Ermənistanın hüquq-mühafizə orqanları Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayevi saxlayıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) onun Sünik vilayətinin Şəki yaşayış məntəqəsində yerli sakini yaralamaqda şübhəli bilindiyini açıqlayıb.
Ermənistan MTX-nin məlumatına görə, hadisə oktyabrın 1-də baş verib. Həmin gün saat 14:15-də Ermənistan Daxili İşlər Nazirliyinin 112 xidmətinə Şəkidə bir qadının ayağından güllə yarası alması barədə məlumat daxil olub.
Əraziyə polis əməkdaşları göndərilib. Ermənistan MTX iddia edir ki, aparılan tədbirlər nəticəsində hadisəni azərbaycanlı hərbçinin törətdiyi müəyyənləşdirilib və o saxlanılıb.
Qurum bildirib ki, hadisənin təfərrüatları Azərbaycan tərəfinə də təqdim olunub. Ermənistan İstintaq Komitəsində faktla bağlı cinayət işi başlanıb.
38 yaşlı yaralı qadın yaxınlıqdakı Sisian şəhərində xəstəxanaya yerləşdirilib. Ermənistan Səhiyyə Nazirliyinin sözçüsü onun həyatına təhlükə olmadığını bildirib.
Şəki kəndinin rəhbəri Ruben Manuçaryan “Azadlıq Radiosu”nun erməni xidmətinə deyib ki, qadın evində, uşaqlarının yanında yaralanıb. Onun sözlərinə görə, saxlanılan şəxs mülki geyimdə olub və üzərində avtomat silah olub.
Manuçaryan həmin şəxsin özünün də sinəsindən yaralandığını bildirib:
“Qadının evindən çıxıb qaçdı. Özü də yaralanmışdı. Hadisə yerinə çatanda qan izləri gördük. Amma qadının həyatına təhlükə yoxdur”.
Kənd rəhbərinin sözlərinə görə, saxlanılan zaman azərbaycanlı hərbçi qan itirdiyinə görə zəif vəziyyətdə olub:
“Ondan azərbaycanca bir-iki söz soruşdum. Dedi: “Ölürəm”. Mən də dedim: “Ölməyəcəksən””.
Ermənistan MTX-nin məlumatına görə, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti sentyabrın 29-da qarşı tərəfə Azərbaycan hərbi hissələrindən birinin hərbi qulluqçusunun naməlum şəraitdə xidmət yerini tərk etdiyini və onun Ermənistan ərazisinə keçə biləcəyinin istisna olunmadığını bildirib. Bundan sonra hər iki ölkənin aidiyyəti qurumları axtarış tədbirləri həyata keçirib.
Azərbaycan Baş Prokurorluğu isə oktyabrın 1-də Nəsimi Rasim oğlu Musayevin Laçın istiqamətində yerləşən hərbi hissədən itkin düşməsi ilə bağlı cinayət işi başlandığını açıqlayıb.
Qurumun məlumatında deyilir ki, sentyabrın 26-da Nəsimi Musayevin xidmət yerində olmadığı müəyyən edilib və onun axtarışına başlanıb. Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin qüvvələri axtarış tədbirlərinə cəlb olunub.
Hərbi Prokurorluğun araşdırması zamanı Musayevin hərbi hissəni özbaşına tərk etməsinə dair “əsaslı şübhələr” müəyyən edildiyi bildirilir. Bundan sonra Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluq daha sonra Nəsimi Musayevin Ermənistan ərazisində olduğu və bu ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyənləşdirildiyini açıqlayıb.
Qurum bildirib ki, onun Ermənistan ərazisinə necə keçməsi, saxlanılmasının və digər halların aydınlaşdırılması üçün Azərbaycan dövlət qurumlarının Ermənistan tərəfi ilə təmasları davam edir.
Nəsimi Musayevin yaxınları bundan əvvəl sentyabrın 26-dan onunla əlaqə saxlaya bilmədiklərini bildirmişdilər. Ailə üzvləri sosial şəbəkədə yaydıqları videoda hərbçinin taleyi barədə onlara dəqiq məlumat verilmədiyini, xidmət etdiyi hərbi hissənin komandirinin isə onları qəbul etmədiyini deyərək Prezident İlham Əliyevə və müdafiə naziri Zakir Həsənova müraciət etmişdilər.
Şəki yaşayış məntəqəsi Azərbaycan-Ermənistan sərhədinin ən yaxın hissələrindən 20 kilometrdən az məsafədə yerləşir. Ermənistan MTX azərbaycanlı hərbçinin sərhədi hansı şəraitdə keçdiyini açıqlamayıb.
Ermənistan müxalifətinin bəzi nümayəndələri hadisədən sonra hökuməti sərhəd təhlükəsizliyinə görə tənqid ediblər. “Güclü Ermənistan” blokunun parlamentdəki lideri Narek Karapetyan hakimiyyəti hərbçini Azərbaycana qaytarmamağa çağırıb.
“Hayastan” alyansının üzvü Anna Qriqoryan da oxşar mövqe bildirib. O iddia edib ki, yerli sakinlərə təhlükə barədə əvvəlcədən xəbərdarlıq edilməməsinin səbəbi hərbçinin tapılaraq sakit şəkildə Azərbaycana qaytarılması niyyəti ola bilər. Ermənistan hakimiyyəti bu iddiaya münasibət bildirməyib.
Bundan əvvəl də Azərbaycan və Ermənistan hərbçilərinin sərhədi keçməsi halları qeydə alınıb.
2023-cü ildə Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanın Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraiti və məhdud görünmə səbəbindən iki hərbi qulluqçunun itkin düşdüyünü açıqlamışdı. Daha sonra onların Ermənistanda saxlanıldığı məlum olmuşdu.
Hüseyn Axundov və Aqşin Bəbirov həmin ilin dekabrında azad edilərək Azərbaycana qaytarılıb. Azərbaycan isə 32 erməniəsilli şəxsi Ermənistana təhvil verib. (AbzasMedia)
