Həbsdə olan Ruben Vardanyan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Sabina Əliyevaya müraciət edərək Umbakı Penitensiar Kompleksində saxlanılan Ermənistan vətəndaşlarının hüquqlarının pozulduğunu bildirib.
Qarabağdakı separatçı qurumun keçmiş “dövlət naziri” sentyabrın 18-də yayılan videomüraciətdə Ombudsman Aparatının apreldə məhbuslara təqdim etdiyi hüquqlar barədə kitabçaya və Cəzaların İcrası Məcəlləsinə istinad edib.
O bildirib ki, kompleksdə onunla birlikdə saxlanılan digər 18 Ermənistan vətəndaşından bəzilərinə həftəlik telefon danışığına icazə verilmir, videogörüşlər isə ümumiyyətlə mümkün deyil. Nəticədə bəzi məhbusların üç ilə yaxındır uşaqlarını görmədiyi iddia olunur.
Vardanyanın sözlərinə görə, məhbuslar öz vəsaitləri hesabına belə tibbi müayinələrdən keçə bilmir, ailə üzvləri üçün etibarnamə vermələrinə notariat xidmətinin göstərilməməsi mane olur. O, açıq havada gəzinti müddətinin qanunda nəzərdə tutulan gündəlik bir saat əvəzinə həftədə bir dəfə 20–40 dəqiqə ilə məhdudlaşdırıldığını, müraciət və şikayətlərə yazılı cavab verilmədiyini də deyib.
Vardanyan Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı fəaliyyətinin dayanmasından sonra məhbusların ailələri ilə əsas əlaqə kanalını itirdiyini bildirib. Onun sözlərinə görə, məhbusların əksəriyyəti bağlama almır, bəzilərinin isə müəssisənin mağazasından ərzaq almaq və telefon danışığının haqqını ödəmək üçün vəsaiti yoxdur.
O, həyat yoldaşı Veronika Zonabendin Bakıya gələrək Ombudsmanla və məhbuslarla görüşməyə, mindən çox məktub, bağlama və zəruri əşyanı çatdırmağa hazır olduğunu, lakin bununla bağlı müraciətlərə cavab verilmədiyini bildirib.
“Burada nə qədər qalacağımızdan asılı olmayaraq, öz qanunlarınıza əməl edin”, – Vardanyan müraciətində deyib.
Ombudsman Aparatı bu konkret müraciətə hələlik ayrıca münasibət bildirməyib.
Bununla belə, qurum sentyabrın 5-də Ermənistanlı hüquq müdafiəçisinin Azərbaycanda saxlanılan erməniəsilli şəxslərin vəziyyəti barədə iddialarına cavab verərək ayrı-seçkilik, işgəncə və dini məhdudiyyətlərlə bağlı deyilənləri əsassız adlandırmışdı.
Açıqlamada Ombudsmanın Milli Preventiv Qrupunun məhbuslarla konfidensial görüşlər keçirdiyi, onların tibbi və psixoloji vəziyyətini qiymətləndirdiyi bildirilirdi. Aparat monitorinq zamanı məhbusların hüquqlarının beynəlxalq standartlara uyğun təmin edildiyini, tibbi yardıma və digər zəruri xidmətlərə çıxışlarının olduğunu açıqlamışdı.
Həmin açıqlamada telefon danışıqlarının müddəti, gündəlik gəzinti, notariat xidmətləri və bağlamaların qəbulu ilə bağlı konkret məlumat verilməmişdi.
Ruben Vardanyan 2023-cü il sentyabrın 27-də saxlanılıb. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, o, Laçın sərhəd-buraxılış məntəqəsində Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən tutulub.
2026-cı il fevralın 17-də Bakı Hərbi Məhkəməsi Vardanyanı 20 il azadlıqdan məhrum edib. Hökmə əsasən, o, cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Bundan əvvəl, fevralın 5-də eyni məhkəmə tanınmayan “Dağlıq Qarabağ Respublikası”nın keçmiş rəhbərləri və digər təqsirləndirilən şəxslər haqqında hökm çıxarıb.
Araik Harutyunyan, Davit Manukyan, Davit İşxanyan, Levon Mnatsakanyan və Davit Babayan ömürlük azadlıqdan məhrum ediliblər. Keçmiş rəhbərlər Arkadi Qukasyan və Bako Saakyana 20 il həbs cəzası verilib.
Madat Babayan və Melikset Paşayan 19, Qarik Martirosyan 18, Davit Allahverdiyan və Levon Balayan 16, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il azadlıqdan məhrum ediliblər.
Məhkəmə Qukasyan və Saakyanın hökm çıxarılanadək 65 yaşına çatdıqlarını, buna görə də qanunvericiliyə əsasən onlara ömürlük həbs cəzası verilə bilmədiyini bildirib. (AbzasMedia)
