Cəmiyyət

İsveçrəli müdirlə azərbaycanlı müdirin fərqi

Qonşuluğumuzda yaşayan bir türk xanım İsveçrədə ofislərdən birində işləyir. Bir neçə gün əvvəl danışdığı kiçik bir hadisə mənə çox maraqlı gəldi. Zahirdə söhbət cəmi iyirmi dəqiqəlik təmizlik işindən gedir. Amma həmin iyirmi dəqiqənin içində bütöv bir idarəçilik mədəniyyəti, müdir–işçi münasibəti və iki fərqli cəmiyyətin düşüncə tərzi görünür.

Xanımın işlədiyi ofisdə ayrıca təmizlik işçisi yoxdur. İşçilər istifadə etdikləri ümumi sahəni, mətbəxi və tualeti növbə ilə özləri təmizləyirlər. Ayda təxminən bir dəfə növbə hər işçiyə çatır. Ağır və mürəkkəb iş deyil, təxminən iyirmi dəqiqə vaxt aparır.

Təmizlik növbəsinin siyahısını hazırlamaq qonşuma tapşırılıb. O da işçilərin adlarını və hər birinin hansı gün təmizlik edəcəyini yazıb, siyahını ofisdə hamının görə biləcəyi yerə asıb.

Ofisin rəhbəri gənc isveçrəli oğlandır. Siyahıya baxır və orada öz adını görmür. Qonşuma yaxınlaşıb soruşur:

– Mənim adımı niyə siyahıya yazmamısınız?

Qonşum cavab verir:

– Siz buranın müdirisiniz. Düşündüm ki, sizi təmizlik növbəsinə salmaq düzgün olmaz.

Müdir etiraz edir:

– Xeyr, belə olmaz. Mən də sizinlə eyni ofisdə işləyirəm, eyni mətbəxdən və eyni tualetdən istifadə edirəm. Siz təmizləyirsinizsə, mən niyə təmizləməməliyəm? Xahiş edirəm, mənim də adımı siyahıya əlavə edin.

Və müdirin adı növbə siyahısına əlavə olunur.

Bu hadisənin mahiyyəti tualeti kimin təmizləməsində deyil. Məsələ rəhbərin özünü kollektivdən üstün, toxunulmaz və imtiyazlı şəxs hesab edib-etməməsindədir.

İsveçrəli müdir “mən rəhbərəm” deyib özünü ümumi qaydadan kənarda saxlamağa çalışmır. Əksinə, düşünür ki, hamının istifadə etdiyi yeri təmizləmək hamının məsuliyyətidir. Vəzifəsi ona əlavə hüquq versə də, başqalarının üzərinə atılan əlavə imtiyaz vermir.

Bizim cəmiyyətimizdə isə “müdir” sözünün mənası çox vaxt tamam fərqli qəbul olunur. Müdir otağa girəndə hamı ayağa qalxmalı, onun qarşısında əli bağlı dayanmalı, dediyinə etiraz etməməlidir. Müdir səsini qaldıra, işçini hamının yanında alçalda, kobud danışa bilər. İşçi isə işini itirmək qorxusundan bunları udmalı və susmalıdır.

Hətta bəzən rəhbərin çantasını daşımaq, çayını gətirmək, qapısını açmaq belə işçinin yazılmamış vəzifəsinə çevrilir. Belə mühitdə vəzifə məsuliyyət yox, üstünlük vasitəsi kimi başa düşülür.

Əlbəttə, İsveçrədə və ümumilikdə Qərbdə bütün müdirlər mədəni və ədalətli deyil. Burada da kobud, özbaşına, işçiyə yuxarıdan baxan rəhbərlər var. Necə ki, Azərbaycanda da işçisinə hörmət edən, kollektivlə bərabər davranan çox gözəl rəhbərlər mövcuddur. Xüsusilə yeni nəsil arasında sağlam idarəçilik mədəniyyətinə maraq artır.

Amma əsas məsələ ayrı-ayrı adamlardan daha çox, hansı davranışın cəmiyyətdə dominant olmasıdır.

İsveçrədə özünü işçidən üstün tutan rəhbərin davranışı çox vaxt normal qarşılanmır. Azərbaycanda isə işçiyə qışqıran, onu alçaldan və özünü hamıdan yüksəkdə görən rəhbər obrazı hələ də geniş yayılıb. Bəzən bunu hətta “güclü rəhbərlik” hesab edirlər.

Halbuki qışqırmaq güc deyil. İşçini qorxutmaq idarəçilik deyil. İnsanları susdurmaq da hörmət qazanmaq demək deyil.

Qorxu üzərində qurulan kollektivdə işçi yalnız müdirin gözü qarşısında işləyir. Təşəbbüs göstərmir, məsuliyyəti üzərinə götürmür, səhvini gizlədir və ilk fürsətdə həmin iş yerindən çıxmaq istəyir. Çünki özünü kollektivin üzvü yox, müdirin tabeliyində olan dəyərsiz bir adam kimi hiss edir.

Hörmət üzərində qurulan kollektivdə isə vəziyyət fərqlidir. İşçi bilir ki, onun şəxsiyyəti və əməyi qiymətləndirilir. Fikrini sərbəst söyləyə, problemi gizlətmədən rəhbərə çatdıra bilir. Belə mühitdə insanlar daha məsuliyyətli, daha yaradıcı və daha səmərəli işləyirlər.

İngilislərin “efficient” dediyi anlayış da məhz budur: işi sadəcə görmək yox, onu daha ağıllı, keyfiyyətli və səmərəli şəkildə görmək.

İşçiyə hörmət etmək xeyriyyəçilik deyil. Müasir idarəçilikdə bu, iqtisadi səmərəliliyin əsas şərtlərindən biridir. Özünü dəyərli hiss edən işçi işlədiyi yerə daha çox bağlanır. Alçaldılan və qorxudulan işçi isə bütün enerjisini yaxşı işləməyə deyil, özünü qorumağa sərf edir.

Azərbaycanın gələcəyi yalnız yolların, binaların və texnologiyanın yenilənməsindən asılı deyil. İnsanlar arasındakı münasibətlər də dəyişməlidir. Dövlət idarələrində, şirkətlərdə, məktəblərdə, xəstəxanalarda və kiçik müəssisələrdə rəhbər–işçi münasibəti daha sivil formaya keçməlidir.

Rəhbərlik insanın hamıdan üstün olması demək deyil. Rəhbərlik daha çox məsuliyyət daşımaq, kollektivə nümunə göstərmək və insanların ləyaqətinə hörmət etməkdir.

İsveçrəli gənc müdirin etdiyi böyük qəhrəmanlıq deyil. O, cəmi adının təmizlik siyahısına əlavə edilməsini istəyib. Amma bəzən bir cəmiyyətin mədəniyyətini böyük şüarlardan deyil, məhz belə kiçik davranışlardan görmək mümkündür.

Eyni ofisdə işləyiriksə, eyni qaydalar hamımıza aid olmalıdır.

Müdirə də, işçiyə də.

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Hicab, yoxsa geyim idxalı?

redaktor

Bakını necə “boşaldaq”?

redaktor

Nənənin bankası üçün sertifikat: niyə Azərbaycanda kəndlər boşalır?

redaktor