Dünya kommunist inqilabı kapitalizmin, yəni Qərb dövlət sisteminin və həyat tərzinin qlobal miqyasda məhv edilməsini hədəflədiyi üçün Qərb üçün qlobal təhlükə idi. Sovet İttifaqının dağılması ilə bu qlobal təhlükə ortadan qalxdı. Rusiya özünü SSRİ-nin hüquqi varisi elan etsə də, Moskva dünya kommunist inqilabından imtina etdi. Üstəlik də dünya iqtisadiyyatındakı cüzi payı, texnoloji geriliyi və bərbad imici səbəbindən Rusiya Qərb üçün qlobal təhlükəyə çevrilmədi. ABŞ-ın 44-cü prezidenti, Nobel Sülh Mükafatı laureatı Barak Obama 2014-cü ildə Rusiyanı çoxsaylı problemləri olan regional dövlət (güc) adlandırması Vaşinqtonun Rusiyanı qlobal təhlükə kimi görmədiyinin ifadəsi idi. Bu dəyərləndirmə Vaşinqtonun siyasi elitasının Rusiyaya baxışının ümumiləşdirilmiş mövqeyidir.
İran Sovet İttifaqının dağılması, İraqda BƏƏS rejiminin devrilməsindən istifadə edərək Yaxın Şərqdə güclü mövqelər qazanaraq Qərb üçün baş ağrısına çevrilsə də, İran Qərb üçün qlobal təhlükə deyil. İslam aləmdəki azlığın, şiə məzhəbinin təmsilçisi nə qədər böyük təhlükəyə çevrilsə də, qlobal təhlükə ola bilməz.
Çin sürətli iqtisadi inkişafı və texnoloji yüksəlişi ilə dünyanın ikinci böyük gücünə çevrilsə də, Qərb üçün qlobal təhlükə deyil.
Birincisi, Çin dünya iqtisadiyyatının iki lokomotivindən biri olaraq Qərb ölkələrinin önəmli ticarət tərəfdaşıdır. Bu ticarət Çinin böüyməsini təmin etdiyi kimi Qərb dövlətlərinin iqtisadi inkişafına da böyük töhfə verir. Ən önəmlisi Çin Qərb mədəniyyəti, sivilizasiyası üçün təhlükə törətmir. Əksinə, Çin ingilis dilinin (mədəniyyətinin) sürətlə və çox geniş çoğrafiyaya yayılmasına böyük töhfə verir. Çinlilər ingilis dilinin ilk və yeganə universal dili kimi qəbul olmasında önəmli rola paya sahibdirlər. Yəni, Çin ABŞ üçün strateji rəqib olsa da, Qərb üçün qlobal təhlükə deyil.
ABŞ və Qərbin digər dövlətlərinin aparıcı beyin mərkəzlərinin araşdırmalarında, Konqresdəki qanunvericilik təşəbbüslərində və siyasi liderlərin proqramlarında “Müsəlman qardaşları” şəbəkəsi qlobal təhlükə kimi dəyərləndirilir.
Prezident Donald Trampın 24 noyabr 2025-ci il tarixli sərəncamı ilə ABŞ üçün təhlükə yaradan “Müsəlman qardaşlar”ı təşkilatının bölmələrinin imkanlarını və fəaliyyətlərini aradan qaldırmaq məqsədilə bu şəbəkənin Livan, İordaniya və Misir bölmələri terrorçu təşkilat elan olunmuşdu. ABŞ mətbuatında Prezident Donald Trampın “Müsəlman qardaşlar”nın bəzi bölmələrinin terror təşkilatı elan etməsi bu şəbəkənin bütövlükdə terror təşkilatı elan edilməsi vədindən geri çəkilməsi kimi dəyərləndirilmiş, kəskin tənqidə məruz qalmışdı. Buna görə də 13 yanvar 2026-cı ildə dövlət katibi Marko Rubionun mətbuat üçün açıqlama yayaraq “Müsəlman qardaşlar”ın Livan, İordaniya və Misir bölmələrinin terrorçu təşkilat kimi tanınması bu şəbəkənin imkanlarını və fəaliyyətlərini aradan qaldırmaq barədə Prezident Trampın öhdəliyinin təmin edilməsi istiqamətində ilk addım olduğunu bəyan etmək məcburiyyətində qalmışdı.
Trampdan fərqli olaraq Florida ştatının qubernatoru Ron Desantisin ötən ilin dekabrında imzaladığı fərmanla “Müsəlman qardaşları” şəbəkəsi və Amerika-İslam Münasibətləri Şurası (CAIR) terrorçu təşkilatlar kimi təyin edilib.
Daha sonra ştatın qanunvercilik orqanı terrorizmlə mübarizə aparmaq məqsədilə daimi qanunvericilik bazası yaradan HB 1471 saylı qanunu qəbul edib, qubernator Ron Desantis də bu qanunu imzalayıb. Təxminən üç ay əvvəl, iyulun ilk günü bu qanun qüvvəyə minib. Beləliklə iyul ayının 1-dən “Müsəlman qardaşları”, Amerika-İslam Münasibətləri Şurası və Antifa (radikal solçu hərəkat) Florida ştatı ərazsində terror təşkilatları olaraq elan ediliblər.
Konqresdə isə “Müsəlman qardaşları” şəbəkəsi təhlükəsi və onunla mübarizəyə həsr olunmuş dinləmələr davam edir. Ən son olaraq avqust ayında “Göz önündə gizlənənlər: Amerikada “Müsəlman qardaşlar” şəbəkəsi ilə mübarizə” başlıqlı dinləmə keçirilib.
Avropanın ən tolerant ölkələri Danimarka, Niderland, Belçika və Portuqaliya kimi ölkələrdə belə “Müsəlman qardaşları” və siyasi islamla bağlı addımlar atılmağa başlayıb.
Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlaması “Müsəlman qardaşları” şəbəkəsinə qarşı sərt mübarizəni müvəqqəti olaraq arxa plana keçirsə də, bütövlükdə gündəmdən çıxmayıb. Konqresdə aparılan dinləmələr, aparıcı beyin mərkəzlərinin və media qurumlarının araşdırmalarının davamı və dərci göstərir ki, “Müsəlman qardaşları” təhlükəsi unudulmayıb. Qənatimcə Rusiya və İran məsələsi həllini tapandan dərhal sonra “Müsəlman qardaşları” şəbəkəsi, bütövlükdə siyasi islamla mübarizəyə start veriləcək. Qərb üçün qlobal təhlükə hesab olunmayan Rusiya və İranın regional xarakterli təcəvüzkar hərəkətlərinə görə bu iki ölkənin üzləşdikləri aqibəti nəzərə alanda Qərb sivilzasiyası üçün qlobal təhlükə hesab olunan “Müsəlman qardaşları” şəbəkəsinə qarşı mübarizənin necə sərt olacağını təsəvvür etmək çətin deyil.
Azərbaycan hakimiyyətinin önündə dayanan ən vacib məsələ Azərbaycanı “Müsəlman qardaşları” şəbəkəsinin təsirindən qorumaqdır. Azərbaycana bu bəlanın hansı ölkələdən, hansı yollarla gəldiyinə növbəti yazıda aydınlıq gətirməyə çalışacağam.

