DünyaSiyasət

Suriya yeni və daha təhlükəli bir böhranın astanasındadır

Nə qədər ki, ABŞ-ın ətəyindən əl çəkməyiblər, Fars körfəzinin kral ailələrini yaxşı heç nə gözləmir. Həm valyuta gəlirlərinin azalması səbəbindən daxili iğtişaşlar qalxa bilər, həm də mövcud kral ailəsi daxilində saray çevrilişləri ola bilər. Amma çoxumuz bu hadisələr fonunda Suriyanı tamam yaddan çıxarmışıq.

Suriyanın vəziyyəti daha acınacaqlıdır. Suriya onsuz da pis gündə idi – iqtisadiyyatı dağılıb və onu bərpa etmək üçün milyardlarla investisiya tələb olunur. Bəzi mənbələrə görə, əhalinin vəziyyəti Əsəd dövründən də pis hala gəlib.

Əsəd hakimiyyətinin duruş gətirə biməməsinin əsas səbəbi məhz iqtisadiyyata investisiyaların olmaması idi – nə Rusiyanın, nə də İranın Suriyaya milyardlarla pul qoymaq imkanı yox idi. Başqa ölkələr isə ABŞ sanksiyaları altında olan Əsəd Suriyasına pul qoymağa cəsarət etmirdilər. Rusiyanın ərəb şeyxləri ilə münasibətləri yaxşılaşdırmasının da xeyri olmadı. Hətta ABŞ sanksiyaları olmasaydı da onlar Yaxın Şərqdə, xüsusən də, ərəb ölkəsində sekulyar hakimiyyət görmək istəmirdilər. İqtisadi vəziyyət gündən-günə pisləşdiyindən əhali elə hala gəldi ki, onları hakimiyyətə kimin, hansı ideologiyanın gəlməsi artıq maaraqlandırmırdı, təki dolanışığı təmin etsinlər.

Silahlı müxalifəti ABŞ və ərəb şeyxləri maliyyələşdirirdilər. Əhali də haqlı olaraq belə sadə məntiqlə düşündü ki, müxalifət hakimiyyətə gəlsə, ABŞ-ın və şeyxlərin maraqlarını qoruyacaq. Bu səbəbdən də yeni hakimiyyət dövründə ABŞ sanksiyalarını ləğv edə, şeyxlər isə ölkəyə investisiyalar qoya bilərlər. Buna görə də 2024-cü ilin dekabrında müxalifət hücum edəndə əhali onlara müqavimət göstərmədi.

Colanini (indiki Şaraanı) hakimiyyətə Türkiyə gətirdi. Bəs 10 ilə yaxın müddətə müxalifət qüvvələrini saxlamaq və hər şeylə təchiz etmək üçün Türkiyədə o qədər pul hardan idi? Pulları Qətər və S.Ərəbistanı verirdi. Şeyxlər Türkiyəyə vəd vermişdilər ki, Colanini hakimiyyətə gətirsə, Suriyaya investisiya kanalını açacaqlar. Bu təminat olmasaydı, Türkiyə Suriya oyununa girməzdi.

Türkiyə də əmin oldu ki, Suriya şeyxlərin hesabına tezliklə bərpa olunacaq, o da bu bərpa (əsasən tikinti) işlərində böyük layihələr qazanacaq, həm də Suriyanı öz təsiri altında saxlamaqla Aralıq dənizi və Yaxın Şərq regionlarında güclü mövqe əldə edəcək.

İlk vaxtlar hər şey plan üzrə gedirdi. Colani hakimiyyətə gəlib, Şaraa oldu. Suriyanın çox hissəsi faktiki olaraq Türkiyənin çətiri altına keçdi. Şaraa ilk rəsmi xarici səfərlərini Ər-Riyada etdi (2 fevral 2025) və bəyənildi. Bundan sonra Səudiyyə şəhzadəsi Trampın Ər-Riyada səfəri zamanı (may 2025) Şaraanı onunla görüşdürdü və ABŞ-a yüz milyardlarla investisiya qoymaq vədi ilə Suriyaya qarşı tətbiq edilmiş sanksiyaları ləğv etməyi xahiş etdi. “Bəxşişdən” məmnun qalan Tramp evə qayıtdıqdan sonra Suriyaya qarşı sanksiyaları qismən ləğv etdi. Beləliklə, şeyxlərin Suriyaya investisiya qoyması üçün maneə qalmadı.

Bundan sonra şeyxlərin nümayəndələri Suriyada oldular, investisiya imkanlarını qiymətləndirmək üçün araşdırmalar apardılar. Suriyaya humanitar yardımlar göstərməyə başladılar…

Lakin Suriyanın dirçəlməsi İsrailin maraqlarına cavab vermirdi. İsrail də dolayı yolla Colanini müdafiə edirdi, lakin onun məqsədi Colanini hakimiyyətə gətirmək yox, ölkədə sonsuz vətəndaş müharibəsi şəraitini saxlamaq idi. Suriyanın sabitliyi və bütövlüyünü, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, İsrail özü üçün təhdid hesab edir. Buna görə də İsrail Suriyada elə şərait yaradırdı ki, ölkədə sabitlik olmasın, hər zaman böyük müharibə riski qalsın – belə şəraitdə isə investisiya qoymaq istəyən tapmaq çətindir. Faktiki olaraq, şeyxlər Türkiyədən tələb edirdilər ki, Suriyada sabitliyi təmin etmək onun öhdəliyidir – təmin etsin, biz də pul qoyaq…

Bu didişmələr bütün 2025-ci il boyu davam etdi və 2026-cı ilin 28 fevralında İran müharibəsi başlandı. Müharibə Suriya ilə bağlı bütün planları pozdu. Hörmüz və Bab əl-Məndab boğazlarının bağlanması, ölkələrinə dəyən böyük ziyanlar Körfəz krallıqlarını elə vəziyyətə salıb ki, onlar nəinki Suriyaya, heç ABŞ-a da investisiya qoymaq haqqında düşünmürlər. Onlar öz ölkələrində planlaşdırdıqları meqainvestisiya layihələrini də dayandırıblar. Krallıqlar artıq kredit verən ölkələrdən kredit alan ölkələrə çevriliblər. Belə vəziyyətin yaxın zamanda müsbətə doğru dəyişəcəyi isə sual altındadır. Hətta dəyişsə belə daha əvvəlki kimi olmayacaq, həm də bu ölkələr özlərinə dəymiş zərəri bərpa etmək üçün xarici investisiyaları azı 5 il müddətinə dayandıracaqlar.

İndi bəs Suriya neyləsin? Suriyaya investisiya qoyulmurdu – bu onun gələcəyinə qoyulan vəsait idi, amma bu gününə az-çox pul qoyulurdu axı – humanitar yardımlar. İndi, yəqin ki, şeyxlər humanitar yardımları da ya kəsiblər, ya da azaldıblar.

Son vaxtlar S.Ərəbistanı Şaraadan “xahiş” (tələb) edir ki, Yəməndə husilərə qarşı vuruşsun – yəqin ki, humanitar yardımın qarşılığında. Şaraa bu “xahişə” imtina etdi – onsuz da indiki nüfuzla heç kimi ora göndərə bilməyəcəkdi. Bu imtinanın fəsadları nə olacaq – görəcəyik.

Tramp da o tərəfdən Şaraadan tələb edir ki, Livanda Hizbullaha qarşı vuruşsun. Şaraa hələ ki ona da etiraz edir. Bu da Suriya, azı Şaraa üçün yaxşı heç nə vəd etmir. Onu hakimiyyətə “baş üstə” demək üçün gətirmişdilər axı.

3-cü tərəfdən isə İsrail Dəməşqə yaxınlaşaraq, ona hədə-qorxu gəlir ki, cızığından çıxsan, irəliləyəcəyik və tutduğumuz ərazilərdən əbədi çıxmayacağıq.

Hələ 4-cü tərəf də var: Əsəd hakimiyyəti ilə vuruşmuş və Colanini Şaraa etmiş işidçi tör-töküntüləri. Onlar Suriyada Əfqanıstan-fason bir rejim qurmaq istəyirdilər. Şaraanın ABŞ, Avropa və İsrail ilə yaxşı münasibətlər qurmağa çalışması onların narazılığına səbəb olur. Bəlkə də ölkədə yenidən iğtişaşların baş qaldırması üçün bir qığılcım kifayət edər – ilk öldürülənlərdən biri, yəqin ki, Şaraa olacaq.

5-ci tərəf də var – xalq. Onlar Bəşər Əsədin vaxtında bir gün görmədilər, indi ondan da pis günə düşüblər. Ölkədə ümid edə biləcəkləri bir qüvvə də qalmayıb. Belə bir qüvvə ortaya çıxsa, üsyanların yenidən qalxma ehtimalı yüksəkdir.

Türkiyə isə Suriyada öz bataqlığını qazanıb – Suriyanı nə saxlaya bilir, nə də əldən verə bilir…

 

Asif  Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Gürcüstan-Rusiya sərhədi bağlandı – Nə baş verir?

redaktor

Sparta yerini Afinaya buraxır…..

redaktor

Süni intellektlə bağlı narahatlıqların əsası var?

redaktor