Azərbaycanda itkin düşdüyü bildirilən hərbçi Ermənistanda saxlanılıb.
Tacxeber.com Xitab24.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd olunub ki, sentyabrın 29-da Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə (MTX) Azərbaycan hərbi hissələrindən birinin hərbi qulluqçusunun naməlum şəraitdə xidmət yerini tərk etməsi ilə bağlı məlumat verib.
Onun Ermənistan Respublikasının dövlət sərhədini qanunsuz keçə biləcəyi ehtimal olunub. Daha sonra Ermənistan və Azərbaycanın səlahiyyətli qurumları müvafiq axtarış tədbirləri həyata keçiriblər.
Əlavə olunur ki, oktyabrın 1-də, saat 14:15-də Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin “112” operativ idarəetmə mərkəzinə Sünik bölgəsinin Şaki kəndində bir Ermənistan vətəndaşının ayağından odlu silahla yaralanması barədə məlumat daxil olub.
Bildirilir ki, Daxili İşlər Nazirliyinin müxtəlif polis bölmələrinin operativ qrupları hadisə yerinə gəliblər. Hadisənin bütün hallarının müəyyən edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülüb.
Müəyyən edilib ki, hadisə Azərbaycan hərbi qulluqçusu tərəfindən törədilib və o, sonradan saxlanılıb.
Hadisə ilə bağlı təfərrüatlar Azərbaycan tərəfinə də təqdim olunub. Ermənistan Respublikasının İstintaq Komitəsi tərəfindən hadisə ilə əlaqədar cinayət işi başlanılıb.
