Nikol Paşinyan Göyçə (Sevan) gölündə çimərkən çəkilmiş görüntüsünü paylaşıb. Bizdə də dərhal köhnə xəstəlik baş qaldırıb: “Bir gün Qarabağ kimi oranı da alarıq”, “İlham Əliyev gəlib orada çimər” və sair.
Mən isə illər əvvəl jurnalist kimi Ermənistanda olmuşam, Göyçə gölünü də görmüşəm. Gözəl yerdir.
Amma Azərbaycanın torpağı Azərbaycana bəs edir. Qarabağ üzərində suverenliyimiz bərpa olunub. İndi bizə yeni torpaq yox, bu torpaqda yaxşı dövlət və yaxşı həyat lazımdır.
Bizə elə Azərbaycan lazımdır ki, insan sabahından qorxmasın. Gənc gələcəyini xaricdə axtarmağa məcbur qalmasın. Dövlət büdcəsinə daxil olan sərvət vətəndaşın məktəbində, xəstəxanasında, pensiyasında, maaşında və həyat keyfiyyətində görünsün. Korrupsiya insanların və xüsusilə uşaqların gələcəyindən oğurlanan imkanlara çevrilməsin. Məhkəmə ədalətli, seçki həqiqi, məmur isə xalqın xidmətçisi olsun.
Paşinyana Azərbaycanda müəyyən simpatiyanın olmasının səbəbini də yalnız onun Ermənistanın baş naziri olması ilə izah etmək olmaz. Onun yaratdığı sadə həyat obrazı, korrupsiyaya qarşı ritorikası və Ermənistanı daha demokratik institutlara doğru aparmaq iddiası bizim cəmiyyətdə də maraq doğurur. Bu, Ermənistanı ideal dövlət etmir, Paşinyanı da ideal siyasətçiyə çevirmir.
Sadəcə insanlar qonşuya baxıb öz dövlətləri üçün də eyni sadə sualları verirlər:
Bizim məmur niyə daha hesabatlı olmasın? Dövlətin pulu niyə daha şəffaf xərclənməsin? Vətəndaş niyə öz ölkəsində daha ədalətli yaşamasın?
Göyçə gölündə kimin çiməcəyinin Azərbaycan insanının həyatına heç bir təsiri yoxdur.
Azərbaycanlıya Göyçənin sahili yox, öz ölkəsində hüquq, ədalət, rifah və sülh lazımdır.
Bizə yeni torpaq lazım deyil.
Bizə öz torpağımızda daha yaxşı Azərbaycan lazımdır…
