26 C
Bakı
15 Sentyabr 2026 10:26
DünyaTarix

Olduqca maraqlı və müəmmalı olan bu siyasi fiqur qəsd nəticəsində ağır yaralanır və sonra ölür

1 (yeni təqvimlə: 14) sentyabr 1911-ci il, Rusiyanın baş naziri Pyotr Stolıpin qəsd nəticəsində ağır yaralanır və dörd gün sonra ölür.

Stolıpin Rusiya monarxiyasının son illərində yəqin ki, ən parlaq dövlət xadimi idi. O, 1903-1906-cı illərdə Saratov qubernatoru olarkən apardığı islahatlarla diqqət çəkdi və 1906-cı ildə 44 yaşında Rusiya imperiyasının həm baş naziri, həm daxili işlər naziri təyin edildi. Bu vəzifədə Birinci rus inqilabını yatıra bildi, həm də bir sıra islahatlar keşirdi: xüsusən də aqrar islahatı ilə diqqətəlayiqdir. Onun II Dumanın solçu deputatlarını nəzərdə tutaraq dediyi “Onlara böyük sarsıntılar lazımdır, bizə isə böyük Rusiya” ifadəsi xeyli məşhurlaşmışdı. Solçular Stolıpini inqilab qarşısında ən böyük əngəl kimi görürdülər və onun həyatına 10 dəfə uğursuz qəsd etmişdilər.

Qatili isə Dmitri Boqrov adlı yəhudi idi. O da olduqca maraqlı və müəmmalı fiqurdur. 1887-ci ildə Kiyevdə anadan olan Dmitrinin atası vəkil idi. Yaxşı təhsil alıb. 1905-ci ildə Münxen universitetinin hüquq fakültəsinə daxil olub. Bir il sonra nədənsə Kiyevə qayıdıb, təhsilini yerli universitetdə davam etdirib.

O zamanın təhsilli yəhudi gənclərinin əksəriyyəti kimi solçuluğa meyl edib. 1906-cı ilin sonlarında anarxist-kommunistlər dərnəyinə üzv olub. Amma bir neçə aydan sonra könüllü şəkildə Kiyev mühafizə şöbəsinə (polisin siyasi işlərlə məşğul olan strukturu, oxranka) məktub yazaraq casusluq xidmətini təklif edir. Bir sıra inqilabçıları ələ verir. 150 rubl aylıq maaş alır.

İnqilabçılar arasında Boqrovla bağlı şübhələr yarandıqda 1910-cu ildə polislə əməkdaşlığını müvəqqəti dayandırır.

1911-ci il sentyabrın 1(14)-də Kiyevdə çar II Aleksandrın heykəlinin açılışı olacaqdı. Təhkimçilik hüququnun ləğvinin 50 illiyinə həsr edilən bu tədbirdə II Nikolay, Stolıpin və imperiyanın bir çox yüksək mənsəbli xadimləri iştirak edəcəkdi. Həmin gün axşam Kiyev teatrında “Çar Saltan haqqında nağıl” tamaşası göstəriləcəkdi.

Boqrov Kiyev mühafizə şöbəsinin rəisi Kulyabkoya məktub yazaraq terrorçuların teatrda olacaqlarını və yüksək mənsəbli şəxslərdən birini öldürəcəkləri barədə məlumat verir. O, iddia edir ki, həmin adamları üzdən tanıyır və əgər özü də teatrda olarsa, yaxalanmalarına kömək edər.

Kulyabko daxili işlər nazirinin müavini Pyotr Kurlovla və başqaları ilə məsləhətləşərək Boqrova teatra buraxılış kağızı verir. Boqrov ailəsinə vida məktubu (“onsuz da bir gün indi bitirdiyim kimi bitirəcəkdim”) yazaraq evdən çıxır.

Tamaşanın ikinci antraktında Stolıpin orkestr çökəyinin yaxınlığında duraraq bir neçə nəfərlə söhbət edirdi. Yerindən qalxan Boqrov sürətlə ona yaxınlaşır və brauninqdən iki dəfə atəş açır. Güllələrdən biri baş nazirin əlinə dəyir, o biri qarnına dəyərək qara ciyərini zədələyir. Qaçmaq istəyən Boqrov tutulur. Stolıpin isə çar lojasına tərəf çevrilir, xaç çəkərək hökmdara xeyir-dua verir.

Stolıpini bəlkə xilas etmək də olardı, amma ilk iki gündə müalicə passiv üsulla aparılır. Yalnız sentyabrın 3(16)-də Peterburqdan gələn həkim cərrahi müdaxilə edir və gülləni çıxarır. Bu müddət ərzində vəziyyəti ağırlaşan baş nazir sentyabrın 5(18)-də vəfat etdi.

Stolıpinin vəsiyyətnaməsi açılanda məlum oldu ki, bir gün öldürüləcəyinə şübhə etmirmiş. Sənəddə “Məni öldürüldüyüm yerdə dəfn edərsiniz” yazılmışdı. Kiyevdə dəfn edilən baş nazirin məzarı indi də qalıb.

Pyotr Stolıpinin qətli ilə bağlı xeyli müəmmalar var ki, indiyəcən açılmayıb. Qatil Boqrovun tez-tələsik mühakimə edilərək sentyabrın 12(25)-də asılması da xeyli sual doğurur.

Məlumdur ki, Stolıpinin çar ailəsinin sevimlisi Rasputinlə arası yox idi və ölümündən əvvəl onu Peterburqdan qovmuşdu. Rasputin yalnız baş nazirin ölümündən sonra paytaxta qayıtdı. Bununla belə, qətlin saray tərəfindən qəsdən təşkil olunmasını sübut edən bir dəlil də yoxdur. Digər tərəfdən, çar bir fərmanı ilə onu vəzifəsindən götürə biləcəyi halda belə cinayətə nə ehtiyacı vardı?

 

Mənbə: “Tarixçi” teleqram kanalı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bakının qurtuluşundan 108 il keçir

redaktor

Kral ailəsinin fəxri üzvü olan azərbaycanlı

redaktor

Bakının xilaskarlarından biri Məşədi Hilal Kazımov

redaktor