Rusiyanın Ukraynaya geniş miqyaslı müharibəyə başladığı 24 fevral 2022-ci ildən ötən müddət ərzində törətdiyi vəhşiliklər bəşəriyyətin tərəqipərvər kəsmini bu vəhşiliklərinin nədən qaynaqlandığı, çox yaxın keçmişə qədər “qardaş” adlandırdıqları bir xalqa qarşı qəddarlığın səbəbi haqqında düşünməyə vadar etdi. Bəşəriyyət İkinci Dünya Müharibəsindən sonra belə vəhşiliklər görmədiyi üçün nəyin baş verdiyini anlamaqda çətinlik çəkirdi.
Rusiya ordusunun Ukraynada törətdiyi insanlıq əleyhinə cinayətlərinin nədən qaynağına ilk dəfə Yel Universitetinin professoru, Qərbdə Şərqi Avropa, Ukrayna, Belarus, Litva, Polşa və Rusiyanın müasir tarixi üzrə ən nüfuzlu tarixçi hesab olunan Timoti Şnayder (Timothy David Snyder) müəyyən etdi.
Professor Timoti Şnayder “The New York Times” qəzetinin 19 may 2022-ci il tarixli sayında dərc olunan “We Should Say It. Russia Is Fascist” (Bunu deməliyik. Rusiya faşist dövələtidir) başlıqlı məqaləsində Rusiyanın faşist dövləti olduğunu, Ukraynada törədilən vəhşiliklərin buradan qaynaqlandığını təsbit etdi.
Professor Timoti Şnayderin elmi ictimaiyyətə “Millətçilik, Marksizm və Müasir Mərkəzi Avropa: Kazimierz Kelles-Krauzun tərcümeyi-halı” ( Nationalism, Marxism, and Modern Central Europe: A Biography of Kazimierz Kelles-Krauz), “Millətlərin yenidən qurulması: Polşa, Ukrayna, Litva və Belarus, 1569–1999” (The Reconstruction of Nations: Poland, Ukraine, Lithuania, Belarus, 1569–1999), “Gizli müharibənin eskizləri: Sovet Ukraynasını azad etmək üçün Polşa rəssamının missiyası” (Sketches from a Secret War: A Polish Artist’s Mission to Liberate Soviet Ukraine), “Qırmızı Şahzadə: Habsburq hersoqunun gizli həyatı” (The Red Prince: The Secret Lives of a Habsburg Archduke), “Qanlı diyar: Avropa Hitler və Stalin arasında” (Bloodlands: Europe Between Hitler and Stalin) və “Qara torpaq: Holokost tarix və xəbərdarlıq kimi” (Black Earth: The Holocaust as History and Warning) əsərlərin müəllifi kimi tanınır. Bu kitablar professor Timoti Şnayderin Ukrayna, Belarus, Litva, Polşa və Rusiyanın müasir tarixi üzrə ən nüfuzlu tarixçisi olduğunu təsdiqləyən sanballı elmi əsərlərdir.
Professor Timoti Şnayderə dünya şöhrəti gətirən kitabı isə heç şübhəsiz 2010-cu ildə nəşr olunan “Qanlı diyar: Avropa Hitler və Stalin arasında” əsəridir. Bu kitabın 17 arxiv, 730 mənbə əsasında yazılması onun nə qədər böyük zəhmət tələb etdiyini göstərməklə yanaşı, fundamental elmi əsər olduğunu təsdiqləyir. Bu əsəri İkinci Dünya Müharibəsi haqqında əksər monoqrafiyalardan fərqləndirən önəmli xüsusiyyətlərdən biri də professor Timoti Şnayderin Şərqi Avropadakı müəyyən ərazilərin taleyinə xronoloji zaman xətti ilə deyil, metodoloji vurğu etməsidir. Professor Timoti Şnayder həmin əraziləri ən çox mülki itkiyə məruz qalan Avropa bölgəsi kimi araşdırır.
“Qanlı diyar: Avropa Hitler və Stalin arasında” əsərində professor Timoti Şnayder diqqəti 14 milyon insanın öldürülməsinə statistika kimi deyil, öldürülən hər bir insanın bir insan faciəsi nöqteyi-nəzərindən yanaşır. Professor Timoti Snayderin bəhs etdiyi 14 milyon insan soyqırımılarının, qətliamların qurbanı əksəriyyəri sadə kəndlilər olan mülki insanlardır. Faşizmin və komminizmin qurbanı olan bu insanlar əsasən etnik mənşəyinə görə öldürülüblər. Holokost qurbanı olan 6 milyon yəhudinin günahı yəhudi olmaqdır. Ukrayna Sovet Sosialist Respublikaısnda yaradılan süni aclıq, Qolodomor-un qurbanı olan 3.3 milyon Ukraynalı, Qazaxıstanda Qolodomur-un qurbanı olan 1 milyon qazax, 1939-1941-ci illər arasında Polşanın işğalından sonra almanlar və sovetlər tərəfindən qətlə yetirilən 200 min Polşalı, işğal olunmuş sovet ərazilərində almanlar tərəfindən süni şəkildə yaradılan aclıqdan ölən 4.2 milyon mülki şəxs, 3.1 milyon sovet hərbi əsiri və 1 milyon Leninqrad sakini, Sovet İttifaqında Böyük Terrorunun və etnik təmizləmənin qurbanları əsasən etnik mənsubiyyətinə görə öldürülüblər.
“Qanlı diyar: Avropa Hitler və Stalin arasında” əsəri Ukrayna dili də daxil olmaqla otuz dilə tərcümə olunaraq nəşr olunub.
Təəssüf ki, bu kitabla Rusiyanın soyqırımına məruz qoyduğu xalqların çox az hissəsi tanışdır. Halbuki, Professor Timoti Şnayderin “Qanlı diyar: Avropa Hitler və Stalin arasında” əsəri və “Bunu deməliyik. Rusiya faşist dövələtidir” məqaləsi Rusiyanın soyqırımı və qətliamına məruz qalmış xalqların hər birinin dilinə tərcümə olunaraq nəşr edilməlidir.
Raşizmin qısa tarixi və Rusiyanın dekolonizasiyası kitabının yazılmaqda məqsədim raşizmin köklərinə, Rusiya imperiyasının törətdiyi soyqırımı və qətliamlar diqqət çəkməkdir. Raşizmin ən çox qorxduğu məsələ onun ifşasıdır. Başqalarına faşist damğası vuraraq özünün qanlı siyasətini həyata keçirən raşizm ifşa olunacağı halda ən böyük dayağından, ideoloji əsaslardan məhrum olacaqdır. Raşizmin qısa tarixi və Rusiyanın dekolonizasiyası kitabının bu prosesə önəmli töhfə verəcək.
