30 sentyabrda ABŞ qoşunları (~2500 nəfər) İraqı tərk etdilər. Lakin onlar ABŞ-a qayıtmadılar, heç başqa regiona da göndərilmədilər, elə Yaxın Şərqdə – İordaniya və Suriyada yerləşdirildilər.
Maraqlı yerdəyişmədir.
Əgər qoşunlar Yaxın Şərq regionunda qaldısa, onda belə çıxır ki, ABŞ-ın onları İraqdan çıxartmaq fikri yox idi, sadəcə, İran zərbələrindən qoruna bilmədiyi üçün çıxartmağa məcbur olub.
Əgər 2024-cü ildə razılaşdırılmış plana uyğun çıxartsaydı, qoşunları ya ABŞ-a qaytarmalı, ya da başqa regiona göndərməli idi. Qoşunları çıxartmağı planlaşdıran zaman bunu xərcləri azaltmaqla əsaslandırırdılar. Qoşunlar yenə eyni regionda qalırsa, xərclər azalmır. Əksinə yerdəyişmə və infrastrukturun yenilənməsi ilə bağlı xərclər artır.
Bundan başqa. 2024-cü ilin dekabrında Suriyada Bəşər Əsədin devrilməsindən sonra Tramp administrasiyası ABŞ ordusunun bölgədə qalma zərurətinin azaldığını və “evə qayıtmaq” vaxtının çatdığını bəyan etmişdi. Bu ilin fevralında ABŞ qoşunlarını Suriyadan tam çıxartdı ki, daha onlara Suriyada ehtiyac yoxdur – İŞİD-i məhv etmişik və bizim etibarlı adamımız Şaraa ölkəyə tam nəzarət edir. İndi isə ABŞ İraqdan çıxartdığı qoşunların bir hissəsini Suriyada yerləşdirdi.
2011-ci ildə yerli əhalinin və hökumətin təzyiqi altında ABŞ qoşunlarını İraqdan çıxartmışdı. Lakin 2013-cü ildə “təsadüfən” İŞİD yarandı və sürətlə İraqın şimalında böyük əraziləri ələ keçirtdi, Bağdadı təhdid etməyə başladı. ABŞ-ın yaratdığı oyuncaq İraq hökumətinin qoşunları İŞİD-lə mübarizədə tam məğlubiyyətə uğradı. Xatırladıram ki, İraqın Səddam zamanı olan ordusu tamamilə dağıdılmışdı. Yeni ordunu ABŞ-ın işğal kontingentinin generalları yaratmış və təlimləndirmişdilər. Bu generallardan biri də David Petreus idi.
General Petreus ABŞ ordusunun ən tanınmış hərbi komandanlarından və strateqlərindən biridir. O, xüsusilə İraq müharibəsi (2003-2011) dövründə terrorizmə qarşı mübarizə taktikalarının dəyişdirilməsində, yeni İraq ordusunun və təhlükəsizlik qüvvələrinin qurulmasında, təlim keçməsində mühüm rol oynamışdır. Petreus 2008-2010-ci illərdə CENTCOM-un rəhbəri, 2010-2011-ci illərdə Əfqanıstandakı NATO qüvvələrinin komandanı, ordudan təqaüdə çıxdıqdan sonra 2011-2012-ci illərdə MKİ-nin (CIA) direktoru olmuşdur.
Bax, bu məşhur Petreusun yaratdığı və təlimləndirdiyi ordu bir neçə ay ərzində ordan-burdan yığılmış İŞİD dəstələrinə məğlub oldu. Belə vəziyyət 2014-cü ildə ABŞ qoşunlarının yenidən – bu dəfə xilaskar “maskasında” İraqa daxil olmasına imkan yaratdı. İŞİD-i ABŞ-ın yaratdığını artıq amerikalı araşdırmaçılar da deyir – bu yenilik deyil. Mənə elə gəlir ki, elə İraq ordusunun qısa zamanda məğlub olmasını da Petreusun hökumət ordusu və təhlükəsizlik qüvvələrinə doldurduğu agentura şəbəkəsi təşkil etmişdi. Məqsəd ABŞ ordusunun bu dəfə xalqın dəstəyi ilə İraqa yerləşməsi ola bilərdi. Amma düşünürəm ki, bundan da böyük məqsəd var idi – bu haqda sonra yazaram. Həmin bu Petreusun özünün yetişdirdiyi işidçi ilə münasibəti çox ibrətamizdir: https://www.facebook.com/asif.shafaggatov.3/videos/1428071918281881/
Ola bilər, indi də ABŞ qoşunlarını çıxartmaqla İraq üçün hazırladığı yeni “oyun”dan sonra ora qayıtmağı planlaşdırıb. Buna görə də qoşunlarını çox da uzağa aparmayıb. Üstəlik kəşfiyyat xidmətləri İraqda mövcudluğunu saxlayıb və İraq hökuməti ilə əməkdaşlığı davam etdirir.
Bəs nə ola bilər? Xatırlayırsınızsa, “İŞİD” brendi artıq imicini itirmiş “Əl-Qaidə” brendi bazasında yaradıldı. “İŞİD” brendindən də “Ən-Nüsra Cəbhəsi”, “Heyət Təhrir əş-Şam” və sair brendlər yaradılmışdı – onlar da uğurlu olmuşdu. Taktika uğur gətirirsə, bir qayda olaraq, ondan imtina etmirlər. Düşünürəm ki, bu dəfə də artıq köhnəlmiş brendlərin bazasında eyni ideologiyalı fərqli brend (radikal islamçı qrup) yaradılacaq. Həmin qrupun hərəkətə keçməsi üçün isə bir siqnal lazımdır.
Bu siqnal isə Şaraanın öldürülməsi ola bilər. Şaraa artıq missiyasını yerinə yetirib, bundan artığını etmək istəmir və ya bacarmır (nə Hizbullahla, nə husilərlə, nə də İranla vuruşmaq istəmir): “mavr işini gördü, mavr getməlidir”. Şaraa ya İsrailin raket zərbəsi ilə, ya da öyrədilmiş yerli terrorçu tərəfindən öldürüləcək. Bundan sonra Suriyada aləm bir-birinə dəyəcək – hakimiyyət uğrunda amansız qırğınlar başlayacaq. Mərkəzi hakimiyyət olmadığından ABŞ və İsrailin də təxribatları ilə sünni-ələvi, ərəb-kürd-türkmən-druz, müsəlman-xristian, sünni təriqətləri və s. arasında qan su yerinə axacaq. İsrail Suriyanın mərkəzinədək irəliləyib, özünə təhlükəsizlik zonası yaratdığını elan edəcək və bu minvalla Livanı qurudan tam təcrid edəcək. Başkəsənlərin çoxu Türkiyəyə qarşı qızışdılacaq – bu İsrailin məqsədi olacaq. Türkiyənin Suriyada və Suriya ilə sərhəd ərazilərində başı çox ağrıyacaq.
Bu çaxnaşmada İŞİD ideologiyalı yeni brend ortaya çıxacaq. Yeni brendə HTŞ-nin, Ən-Nüsranın, İŞİD-in döyüşçüləri kütləvi şəkildə axışacaqlar, çünki vətəndaş müharibəsi şəraitində Qərb müxtəlif gizli təşkilatlar vasitəsilə yalnız bu brendin döyüşçülərinə pul verəcək – sınaqdan keçmiş və özünü doğrultmuş texnologiyadır. Sonra bu qüvvə İraqın cənubuna – şiə bölgəsinə yönəldiləcək. Suriya və İordaniyadakı ABŞ ordusu da onlara kəşfiyyat, təchizat və hava dəstəyi verəcək…
Ardını özünüz təsəvvür edə bilərsiniz.
Əlbəttə, bu o demək deyil ki, hər şey məhz belə olacaq. Çünki İran, Türkiyə, Rusiya, Çin də belə planların olma ehtimalını nəzərdən keçirməyə bilməzlər və yəqin ki, əks-tədbirlər görəcəklər. Kimin uğurlu olacağını zaman göstərəcək.
Bu məsələnin başqa aspektləri də var – o haqda sonra yazaram.
