25 C
Bakı
18 Sentyabr 2026 18:12
DünyaSiyasət

Dünya karantini bitirdi, Azərbaycan sərhədləri açmadı

Azərbaycan hökuməti xüsusi karantin rejiminin müddətini yenidən uzadıb. Nazirlər Kabinetinin 17 sentyabr 2026-cı il tarixli qərarına əsasən, rejim 2027-ci il yanvarın 2-si saat 06:00-dək davam edəcək.

Azərbaycanda xüsusi karantin rejimi 24 mart 2020-ci ildə tətbiq olunub. Yeni müddət başa çatanda “müvəqqəti” rejimin yaşı 6 il 9 ay 9 gün 6 saat, başqa sözlə, 2 475 gün olacaq.

Dünya bu karantini çoxdan bitirib. Ümumdünya Səhiyyə Təşkilatı hələ 5 may 2023-cü ildə COVID-19-un beynəlxalq fövqəladə səhiyyə vəziyyəti olmadığını elan edib. Dünya ölkələri pandemiya ilə bağlı sərhəd məhdudiyyətlərini aradan qaldırıblar. Azərbaycanda isə quru sərhədləri hələ də bağlıdır.

Təyyarə ilə Azərbaycana gəlmək mümkündür, avtomobil, avtobus və ya qatarla gəlmək isə mümkün deyil. Yük maşınları sərhəddən keçir, ticarət davam edir, xüsusi icazəsi olanlar keçə bilir, amma sıravi vətəndaş üçün quru sərhədi bağlıdır.

Əgər səbəb həqiqətən koronavirusdursa, eyni insanın təyyarə ilə gəlməsi təhlükəsiz, avtomobillə gəlməsi niyə təhlükəlidir?

Virus təyyarədən qorxur, avtobusu sevir?

Bu biabırçı vəziyyətin tibbi və məntiqi izahı yoxdur.

Qərarda COVID, siyasi izahda təhlükəsizlik

Nazirlər Kabinetinin qərarlarında rejimin uzadılması hələ də koronavirusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə əsaslandırılır. Yəni hüquqi sənəddə göstərilən səbəb COVID-19-dur.

Hakimiyyətin siyasi izahı isə tamam başqadır.

İlham Əliyev 23 sentyabr 2024-cü ildə VII çağırış Milli Məclisin ilk iclasında deyib:

“Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi”.

Prezident, həmçinin sərhədlərin bağlı olduğu vaxtda da “təhlükəli hərəkətlər” edildiyini və onların qarşısının alındığını bildirib. Onun fikrincə, Azərbaycanda daxili risk yoxdur, mümkün təhlükələr xaricdən gəlir və sərhədlərin bağlı saxlanması ölkəni həmin risklərdən qoruyur.

İlham Əliyev 5 yanvar 2026-cı ildə yerli televiziya kanallarına müsahibəsində məsələyə yenidən toxunub:

“Bəli, quru sərhədlər indiyə qədər bağlı qalır. Düşünürəm ki, bunun səbəbi anlaşılandır”.

Ancaq nə “çox böyük fəlakətlər”in, nə “təhlükəli hərəkətlər”in, nə də “anlaşılan səbəb”in konkret olaraq nə olduğu açıqlanıb. İctimaiyyətə bununla bağlı fakt, statistika və ya rəsmi hesabat təqdim edilməyib.

Beləliklə, hakimiyyətin müdafiəçilərinin əsas arqumenti budur: sərhədlərin bağlı qalması Azərbaycanı terror, təxribat, qanunsuz miqrasiya və digər xarici təhlükələrdən qoruyur.

Azərbaycanın mürəkkəb regionda yerləşdiyi doğrudur. Dövlətin sərhəd təhlükəsizliyini qoruması onun vəzifəsidir. Amma təhlükəsizlik sərhədi bütün vətəndaşların üzünə bağlamaq demək deyil. Müasir dövlətlər təhlükəli şəxsləri pasport nəzarəti, biometrik sistemlər, məlumat bazaları və peşəkar xüsusi xidmət orqanları vasitəsilə müəyyən edirlər. Bir neçə təhlükəli şəxsə görə milyonlarla insanın hərəkət azadlığını məhdudlaşdırmırlar.

Əgər səbəb təhlükəsizlikdirsə, niyə Nazirlər Kabinetinin qərarında hələ də COVID-19 yazılır?

Əgər real təhlükə varsa, hökumət ayrıca və hüquqi cəhətdən aydın qərar qəbul etməli, məhdudiyyətin səbəbini, müddətini və hansı şərtlərlə ləğv ediləcəyini cəmiyyətə açıqlamalıdır.

Hazırda isə hüquqi sənəddə karantin, siyasi çıxışda təhlükəsizlik, praktikada müddətsiz qapalı sərhəd görürük.

Bu qərar ən çox kasıbların belini qırır

Quru sərhədlərinin bağlı qalmasının ağırlığını ilk növbədə kasıb və aztəminatlı insanlar çəkirlər.

İmkanlı adam onsuz da təyyarə bileti alıb gedir. Kasıb vətəndaş isə Gürcüstana, Türkiyəyə, Rusiyaya və İrana daha ucuz avtobusla və ya öz avtomobili ilə getmək imkanından məhrum edilir. Xaricdə yaşayan ailə üzvlərini görmək, xəstəsini ziyarət etmək, yas və toy mərasimində iştirak etmək üçün baha təyyarə bileti almağa məcbur olur.

Onsuz da insanların dolanışıq imkanları məhduddur. İşsizlik, bahalaşma və aşağı gəlirlər minlərlə ailəni sıxır. Sərhədlərin bağlı saxlanması isə onların belində əlavə yükə çevrilir.

Sərhədyanı rayonlarda kiçik ticarətlə, daşımayla, turizmlə və xidmət sahəsi ilə dolanan insanlar da illərdir gəlirlərindən məhrumdurlar. Qazaxda, Balakəndə, Astarada, Xaçmazda və digər sərhəd bölgələrində quru keçidlərinin işləməsi minlərlə insan üçün dolanışıq mənbəyi ola bilərdi.

Amma vətəndaşın ucuz səfər imkanı əlindən alınır, o, hava yolundan istifadə etməyə məcbur edilir. Bunun nəticəsində təyyarə şirkətləri üçün təminatlı bazar yaranır, sadə insan isə bir neçə saatlıq yol üçün yüzlərlə manat ödəyir.

Bu artıq səhiyyə məsələsi deyil. Altı il doqquz ay davam edən rejim nə karantindir, nə də müvəqqəti tədbir. Bu, insanların hərəkət azadlığını, ailə əlaqələrini və dolanışıq imkanlarını məhdudlaşdıran daimi idarəçilik üsuluna çevrilib.

Şimali Koreyanın sərhədləri də tam bağlı deyil

Dünyanın ən qapalı dövləti sayılan Şimali Koreya adi beynəlxalq turizm üçün əsasən bağlıdır. Bununla belə, rusiyalı turistlərin məhdud səfərlərinə icazə verilir, Rusiya ilə hava və dəmir yolu əlaqələri işləyir. 2026-cı ilin sentyabrında iki ölkə arasında ilk avtomobil körpüsü də açılıb. Çinlə ticarət, müəyyən qatar və hava əlaqələri mövcuddur.

Yəni hətta Şimali Koreyanın sərhədləri belə sözün tam mənasında hermetik bağlanmayıb. Əlbəttə, Şimali Koreya ümumilikdə Azərbaycandan qat-qat qapalı ölkədir. Ancaq Azərbaycan normal beynəlxalq uçuşları davam etdirərək, Formula 1 və başqa beynəlxalq tədbirlər keçirərək, milyonlarla turist çağıraraq quru sərhədlərini COVID adı altında altı ildən çox bağlı saxlayan dünyadakı ən istisna, yeganə dövlətdir.

Dünya karantini çoxdan bitirib.

Azərbaycan hakimiyyəti isə karantinin adını saxlayır, quru sərhədlərini açmır və bunun həqiqi səbəbini xalqa aydın şəkildə izah etmir.

İndi əsas sual budur:

Azərbaycan vətəndaşının öz ölkəsinə quru yolu ilə gəlmək və ucuz səfər etmək hüququ hansı əsasla və nə vaxta qədər əlindən alınacaq?

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

İranın Ermənistanda aktivləşmə siyasəti: lojistika və enerji bazarları

redaktor

Cared Kuşnerdən Putinə tərs sillə

redaktor

Polşada separatçı simvolları satışdan çıxarmağa nail olan bir Azərbaycanlı var

redaktor