid vasitə olmaqdan çıxıb həyat tərzinə çevrilir.
Bu zaman artıq tənqid edilən tərəfdən çox, tənqid edən adam dəyişməyə başlayır. O, getdikcə daha əsəbi, daha pessimist, daha radikal olur. Halbuki qarşı tərəf əvvəlki kimi qalır.
Bu, tənqidin ən böyük paradoksudur.

Siz qarşı tərəfi dəyişdirmək üçün onu tənqid edirsiniz, amma nəticədə dəyişən özünüz olursunuz.
Sizə qarşı təzyiqlər və təqiblər olunur, özü də təkcə hakimiyyət yox, cəmiyyət tərəfindən də. Siz təklənirsiniz, insanlar sizdən qaçır, hər şeyi sizdən gizlədirlər ki, birdən bu haqda yazar, ya da haradasa danışarsınız və onun işi pozular. Sizi işdən çıxarırlar və başqa yerdə heç kəs sizə iş vermir, hamı ehtiyatlanır, ağrımayan başına dəsmal bağlamaq istəmir.
Elə ola bilər ki, hətta yaxın qohumlar, ailə də sizə dəstək verməsin, tənqidçiliyinizi kimsə qəbul etməsin. Sizin radikal qruplara, müxalifətə qoşulmaqdan başqa çarəniz qalmır. Onlar da sizdən öz məqsədləri üçün istifadə edər və bir gün həbsxanada ayılırsınız.
Ya da bütün bunları vaxtında dərk edib, üslubunuzu, metodunuzu dəyişməyə cəhd etmək istəyərsiniz. Bax onda tənqid etdiyiniz zaman sizə dəstək verməyənlər başlayar sizin özünüzü tənqid etməyə, sizi satqınlıqda, hakimiyyətə işləməkdə ittiham etməyə…

Bəs alternativ nədir? Alternativ elə yenə də “tənqiddən imtina” əvəzinə metodu dəyişməkdir.
Təkcə tənqid və ifşa ilə kifayətlənməyib, alternativ qoymaq və təşkilatlanmaq lazımdır.
Real nəticə məhz sonuncu mərhələdə yaranır. Ancaq təşkilatlanma hökmən daxili resurslar hesabına və dürüst, sağlam şəkildə olmalıdır.
Gəlin hakimiyyəti illərlə tənqid edən müxalifəti düşünək. Əgər onun bütün siyasi proqramı “hakimiyyət pisdir” tezisindən o yana getmirsə, müəyyən müddətdən sonra cəmiyyət haqlı olaraq soruşur: “Bəs nəticə hanı?”
Nəticə yoxdursa, artıq tənqid insanları bezdirir, hətta onlarda ikrah doğurur. Mən bir çox tənqidçilərdən artıq iyrənirəm. Arada özümə də acığım tutur…
Filankəs rüşvətxordur – hə, noolsun?Filan yerdə filan qədər yeyinti var – hə, noolsun?
Vəzifələrə ancaq qohum-əqrəba təyin edilir – hə, noolsun?
Ombudsamanın maaşı 12 mindir – hə, noolsun?

Dəyirman bildiyini edir, sizin çax-çaxınız isə baş ağrıtmaqdan başqa heç nəyə yaramır.
Başqa bir məsələ insanlara şəxsi nümunə göstərməkdir. Hakimiyyəti, məmurları tənqid edən adam gərək dürüst olsun. Tənqidçi qurumun isə özündə işlər qaydasında getsin. Cəmiyyəti də ancaq bu yolla dürüstlüyə öyrətmək olar.
Yoxsa “məmurlar milyonlar mənimsəyir, olara dillənən yoxdur, amma tənqidçi jurnalisti 5-10 min manat çörəkpuluna görə həbs edirlər” yanaşması ilə cəmiyyət düzəlməz.
Biz bunun örnəyini mərhum jurnalist Əvəz Zeynallıya münasibətdə görməkdəyik. Cəmiyyət onu sərt tənqidlərinə görə dəstəkləyir, amma dürüst olub-olmadığını dartışmır. Nəticədə dürüst insanların dəyəri aşağı düşür və tənqidlərin də heç bir nəticəsi olmur.

Əgər bir əyrinin alternativi miqyasından asılı olmayaraq başqa bir əyridirsə, hansı alternativdən və dəyişiklikdən söhbət gedə bilər. Tutaq ki, indiki hakimiyyət getdi və yerinə Əvəz Zeynallını göylərə qaldıran müxalifət gəldi, nə dəyişə bilər? Heç nə!
Baxın, sözdə etiraf olunmasa da, bunu şüur altında hamı bilir və elə bu səbəbdən də heç bir dəyişiklik baş vermir.

Nə etməliyik?
Siyasi mübarizədə tənqiddən daha güclü arqument bəzən kiçik miqyasda işləyən alternativ model yaratmaqdır.
Bir şəhərdə, bir icmada, bir təşkilatda, bir media platformasında, hətta kiçik bir layihədə.
Çünki insanlara “biz başqa cür edə bilərik” deməyin ən inandırıcı forması bunu nümayiş etdirməkdir.
Burada başqa bir maraqlı prinsip də var: mən buna “enerjini rəqibə yox, nəticəyə yönəltmək” deyərdim.
Tənqid edəndə enerjimizin böyük hissəsi qarşı tərəfin üzərində cəmləşir. Alternativ fəaliyyətə keçəndə isə məsələ dəyişir və hər şey nəticəyə hesablanır.
Bu, psixoloji baxımdan da çox ciddi dəyişiklikdir.
Tənqid insanı reaksiya verən, alternativ isə onu fəaliyyət göstərən subyektə çevirir.
Tənqidi tamamilə atmaq da səhvdir, çünki tənqid ictimai immunitet sistemidir.
Heç kim səhvləri göstərməsə, korrupsiya, yalan, səriştəsizlik, ədalətsizlik normallaşa bilər. Amma bizdəki tənqidlərə rəğmən, bunlar böyük ölçüdə normallaşıb. Çünki hər şey boğazdanyuxarıdır. Tənqidin özü də saxtalaşıb, yəni real nəticələrə hesablanmır.

Amma sağlam immunitet sistemi öz orqanizminə də hücum etməməlidir. Tənqid də eynidir: tənqid məqsədə çevriləndə dağıdıcı olur.
Ona görə də, belə bir formul faydalı ola bilər
Əgər dəyişmək ehtimalı varsa, tənqid et. Həqiqəti gələcək üçün qorumaq lazımdırsa. sənədləşdir. Dəyişiklik istəyirsənsə, alternativ yarat. Əgər qarşıdurma artıq heç bir nəticə doğurmur və yalnız səni tükədirsə, geri çəkil.
Nəticə verməyən tənqidi sonsuza qədər təkrarlamaq mübarizə deyil.

Tənqiddən alternativə keçmək isə geri çəkilmək deyil. Əksinə, mübarizənin daha yüksək mərhələsinə keçməkdir.

 

Nadir Qocabəyli

Tacxeber.com

Oxşar xəbərlər

«Dövlət» əhəmiyyətli otel

redaktor

İcbari Tibbi Sığorta və həkimin vicdan sınağı

redaktor

Yuxu görmək də qadağandır? – Həbsxanadan yazı

admin