18 C
Bakı
08 Sentyabr 2026 17:15
DünyaSiyasət

Putin–Əliyev xəttində buzlar əriyir: Kreml Bakını itirmək istəmir

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 7-də Prezident İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı dövlət başçıları iqtisadi-ticari və humanitar əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirə ediblər. İkitərəfli əlaqələrin müxtəlif səviyyələrdə intensivləşdirilməsi barədə razılıq əldə olunub.

Liderlər sonuncu dəfə Qırğızıstanın paytaxtı Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illik yubiley sammiti zamanı görüşmüşdülər. Əslində, həmin görüş ənənəvi deyil, ayaqüstü, qısa bir görüş idi. Bununla belə, liderlər qısa da olsa, cari vəziyyəti müzakirə etmişdilər.

Ümumiyyətlə, Rusiyanın Azərbaycana baxış bucağı birmənalı deyil. Misal üçün, Rusiya media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə ardıcıl təxribat, təhqir və təhdid xarakterli açıqlamalar tez-tez müşahidə edilir. Sonuncu dəfə isə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən təxribat xarakterli şəkillər yerləşdirilib.

Buna baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin sonuncu açıqlamalarından birində deyib:

“Biz Azərbaycanın daxili işlərinə müdaxilə edə bilərikmi və ya etməliyikmi? Bütün Qərb ölkələri də Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırdı. Ermənistan🇦🇲 tərəfi bölgədə yaşayan erməni əhalinin hüquq və maraqlarının təmin olunacağına ümid edirdi. Prezident Əliyev həmin insanlara qarşı heç bir pis iş görməzdi. O, müasir, ziyalı insandır və onların maraqlarını 100 faiz təmin etməyə çalışardı. Lakin onlar yenə də orada qalmazdılar. Belə də oldu”.

Göründüyü kimi, bir tərəfdə Azərbaycanı, Azərbaycan xalqını və ölkə rəhbərliyini ardıcıl tənqid və təhqir edən Rusiya media və ekspertləri, digər tərəfdən isə Prezident İlham Əliyevlə səmimi söhbət edən, iki ölkə münasibətlərində buzları əritməyə çalışan Prezident Vladimir Putin var.

Moskvanın Bakıya qarşı mövqeyindəki qeyri-müəyyənliyin, mənə görə, əsas səbəbi Kremlin qəbul edə bilmədiyi bəzi reallıqlarla bağlıdır. Sadə formada desəm, Azərbaycan müstəqil xarici siyasət yürüdür, geosiyasi reallıqları nəzərə alıb balansı qoruyur, regional güc statusuna yetişib. Bakının geosiyasi mövqeyindən maksimum istifadə edərək böyük layihələrdə həlledici aktora çevrilməsi və bunun verdiyi inamla daha cəsarətli addımlar atması Kremlin ürəyincə deyil.

Məsələn, Azərbaycan Rusiya ilə münasibətləri radikal şəkildə pozmasa da, onu narazı salan məqamlar olduqda buna səssiz qalmır, etiraz edir, hətta Rusiyadan konkret gözləntilərinin olduğunu deyir.

Başqa bir məsələ isə Azərbaycanın Rusiyanın içində olduğu münaqişələrdə fərqli mövqedən çıxış etməsidir. Misal üçün, Azərbaycan Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni dəstəkləmir, bunu açıq şəkildə işğalçı müharibə olaraq adlandırır, Kiyevə humanitar yardım edir.

Bütün bunlar Rusiyanı narazı salsa da, Bakının Kremlə radikal şəkildə arxasını çevirməməsi, daha dəqiq desək, Rusiyaya qarşı Qərbin iqtisadi-siyasi sanksiyalarına qoşulmaması, əksinə, diplomatik və iqtisadi əlaqələrini inkişaf etdirməsi Kremlin özünü vaxtaşırı toparlamasına gətirirb çıxarır.

Təbii ki, bir də Ermənistan gerçəyi var. Rəsmi İrəvan faktiki olaraq Bakı ilə uğurlu sülh danışıqları aparır, Ankara ilə münasibətləri normallaşdırmağa çalışır. Cənubi Qafqazda silahların susması İrəvanın da Kreml ilə münasibətlərinə yenidən baxmasına səbəb olub. Daha dəqiq desək, Ermənistan və Paşinyan administrasiyası Qərbə inteqrasiya edir, KTMT və Avrasiya İqtisadi İttifaqı kimi Kreml ruporu təşkilatlardan faktiki çıxmasa da, heç bir öhdəliyi yerinə yetirmir.

Son günlər isə 102-ci hərbi baza ətrafında cərəyan edən siyasi proseslərin intensivləşməsi Kremli bərk narahat edir.

Təsadüfi deyil ki, Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın gələcəkdə Moskvaya səfər etməsi barədə razılıq əldə olunduğunu bildirib.

Göründüyü kimi, Kreml bir yanda Cənubi Qafqazdakı əsas təsir gücü olan Ermənistanı itirmək təhlükəsi ilə üz-üzədir. Gürcüstan isə ümumiyyətlə, Kremlə nə isti yanaşır, nə də soyuq. Belə bir zamanda Bakını da qarşısına almaq Moskvanın Cənubi Qafqazdan birdəfəlik əlini çəkməsi deməkdir.

Ona görə də Putin İrəvana təzyiqi artırdığı bir zamanda Bakı ilə buzları əridir. Putin–Əliyev telefon danışığı məhz bu baxımdan diqqət çəkir.

 

Turan Rzayev

Tacxeber.com

Oxşar xəbərlər

AFD və Putin iqtidarı yeni Molotov (Lavrov)-Ribentrop (?) paktı arzulayır

redaktor

ABŞ–Çin qarşıdurmasının görünməyən cəbhəsi: enerji

redaktor

Ukraynanın qələbəsi onun 2 il təslim olmamasından keçir

redaktor