26 C
Bakı
11 Sentyabr 2026 20:19
Mədəniyyət

Ziyalılar belə öz rəhbərini normal seçə bilmirsə

Xalq artisti Həmidə Ömərova Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən seçkidən narazılığını bildirib. Deyir ki, namizədliyini irəli sürməyə şərait yaradılmayıb, müstəqil platformanın nümayəndəsi kimi çıxış etməsinə imkan verilməyib.

Mən bu mübahisədə kimin haqlı, kimin haqsız olduğunu hökm kimi söyləmək istəmirəm. Amma hadisənin özü çox düşündürücüdür.

Söhbət kino adamlarından gedir. Rejissorlardan, aktyorlardan, ssenaristlərdən — cəmiyyətin yaradıcı və ziyalı təbəqəsi saydığımız insanlardan.

Əgər Azərbaycanın ziyalıları belə öz peşə təşkilatlarında bir neçə namizədin sərbəst şəkildə ortaya çıxıb proqramını təqdim etdiyi, insanların da istədiyi adama səs verdiyi adi bir seçki keçirə bilmirlərsə, onda biz ölkə miqyasında demokratik seçki mədəniyyətini haradan gözləyirik?

Axı seçki çox mürəkkəb şey deyil.

Namizəd olmaq istəyən namizədliyini verir. Danışmaq istəyən danışır. Fikrini və proqramını təqdim edir. Üzvlər qulaq asır və gizli, azad səsvermə ilə rəhbərini seçirlər. Uduzan nəticəni qəbul edir, qalib işləməyə başlayır.

Bunun üçün nə böyük siyasi nəzəriyyə, nə də xüsusi qəhrəmanlıq lazımdır.

Ən ağrılısı budur ki, uzun illər normal seçki mədəniyyətinin zəifləməsi təkcə siyasi institutlarda qalmır. Tədricən cəmiyyətin başqa sahələrinə də keçir. İnsanlar seçməkdən çox təyin olunmağa, rəqabətdən çox əvvəlcədən müəyyənləşdirilmiş nəticəyə alışırlar.

Ziyalının vəzifəsi isə bunun əksini göstərmək olmalıdır. Kino adamı cəmiyyətə yalnız film göstərmir. Yazıçı yalnız kitab yazmır. Alim yalnız dərs demir. Ziyalı həm də davranışı ilə cəmiyyətə nümunə göstərir.

Ona görə məsələ təkcə Kinematoqrafçılar İttifaqının sədrinin kim olacağı deyil.

Məsələ daha böyükdür:

Azərbaycan ziyalısı öz kiçik təşkilatında belə azad seçim mədəniyyəti yarada bilmirsə, vay onda böyük Azərbaycanın halına…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Kamançanı da standartlaşdırdıq: dövlətin növbəti “böyük problemi” həll olundu

redaktor

Azərbaycan Kinematoqrafçılar İttifaqında nə baş verir?

redaktor

Şəfiqə xanım, siz tarixsiniz – kreslo davası ilə yox, möhtəşəm rollarınızla yadda qalın!

redaktor